Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu" adlı elmi-praktik seminar keçirilib.
44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunan seminar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşıb.
Tədbirdə mədəniyyət işçiləri, gənc tədqiqatçılar, şəhid ailələrinin üzvləri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə Dövlət Rəsm Qalereyası tərəfindən Muğam Mərkəzinin foyesində Zəfərimizin 5-ci ildönümü münasibətilə təşkil edilən rəsm sərgisi ilə tanış olublar.
Sərgidə tanınmış sənətkarlar Arif Hüseynov, Mir Azər Abdullayev, Tahir Şıxəliyev, Nazim Məmmədov, eləcə də bir neçə gənc rəssamın qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş 21 əsəri yer alıb.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən fədailərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Əməkdar incəsənət xadimi Əlibala Rzayev) ifasında Dövlət Himnimiz səsləndirilib. Orkestr həmçinin Qara Qarayevin "Azərbaycan marşı"nı da ifa edib.
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov 8 Noyabr - Zəfər bayramı münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Bildirib ki, tədbirin Zəfər Günü ərəfəsində keçirilməsi təsadüfi deyil. Çünki vətənpərvəlik incəsənətin əzəli mövzularındandır. Tarixi Qələbəmiz bu gün yaradıcı insanların ilham mənbəyinə çevrilib və incəsənətin müxtəlif sahələrində bu mövzuda diqqətəlayiq əsərlər yaradılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı Zəfərin xalqımıza əbədi qürur bəxş etdiyini diqqətə çatdırıb. Deyib ki, xalqın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi, Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.
Daha sonra seminar MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın "Musiqidə vətənpərvərlik", Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun "Vətən sevgisi sözün qüdrəti ilə", Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin "Azərbaycan kino səltənətinin qəhrəmanlıq salnaməsi", Əməkdar artist, professor Azad Şükürovun "Vətənpərvərlik ruhu teatr səhnəsində" və MEMİM-in əməkdaşı, qazi, teatrşünas Dağlar Yusifin "Sənət və cəbhə arasında" mövzularında məruzələri dinlənilib.
Seminar çərçivəsində rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının Xalq artisti Firəngiz Əlizadənin musiqi əsərləri əsasında hazırladığı "Zəfər yolu" filmi nümayiş etdirilib.
Məruzələr arasında Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat Elnarə Dadaşovanın "Döyüş cəngisi" (müəllifin müşayiəti ilə), Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xoru (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) Üzeyir Hacıbəylinin "Zəfər marşı", Firəngiz Əlizadənin "Zəfər himni" əsərlərini ifa edib.
Həmçinin "Ali Baş Komandan" (musiqi: Kamal, söz: Baba Vəziroğlu, ifa: Mirələm Mirələmov), "Mənim yolum" (qazi, bəstəkar Vüqar Məmmədzadə) videoklipləri nümayiş olunub. Xanəndə Mirpaşa Şükürov isə Kamal Şükürov (tar), Rüstəm Hacıyev (kamança) və Vüqar Nəcəfovun (nağara) müşayiəti ilə "Qarabağ şikəstəsi"ni səsləndirib.
Bütün məruzələr və təqdim olunan ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





