Mədəniyyət

“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10 Aprel 2025 19:27
Baxış: 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

YUNUS  OĞUZ

DAVAMI...

l hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/587277

ll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588140

lll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588687

IV hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/589406

V hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/590709

Avarların Qara dəniz sahillərinə gəlməsi də maraqlı bir dövrü əhatə edir. Eramızın VI əsrində başda İstemi xan olmaqla göytürklər Qərbə yürüş edirlər. Göytürklərdən qaçan avarların vəziyyəti ilk baxışdan çox pis görünür. Çünki arxadan güclü bir ordu gəlirdi. Odur ki, onların əsas məqsədi göytürklərdən daha uzaq məsafədə olmaq idi. Bu zaman Orta Asiyada eftalitlər fəallaşmağa başladılar və İstemi xanın  fikrini avarlardan yayındırdılar.

Göytürklərdən yayınan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alan başçısı Sarosdan Bizansla dostluq əlaqələrinin qurulmasını xahiş etdilər. Alan başçısı Saros avarların Bizansla əlaqə qurmasına kömək etdi və avar səfirini Konstantinopola göndərdi. Amma Bizans paytaxtında Yustinianın avarlara  münasibəti birmənalı olmasa  da  və   onlara inamsız yanaşsa da, cavab olaraq imperator onların məskunlaşdığı bölgəyə müxtəlif hədiyyələrlə birlikdə səfir göndərir və təklif edir ki, avarlar, imperiyanın əzəli düşmən olan sasanilərin üzərinə hücum etsinlər. İmperiyanın düşmənləri üzərinə yerimək əvəzinə avarlar müttəfiqlərinin üzərinə hücuma keçirlər..

VI əsrin ortalarında avarların birinci qurbanı sabirlər oldu, hansı ki, sabirlər onların yeni bir xalq kimi qəbul edərək "var" adlandırırdılar. Bu anlaşılmazlıq avarların tam qələbəsini təmin etdi. Daha sonra avarlar Bizansın müttəfiqlərini bir bir sıradan çıxarmağa başladı. Qafqazda əgər avarların müttəfiqləri alanlar idisə, Qara dəniz sahilində kuturqurlar onları daim dəstəkləyirdi.

Sabirlər tərəfindən avarların "var" adlandırılmasını L.N.Qumilyov "böyük olmayan linqvistik səhv" adlandırır. Lakin bu fikirlə razılaşmamaq da olar. Belə ki, göytürklər də avarları "varxunit" adlandırır. Məsələn, L.N.Qumilyov Bizans tarixçisi Menandra istinadən yazır:

"Türksanf səkkiz əylətdən birinin knyzı idi və o, Bizans səfiri Valentini qəbul edərək deyir: "Sizin şah zamanı ələndə cəzalanacaq ona görə ki mənimlə dostluq söhbətləri etdiyiniz halda, qullarım olan varxuintlərlə... (avarları nəzərdə tuturdu - L.N.Qumilyov) müqavilə bağlayırsınız. Amma varxunitlər (türküt - LN.Qumilyov - göytürk - Y.O.) türkün təbəəsi kimi, mən istədiyim zaman yanıma gələcəklər..." 

Bu zamandan başlayaraq avarlar artıq Mərkəzi Avropaya sahiblik edirlər. Avarlar o qədər güclənmişdilər ki, Bizans imperiyasından və Avropanın digər ölkələrindən bac alırdılar. Hətta birinci avar xanı Bayan 10 min kuturquru Bizansın üzərinə göndərmişdi.

Biz bilərəkdən VI əsrdə avarların fəaliyyəti haqqında bir qədər geniş yazdıq, hərçənd "var" və "varxunit" etnosları, onların müqayisəli analizi ilə də kifayətlənə bilərdik. Lakin bizi məsələnin başqa tərəfi daha çox maraqlandırır. Nəzərə alaq ki, L.N.Qumilyovun qeyd etdiyi "var/varxuintlər", yaxud avarlar VI əsrdə Avropada kifayət qədər möhkəmlənmişdilər. İstemi xanın əlindən qurtulan avarlar, əvvəlcə Şimali Qafqaza, sonra Don sahillərinə, daha sonra isə Qara dənizin şimal hissələrinə və Mərkəzi Avropaya qədər gedib çıxmışdılar.

Beləcə məntiqi bir sual meydana gəlir; Strabonun Avropanın qərbində yerləşdirdiyi var-avarlar nə zaman buraya gəlib çıxıb? Burada var-avarlar nəinki yaşamış, hətta Varon adlı şəhər də salıblarmış. VI əsrdə göytürklərin əlindən qurtulan, Şərqdən Qərbə böyük axın edən avarlar imperiya qurmamışdan 600 il öncə, sən demə var-avarlar Avropada yaşayırlarmış. Haradan gəlibmiş bura var-avarlar? Bəlkə onlar aborigendilər? Yaxşı dalan olsa da çıxış yolunu tapmaq çox çətindir. Amma mümkündür. Türklərin Şərqdən Qərbə axınından öncə, tarixin müəyyən qırılmış anında Qərbdən Şərqə böyük türk axınları olmuşdur.

Eramızdan çox-çox əvvəllər Avropada yaşamış var -avarların bir hissəsi hansısa səbəbdən (bu səbəblər müxtəlif ola bilər; müharibə və quraqlıq təbii fəlakət - sel, daşqın, zəlzələ və sair) Şərqə köç etmiş və sonradan bu kontekstdə olduğu kimi, göytürklərin təzyiqi nəticəsində məğlub olaraq yenidən Qərbə köç edib, bu dəfə böyük imperiya qura bilmişlər.

Bunun səbəbini L.N.Qumilyov belə göstərir:

"Bizi etnosun tarixi, etnogenezi - etnosların yaranması və yox olması maraqlandırmalıdır. Belə ki, birincisi bizə qədər etnosların  yaranma və yox olma prosesi açılmamışdır, ikincisi isə bu prosesi açıb göstərmək üçün bizə o material lazımdır ki, arxiv məlumatları ondan imtina edir. Belə olduqda problemin həllinə yaxınlaşa bilərik. Beləsi isə tarixi hadisələr, onların əlaqələri və ardıcıllığıdır" .

Bu tarixi hadisələri, onların əlaqə və ardıcıllığını L.N.Qumilyov "Qədim türklər" kitabında gözəl verir,ancaq bir xətt üzrə - Şərqdən Qərbə axın üzrə. Əks proses yoxdur. O yazır:

"...Beləliklə, türkütlər (göytürklər-Y.O.) ilyarım ərzində bütün Mərkəzi Qazaxıstanı, Yeddisuarasını və Xarəzmi özlərinə tabe etdilər. Sonra da çox çətinliklər başladı. Aral dənizinin şimalında göytürklər, xuni, var və oqor tayfalarının müqaviməti ilə üzləşdilər. Yalnız 558-ci ildə bu tayfalar darmadağın edildi və türkütlər (göytürklər - Y.O.) Volqaya çıxıb, onlara tabe olmayanları bu yerlərdən qovub uzaqlaşdırırdılar. Bu var və xuni tayfalarının 20 min adamı qalmışdır ki, sonradan bu iki tayfa birləşərək avar adını aldı". Göründüyü kimi L.N.Qumilyov tarixi prosesləri, etnosların yaranmasını ardıcıllıqla versə də, bu birtərəfli olub. Ola bilməzdi ki, hörmətli professor Q.Stratanovski tərəfindən 1964-cü ildə tərcümə edilmiş "Coğrafiya" kitabı ilə tanış olmasın. Bu kitabda göstərilən türk toponimləri, hidronimləri və etnonimləri nəzərdən keçirilməsin. Sual açıqdır.

Strabondan   iqtibas çəkdiyimiz sətirdə o "bermet"lərin də adını çəkir. M.Kaşğaridə "ber"dən yaranmış sözlər aşağıdakı mənaları verir:

"Ber = vermək, gəlmək 

Beriqsə = vermək, istəmək 

Beril = verilmək 

Bergə = qamçı, qırmanc (bərkə)

Berklək = qorutdurmaq 

Bert = ağanın kölədən aldığı vergi.

"Qədim türk sözlüyü"ndə "ber" sözü demək olar ki, eyni mənaları verir.

Ber = vermək, təqdim etmək, bağışlamaq.

Ber = ərə vermək (qızımin qalinsiz bertdim - qızımı ərə verəndə qan bahasını almadım).

Ber = ödəmək

Beri = bura

Berkit = möhkəmləndirmək, tutmaq

Bert = ağanın kölədən aldığı vergi

Bertü = gödəkcə

Berü = bura".

Eləcə də Strabonun qeyd etdiyi "bardul"lar da az maraq kəsb etmir. Bu sözün açmasını iki mənada vermək olar. Belə ki, "bardul" sözünü bar+dul, həm də bard+ul kimi oxumaq olar. "Bard" sözündə "a" hərfinin "o" hərfinə fonetik dəyişməsi nəticəsində "börd" kimi də oxuna bilər.

Bəllidir ki, saitlər sistemində tarixi dialektologiya baxımından gözə çarpan xüsusiyyətlərdən biri o - a səs uyğunluğu ilə bağlıdır. Müasir türk dillərində bir sıra sözlərə (avlax, çavqun, qavurma) yazılı mənbələrimizdə o - a formasında təsadüf edilir. Məsələn, "ov" sözü "Dədə Qorqud"da "av" kimi oxunur; "av ovlayıb", "ava çıxdı", "qara qavurma" (100) və s. yaxud, "Gözü can avutmağa xumar imiş" (Q.Burhanəddin), "Avlıxda bu gün avlar ikən yarə yoluxdum" (Xətai), "Əyninə geyib qırmızı, yalav-yalav yanır üzü" (Qurbani), "Avçısı olmuşam sən tək maralın" (101). Göründüyü kimi "a/o" səs əvəzləməsi nəticəsində "bard" sözü "börd" kimi də oxuna bilər. Bord/borü/buri isə qədim türk dilində "qurd" mənasını verir. Əlavə edək ki, qurd totemi "Dədə Qorqud" eposunda önəmli yerlərdən birini tutur. Məsələn, "qara başım qurban olsun qurdum sana", "Azvay qurd əniyi erkəgində bir köküm var" və s. buna bənzər ifadələr əsatir vaxtlarda ulu babalarımızın qurdu soykök-totem saymalarına işarədir.

Daha sonra Strabon  Astur, Kallan, Saqobrid, Bilbilis şəhərlərinin adını çəkir.

Məlumdur ki, müasir Azərbaycan və digər türk dillərində bil-bilmək sözü çox geniş yayılıb. "Qədim türk sözlüyü"ndə "bil" sözü müxtəlif mənalar verir:

"1. Bil = bilmək

2.bil = öyrənmək, dərk etmək;

3. bil = məsuliyyət hiss etmək;

4.bil = bilmək, fikirləşmək;

5.bildür = xəbər vermək;

Bilgə = aqil, çox bilən;

Bilgə bilig = ağıllı, hər şeyi dərk edən" .

M.Kaşğaridə bu söz demək olar ki eyni mənanı verir:

"Bil = bilmək;

Bildüz = bildirmək, öyrətmək;

Bilməsin = bilirmiş kimi görünmək;

Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;

Biligsə = ağıllı olmağı istəmək".

Yaddan çıxarmayaq ki, qədim şumerlərdən bizə gəlib çatan dastanın baş qəhrəmanı da Bilqamısdır. F.Ağasıoğlu  "Azər oğlu" kitabında bu barədə yazır:

"Bilqamıs adında "Gilikli" anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı "hər şeyi bilən"el başçısı kimi öygüləmişlər. Akkadlar da bu dastanın ilk misrasını "Dünyagörmüş barədə" sözləri ilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən "Bilgə" titulu ilə də izah oluna bilər, məsələn, 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu xaqan "Bilgə" titulu almışdı, məşhur Tonyukuk da bu titulu daşımışdır".

Göründüyü kimi, təkcə Strabonun "Coğrafiya" kitabında nə qədər türkmənşəli hidronimlər, toponimlər, etnonimlər var. Onlardan bir neçəsini- Avropada göstərilən sözləri sizə təqdim edirik:

Toponimlər              Hidronimlər            Etnonimlər            Şəxs adları

Abu                                Akuti                      Akarnan             Aqis

Albiy                             Albiy                       Aliy                   Alet

Albu                              Albula                     Aksibiy              Arat

Alor                               Ana                          Albek                Bark

Alp                                Araq                         Aparn               Qarpaq

Apatur                           Asay                        Artabr                Palak

Arelat                            Atgis                        Arvak               Tarkon

Asta                              Atak                          Arver               Tarkvin

Burxani                        Bat                             Astur               Temen

Elatey                           Batiy                         Atamon            Timux

Et                                  Duriy                         Azan                 Tusnel

Etay                              İlissu                          Balar                Us

Evbey                           Kallant                       Bard            Tumelik

Girmin                          Qalat                          Bardul             

Xalkis                            Sal                            Dondar

Kalpa                            Taq                            Etrusk

Kamarin                        Tavr                          Gel

Kamik                            Tirren                       Karpatan

Karsul                            Var                          Kuri

Kumar                                                            Kimmer

Kor                                                                 Qaba

Kenay                                                             Parat

Kenoba                                                              Sabin

Menova                                                             Sakvan

Olbiy                                                                  Salas

Onoba                                                                Salar

Salas                                                                  Talar

Salqan                                                                Turdul

                                                                            Tusk

                                                                            Varaç

Biz hələ bu siyahını xeyli uzada bilərdik. Amma məqsəd bu deyil. Məqsəd odur ki, faktlar əsasında yazdığımız nəzəriyyəni bir daha sübut edək, yəni L.N.Qumilyovun "Şərqdən Qərbə axın" nəzəriyyəsi öz-özünə əhəmiyyətini itirmiş olur. Bu yaxınlarda işıq üzü görmüş "Şumer kilidi" kitabının müəllifi Rizvan Cəbiyev yazır:

"Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə - tarixdə ilkin geniş miqrasiyasının Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır. Şübhə etmirəm ki, bu ideyanı  siyasətçilər düşünmüş və "elm dəllalları"nın əli ilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qoparmaq və Orta Asiyanın qızmar günəşi altında "susuzluqdan" qurudub məhv etmək olmuşdur.  Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk "Böyük köçü" batıdan doğuya doğru idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisini e.ə. I minillikdə Altun-Təpədə tapılmasını başqa nə ilə izah etmək olar?"

Türk dövlətlərinin yaranmasına gəldikdə isə professor Fazil Qaraoğlunun bu barədə maraqlı fikirlər vari: "İndiyə qədər aparılan tarixi araşdırmalar üzərində ən çox durulan və işlənən yerlər Ön Asiyadır... Tarixin qədim dövrlərində qurulmuş  bir çox dövlətlər və mədəniyyətlər vardır...

Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixən qədim türk dövlətlərinin də buralarda qurulmuş olması təbiidir. Fəqət, Orta Asiyada aparılan araşdırmalar hələ o qədər də irəli getməyib. Çin və yunan mənbələrindən əldə edilən məlumatlar da m.ö. I və II minillərdən o yana aşa bilmir. Belə səbəblər ən qədim türk dövlətlərinin zaman ölçüsündəki sırasını və yerini hələlik Ön Asiyaya buraxmışdır. Bu etibarla tarixdə qurulmuş türk dövlətlərini sıralarkən isə Ön Asiya məmləkətlərindən başladıq".

ARDI  VAR

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.