Cəmiyyət

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:38
Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə mediasının bir hissəsi Azərbaycanda məktəbli geyimi ətrafında yaranmış mübahisəni beynəlxalq miqyaslı ideoloji qarşıdurmaya çevirməyə girişib. Qanunvericiliyin mahiyyətini araşdırmaq, məsələyə hüquqi müstəvidə aydınlıq gətirmək əvəzinə, müsəlmanların təqib olunması barədə ittihamlar, tarixi faktların təhrif edilməsi və müxtəlif konspiroloji mülahizələr gündəmə daşındı. Bakının qərarlarını tənqid etmək hüququnu heç kim şübhə altına almır. Fəqət ki, tənqid Azərbaycanın başqa bir ölkənin dini-siyasi modelinə uyğun davranması tələbinə çevrilirsə, artıq söhbət təkcə məktəbli qızların hüquqlarından deyil, dövlət suverenliyinin sərhədlərindən də gedir.

Ortada çox sadə bir sual var: Türkiyə dinlə dövlət arasındakı münasibətləri müstəqil şəkildə tənzimləmək hüququna malikdirsə, nə üçün bəzi türkiyəli yazarlar eyni hüququ Azərbaycana çox görürlər?

Azərbaycan Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı vahid məktəbli geyiminə və onun təhsilin dünyəvi xarakterinə uyğunluğuna dair tələbləri dəqiqləşdirir. Oktyabrın 6-da qəbul edilmiş 325 nömrəli qərar isə dövlət məktəblərində çalışan pedaqoqların geyim qaydalarını tənzimləyir. Bu sənədlərin heç birində hicabın ümumi şəkildə qadağan edilməsi nəzərdə tutulmur.

Bununla belə, normativ sənədlərdə "hicab" sözünün işlədilməməsi həmin qaydaların tətbiqi zamanı müəyyən məhdudiyyətlərin yaranmayacağı anlamına gəlmir. Odur ki, hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar hərtərəfli və obyektiv araşdırılmalıdır. Uşağın təhsil hüququnu inzibati özbaşınalığın qurbanına çevirmək yolverilməzdir. Ancaq hər mübahisəli hadisəni dövlətin islama qarşı müharibə apardığının sübutu kimi qələmə vermək də eyni dərəcədə qəbuledilməzdir.

Oktyabrın 12-də "Yeni Şafak" qəzeti baş örtüyü taxan məktəbli qızlarla bağlı silsilə emosional materiallar dərc etdi. Şagirdlərin məktəbə buraxılmaması, onlardan hicablarını çıxarmağın tələb edilməsi, bir məktəbli qızın sinif yoldaşları ilə vidalaşması kimi hadisələr geniş işıqlandırıldı. Şübhəsiz, bu faktların hər biri obyektiv araşdırılmağa layiqdir. Lakin ayrı-ayrı dramatik epizodların dönə-dönə tirajlanması nə normativ hüquqi aktların öyrənilməsini, nə də hadisələrin real şəraitinin araşdırılmasını əvəz edə bilər.

Oktyabrın 13-də isə "Yeni Şafak"ın köşə yazarı İsmail Kılıçarslan daha da irəli getdi. O, məktəblərdə tətbiq olunan məhdudiyyətləri Bakının guya İranın təsirini zəiflətmək və İsraillə münasibətlərini yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirdi.

Hansı qərar, sənəd və ya rəsmi açıqlama belə bir səbəb-nəticə əlaqəsinin mövcudluğunu təsdiqləyir? Azərbaycanla İsrail arasında əməkdaşlığın tarixi onilliklərlə ölçülür. Bu münasibətlər ölkə daxilində qəbul edilən ayrı-ayrı qərarların İsrailin diktəsi ilə verildiyini sübuta yetirmir.

Burada geosiyasi təhlildən yox, faktların əvvəlcədən müəyyənləşdirilmiş ideoloji qəlibə salınmasından söhbət gedir.

"Milli Gazete" isə öz növbəsində müsəlmanların sıxışdırılması və təqib olunması barədə ittiham dolu ritorikaya üstünlük verdi. Halbuki sistemli dini təqibdən danışmaq üçün ayrı-ayrı münaqişələrə dair məlumatlar kifayət etmir. Bunun üçün belə bir siyasətin dövlət səviyyəsində həyata keçirildiyini təsdiqləyən ciddi və tutarlı dəlillər ortaya qoyulmalıdır.

Fərziyyələr ittiham hökmü kimi təqdim olunmağa başlayanda jurnalistika öz yerini ideoloji təbliğata verir.

Mövzu ətrafında istifadə olunan başqa bir üsul Azərbaycandakı hadisələri Türkiyənin 28 fevral 1997-ci il böhranı ilə eyniləşdirmək cəhdidir.

Bu cür paralellərə "Takvim", "Baran Dergisi" nəşrlərində, eləcə də HÜDA PAR nümayəndələrinin açıqlamalarında rast gəlinir.

Amma 1997-ci ildə Türkiyədə baş verən hadisələr hərbçilərin ölkənin siyasi sisteminə müdaxiləsi, Nəcməddin Ərbakanın qanuni hökumətinə təzyiqlər və dini-mühafizəkar çevrələrin fəaliyyətinə qarşı genişmiqyaslı məhdudiyyətlərlə müşayiət olunmuşdu.

Azərbaycanda yaranmış mübahisə isə dövlət məktəblərində geyim qaydaları və həmin qaydaların praktikada necə tətbiq edilməsi ilə bağlıdır. Hətta ayrı-ayrı məktəb rəhbərlərinin qərarları şagirdlərin hüquqlarını pozursa belə, bu, mövcud vəziyyəti avtomatik olaraq Türkiyənin 1997-ci ildə yaşadığı siyasi böhranın təkrarına çevirmir.

Tarixi müqayisə yalnız hadisələrin səbəbləri, mexanizmləri və nəticələri arasında həqiqi oxşarlıq olduqda məna kəsb edir. Əks halda, tarixə istinad obyektiv təhlil vasitəsi olmaqdan çıxaraq psixoloji təzyiq alətinə çevrilir.

Oktyabrın 12-də "Saadet Partisi"nin sədri Mahmut Arıkan Prezident İlham Əliyevə açıq məktub ünvanladı. Məktubda iki xalqın qardaşlığına, Qarabağ Zəfərinə və şəhidlərin xatirəsinə müraciət edilirdi.

Bu müraciət "Karar", "Independent Türkçe", "Milli Gazete" və digər nəşrlərdə geniş yayıldı.

Ancaq şəhidlərin əziz xatirəsini partiyalararası siyasi polemikanın alətinə çevirmək olmaz. Azərbaycan hərbçiləri bütün respublikanın suverenliyini qorumaq uğrunda döyüşüblər. Onlar xarici siyasi təşkilatların Azərbaycanın təhsil siyasətini müəyyənləşdirməsi naminə canlarından keçməyiblər.

Türkiyə Konstitusiyasının 2-ci maddəsi respublikanı dünyəvi dövlət kimi müəyyənləşdirir. Konstitusiyanın 24-cü maddəsi vicdan və din azadlığına təminat verməklə yanaşı, siyasi nüfuz qazanmaq məqsədilə dindən istifadəni, eləcə də dövlət quruluşunun dini ehkamların təsiri altına salınmasını qadağan edir.

Üstəlik, 2014-cü ildə baş örtüyü ilə bağlı qaydalar liberallaşdırıldıqdan sonra da Türkiyə qanunvericiliyində məktəbəqədər təhsil müəssisələri və ibtidai məktəblərdə baş örtüyünə dair xüsusi tələblər saxlanılıb.

Deməli, Türkiyə özü də şagirdlərin xarici görünüşünün təhsil pilləsindən asılı olaraq dövlət tərəfindən tənzimlənməsinin mümkünlüyünü qəbul edir.

Elə isə nə üçün söhbət Azərbaycandan gedəndə dövlətin eyni tənzimləmə hüququ birmənalı şəkildə inkar olunmalıdır?

Bu məsələdə beynəlxalq məhkəmə təcrübəsi də mövcuddur.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası 10 noyabr 2005-ci ildə "Leyla Şahin Türkiyəyə qarşı" işi üzrə qərarında universitetdə baş örtüyünün taxılmasına tətbiq edilən məhdudiyyətlərin din azadlığının pozulması anlamına gəlmədiyi qənaətinə gəlib.

Əlbəttə, bu qərar istənilən qadağanın özbaşına tətbiqinə haqq qazandırmır. Hər bir məhdudiyyət qanuni, zəruri və mütənasib olmalıdır. Bununla belə, həmin məhkəmə qərarı təhsil müəssisələrində dini simvolların dövlət tərəfindən tənzimlənməsinin bütün hallarda dindarların təqibi demək olduğu barədə iddiaları təkzib edir.

Məsələnin kökündə dayanan prinsipial ziddiyyət də məhz burada üzə çıxır.

Dünyəvilik Ankarada legitim konstitusion prinsip, Bakıda isə islama nifrətin təzahürü kimi təqdim oluna bilməz.

Bu müzakirələrdə ən ciddi tarixi presedent Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdlə bağlıdır.

Ankara çevriliş cəhdinə görə məsuliyyəti Fətullah Gülənin rəhbərlik etdiyi strukturun üzərinə qoydu. Həmin şəbəkə ordu, polis, məhkəmə və təhsil sistemləri daxilində gizli təsir mexanizmləri formalaşdırmaqda ittiham olundu.

İttihamların mahiyyətində dövlət institutlarının daxilində öz siyasi göstərişləri əsasında fəaliyyət göstərə bilən paralel iyerarxik sistemin yaradılması dayanırdı.

Təbii ki, Türkiyənin yaşadığı bu təcrübə istənilən dini icmanı milli təhlükəsizliyə təhdid elan etməyə əsas vermir. Dinc dini fəaliyyət qanunla qorunur və qorunmalıdır.

Lakin Türkiyənin yaxın tarixi dini təşkilatların dövlət aparatının daxilində təsir imkanları qazanmağa çalışan, müstəqil siyasi idarəetmə mərkəzlərinə çevrilməsinin nə qədər təhlükəli nəticələr doğura biləcəyini göstərir.

Belə olan halda, nə üçün Türkiyə öz dövlət institutlarını paralel siyasi strukturlardan qorumağı zəruri sayır, amma Bakının dini-siyasi təsirin sərhədlərini müstəqil şəkildə müəyyənləşdirmək hüququ türkiyəli publisistlərin bir hissəsində qəzəb doğurur?

Azərbaycan üçün bu sual xüsusi əhəmiyyət daşıyır.

Ölkəmiz dinlə hakimiyyət arasındakı münasibətlərə prinsipial baxımdan fərqli yanaşan iki dövlətin, Türkiyə ilə İranın arasında yerləşir. Azərbaycan bu modellərdən heç birini təkrarlamaq məcburiyyətində deyil.

Ölkəmizin dünyəvi dövlət modeli şiələrin, sünnilərin, xristianların, yəhudilərin və digər konfessiyaların nümayəndələrinin tarixən birgə yaşadığı cəmiyyətdə vahid vətəndaş kimliyinin formalaşmasına və qorunmasına xidmət edir.

Dini azadlıq insanın vicdanının müstəqilliyini nəzərdə tutur. Bu azadlıq siyasi səlahiyyətlərin dini təşkilatlara ötürülməsi anlamına gəlmir.

Azərbaycan Konstitusiyasının 7-ci maddəsi dövlətimizin dünyəvi xarakterini təsbit edir. 18-ci maddə dinin dövlətdən ayrı olduğunu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını müəyyənləşdirir.

Eyni zamanda, Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığına, 42-ci maddəsi isə təhsil hüququna təminat verir.

Bu konstitusion müddəalar bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə tətbiq edilməlidir.

Məktəb rəhbərliyinin uşaqların təhsil almasına özbaşına maneələr yaratmağa ixtiyarı yoxdur. Eyni zamanda, dini təşkilatlar da dövlət institutlarının səlahiyyətlərini mənimsəyə, zorakılıq və ya məcburetmə yolu ilə mövcud qaydaları dəyişdirməyə çalışa bilməzlər.

Hər bir hüquq pozuntusuna hüquqi müstəvidə qiymət verilməlidir. Konstitusiya prinsipləri nə inzibati özbaşınalıq, nə də küçə təzyiqi ilə aradan qaldırıla bilər.

Xarici ölkələrin publisistləri Azərbaycanda insan hüquqlarının ehtimal olunan pozuntularına diqqət çəkməkdə sərbəstdirlər. Lakin bu cür tənqid onlara Azərbaycanın daxili siyasətini müəyyənləşdirmək səlahiyyəti vermir.

2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətlərini suverenlik, ərazi bütövlüyü və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində möhkəmləndirib.

"Bir millət, iki dövlət" düsturunun mahiyyəti də elə bundadır. Söhbət məhz iki müstəqil dövlətdən gedir, hamı üçün məcburi olan vahid ideoloji modeldən yox.

Bu baxımdan, dini zəmində yaranan fikir ayrılıqlarını Bakıya təzyiq vasitəsinə çevirmək cəhdləri qardaşlıq münasibətlərini möhkəmləndirmir. Əksinə, belə yanaşma iki müttəfiq arasında siyasi etimada obyektiv təhlükə yaradır.

Üstəlik, təhlükənin mahiyyəti heç də mütləq şəkildə vahid mərkəzdən idarə olunan informasiya kampaniyasının mövcudluğunda deyil. Siyasi partiyaların, ideoloji fəalların və media qurumlarının maraqlarının üst-üstə düşməsi özlüyündə cəmiyyətdə güclü qütbləşmə dalğası yarada bilər.

Bu prosesdə bir tərəf seçicilərini səfərbər etmək imkanı qazanır, digər tərəf auditoriyasını genişləndirir, üçüncü tərəf isə öz siyasi baxışlarını Türkiyənin sərhədlərindən kənarda yaymaq üçün əlverişli meydan əldə edir.

Nəticədə Azərbaycana dini azadlıqla dünyəvi dövlətçilik arasında süni seçim etməyi təklif edirlər.

Halbuki belə bir seçim qarşısında deyilik.

Azərbaycan həm dindarların hüquqlarını, həm də öz konstitusion quruluşunu qorumağa borcludur. Bu iki vəzifə bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır.

Bu gün Bakını dinə qarşı təqib siyasəti yürütməkdə ittiham edən türkiyəli müəlliflər əvvəlcə Azərbaycan qanunvericiliyini diqqətlə öyrənsələr, öz ölkələrinin Konstitusiyasını bir daha vərəqləsələr, 28 fevral və 15 iyul hadisələrinin tarixi dərslərini xatırlasalar, daha doğru mövqe tutmuş olarlar.

Azərbaycan Türkiyəyə strateji müttəfiq kimi hörmətlə yanaşır. Lakin müttəfiqlik ideoloji tabeçilik demək deyil.

Qardaşlıq heç kimə siyasi qəyyumluq etmək hüququ vermir. Dünyəvilik islamla düşmənçilik deyil. Azərbaycanın suverenliyi isə məktəbin astanasında bitmir.

Dövlətimiz öz Konstitusiyasına əməl etmək üçün xaricdəki dini-siyasi dairələrdən icazə almağa borclu deyil. 

Elçin Alıoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.