Mədəniyyət

Xalq artisti Ağasəlim Abdullayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

10 Noyabr 2025 17:47
Baxış: 260
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, professor Ağasəlim Abdullayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tarzənin sənət dostları iştirak edib.

Yubilyarı təbrik edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə Ağasəlim Abdullayevin ustad tarzən kimi klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub yaşatdığını, bənzərsiz ifaları ilə muğamlarımıza yeni həyat verərək xalqımızın dərin məhəbbətini qazandığını qeyd edib. Bildirib ki, muğamlarımızı klassik, ən düzgün yol ilə ifa edən, tar ifaçılığının klassik üslub və ənənələrini qoruyub yaşadaraq gələcək nəslə ötürən sənətkarın özünəməxsus dəst-xətti, məktəbi var. Muğam sənətimizdə iz qoyan görkəmli sənətkarlarla çalışaraq həm ansambl rəhbəri kimi həm də trio şəklində dünyanın bir çox ölkələrində muğam sənətimizi layiqincə təbliğ edib. Vurğulayıb ki, Ağasəlim müəllimin solo ifaları dinləyicilər tərəfindən həmişə hərarətlə qarşılanır. Çünki ifa zamanı hissin-düşüncənin təsvirinə və muğamın dinləyicilər tərəfindən dərkinə çalışır. Simləri öz dəst-xəttinə tabe etdirməklə bərabər, incə çalğı texnikası ilə tar ifaçılığının qədim ənənələrini qoruyub saxlaya bilir.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, AMK nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Xalq artistləri Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Firuz Əliyev, Fəxrəddin Dadaşov, Möhlət Müslümov , Elçin Haşımov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Arif Əsədullayev, Əməkdar artistlər Mirnazim Əsədullayev, Valeh Rəhimov və digər qonaqlar diqqətə çatdırıblar ki, musiqi mədəniyyətimizi istər vətənimizdə, istərsə ölkəmizdən uzaqlarda təmsil edən, sevdirən sənətkarlar cərgəsində onun özünəməxsus yeri var, rəhbərlik etdiyi ansambl həmişə fəallığı ilə seçilib.

Tarzən 60 ilə yaxındır ki, fasiləsiz olaraq pedaqoji iş aparır, gənclərə musiqinin, tar ifaçılığının sirlərini öyrədir. Qayğıkeşliyi, diqqətcilliyi, mehribanlığı onu sənətinin zirvəsinə qaldırmışdır.

Daha sonra Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinin təbrik məktubunu və yubilyara hədiyyələr təqdim edib.

Ağasəlim Abdullayev sənətinə və şəxsiyyətinə göstərdiyi diqqətə görə BMM-nin rəhbərliyinə öz təşəkkürünü bildirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.