Mədəniyyət

İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat-konserti keçirilib - FOTO

24 Dekabr 2025 14:40
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında AMK-nın müəllimi, Beynəlxalq Müsabiqələr qalibi, Gənclər mükafatçısı, tarzən İbrahim Babayevin müəllifi və solisti olduğu "MughaMix" adlı təqdimat-konserti keçirilib. 

Layihə tar alətinin ənənəvi səs imkanlarının müasir elektron səslərlə sintezinə əsaslanaraq milli musiqi irsinin yeni təqdimat imkanlarını nümayiş etdirib.

Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək layihənin milli musiqi ənənələrinin müasir dövrün bədii-estetik tələblərinə uyğun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Konsert proqramında fortepianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiətçi qismində çıxış ediblər.

Proqram müəllifin "MughaMix" kompozisiyası ilə açılıb. Ardınca Hacıbaba Həsənovun "Unuda bilmirəm" əsəri, Azərbaycan xalq rəqsi "Yaylıq", Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının mövzuları əsasında Lalə Cəfərovanın "Fantaziya"sı (solistin işləməsində) həmçinin İbrahim Babayevin "Portret" adlı əsəri səsləndirilib. Konsert çərçivəsində İbrahim Babayev və tələbələrinin təqdimatında tar və pedal üzərində canlı səhnə eksperimentləri də təqdim olunub.

Tədbirdə AMK-nın professor-müəllim və tələbə heyəti ilə yanaşı, rəsmilər, incəsənət xadimləri və sənətsevərlər iştirak ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.