Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yerləşən böyük sənətkarın xatirə otağı müxtəlif günlərdə tanınmış incəsənət və ictimai xadimlərin ziyarəti ilə yadda qalıb.
Fərqli vaxtlarda Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədova, Əməkdar artist Sevinc Sarıyeva, müğənnilər İlhamə Qasımova, Eldar Qasımov, musiqiçi Nərgiz Əliyeva və rejissor Hafiz Quliyev xatirə otağını ziyarət edərək Rəşid Behbudovun zəngin irsi ilə tanış olublar.
Xüsusi olaraq, Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov da xatirə otağını ziyarət edərək sənətkarın Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz rolundan danışıb.
Azərbaycan Respublikasının Xalq artisti Cavan Zeynallı isə həm xatirə otağına baş çəkib, həm də Mahnı Teatrının kollektivi ilə görüşərək ustad sənətkarla bağlı xatirələrini bölüşüb. O, teatrla uzun illərə söykənən yaradıcılıq əməkdaşlığından söz açıb və sonda öz ifasını kollektivə ərməğan edib.
Mahnı Teatrının direktoru Ülviyyə Bəbirlid qonaqlara təşəkkürünü bildirib və bu görüşlərin Azərbaycan musiqi mədəniyyətində Rəşid Behbudov irsinin yaşadılması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Eyni zamanda qeyd olunub ki, Rəşid Behbudovun şəxsi əşyalarının qorunduğu xatirə otağı hər kəsin ziyarətinə açıqdır və burada müxtəlif yaradıcı layihələrin, görüşlərin və ustad dərslərinin təşkili üçün də imkanlar mövcuddur.
Milli.Az