Mədəniyyət

YARAT Azərbaycan rəssamlarının "YOXLANILIB, MİNA YOXDUR!" və Gürcüstan rəssamlarının "EKİNOKS" sərgilərini təqdim edir

6 Dekabr 2023 16:30
Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YARAT Müasir İncəsənət Məkanı, gürcü rəssamları Qia Edzqveradze, Tamara K. E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin bu yaxınlarda ərsəyə gətirilmiş və son illərin əsərlərindən ibarət "Ekinoks" adlı yeni qrup sərgisini təqdim edir.

"Ekinoks" (lat. "aequinoctium" - "bərabər gecələr") multidistiplinar sərgisi, insan identikliyinin dərk edilməsinin təməl prinsipini, XX əsrin sonlarından başlayaraq XXI əsrin əvvəllərinə qədər lokal və qlobal perspektivlərdə şüurun formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamını bir araya gətirir.

Sözügedən sərgi layihəsi, müəyyən fərdi və kollektivi (və ya əksinə, kollektivi və fərdi) bir-birinə bağlayan qarşılıqlı fəaliyyətin mürəkkəb diskursunu, eləcə də fərdi təcrübənin kollektiv təcrübəyə, habelə onun dəyişən zaman kəsiklərinə təsirini ortaya qoyur. Sərgi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub; burada fərd və kollektiv arasında qarşılıqlı fəaliyyət kontinuumda (zaman-məkan prosesində) nəzərdən keçirilir.

Sərgidə təqdim olunan araşdırma, tanınmış gürcü mütəfəkkiri Merab Mamardaşvilinin Tbilisi Dövlət Universitetinin incəsənət və humanitar elmlər fakültəsinin tələbələrinə (1984-1985) oxuduğu bir sıra mühazirələri üzərində qurulub. "Yolun psixoloji topologiyası" (1997) adlı silsilə mühazirələrdə, Merab Mamardaşvili, zaman və həyatı, Marsel Prustun "İtirilmiş zamanın axtarışında" romanına əsaslanan diskursun mərkəzi mövzuları kimi istifadə edib. Sərginin adı, məhz Mamardaşvilinin "Bərabərlik nöqtəsi" mühazirəsindən götürülüb. Burada gecə və gündüzün qarşılıqlı təsirinin nümunəsi qismində şüurun ifadə tarazlığının əldə edildiyi məkanı təsvir edir.

Sərgi, kəpənəyin daxilində baş verən qarşıdurma vasitəsilə metamorfozu təsvir edən simvoldan başlayır və pupun öz qanadlarını açması üçün sərf etdiyi səy və zamana istinad edir. Daha sonra, sərgi layihəsi bu yola sövq edən amilləri aşkara çıxarır ki, burada kollektiv yaddaş və təcrübə mühüm əhəmiyyət kəsb edir. Burada həmçinin dualist prinsip vurğulanır. Bir tərəfdən, geosiyasi dəyişikliklər, mədəni müşahidələr, keçmişlə əlaqə və onun zamanla transformasiyası mənsubiyyət hissinin baş qaldırmasında vacib rol oynayır. Digər tərəfdən isə, identikliklərin qloballaşma və texnoloji dəyişikliklərə cavab olaraq transformasiyası və metamorfozlara məruz qalması, şüurun təməl prinsiplərini dəyişir. Beləliklə, yeni formalar ərsəyə gəlir və yaddaşa olan zərurət öz aktuallığını itirir, mədəni mənsubiyyət fenomeni isə absurd görünür.

Sərginin ikinci hissəsi "kontinuum" anlayışını, insan şüurunun yol keçdiyi sistemi araşdırır. İşığın arxitekturasını öyrənməklə (qara üzərində sarı çalar), məlumatların şüurda dərketmə (qavrayış) fenomeninə istinad edilir (işıq və ya təəssüratın qavrayışına gəlincə, qəbul edən şəxsin əsas şəraitləri qaranlıq və boşluğa əsaslanır) və nisbilik nəzəriyyəsindən istifadə etməklə, zamanın qavrayışının şərtiliyi, insan və kollektiv şüurun miqyası müəyyən edilir. Elə bu prinsip dünyadakı təkrarlanan kütləvi prosesləri müəyyən edir. Məhz bu aspekt ilə, təkrarlanan çalarlara qarışmaqla və ya fərdi fəaliyyətin irəli gəlməsinə təkan verən fərqli, vahid yol formalaşdırmaqla, fərdi və kollektiv şüur arasında qarşıdurma baş verir.

Sərginin kulminasiya nöqtəsi, yalnız şəxsi səylər vasitəsilə gerçəkləşən xarici aləm üçün anlaşılmaz və keçilməz məkanı ifşa edən "əks diskurs" vasitəsilə  əldə edilir; bu məkan isə, öz növbəsində, zamanın yeni formalarını və dəyişikliklərini törədən kollektiv şüurun strukturu üçün katalizatora çevrilir.

Sərginin kuratorları Tamuna Arşba və Tata Ksovrelidir.

YARAT Müasir İncəsənət Məkanı 6 Azərbaycan rəssamlarının "Yoxlanılıb, mina yoxdur!" adlı qrup sərgisini təqdim edir.

Ekspozisiya Xanlar Qasımov, Orxan Hüseynov, Elturan Məmmədov, Kamilla Muradova, Vüsal Rəhim və Sabina Şıxlinskayanın YARAT-ın sifarişi ilə hazırlanan performans, videoinstalyasiya və qrafika əsərlərini bir araya gətirir. Əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edərək, daha fundamental mədəni, sosial və ekoloji məsələlərə fokuslanır.

"Yoxlanılıb, mina yoxdur!" sərgisinə giriş mina sahəsinə bənzəyən ərazidən başlayır. Nyu-Yorkda yaşayıb-yaradan azərbaycanlı rəssam Xanlar Qasımovun yaradıcılıq yanaşmasının əsasında duran "insanları gözlənilməz hallara salmaq" formulunu bu sərgi üçün hazırlamış əsərində də tətbiq edərək, tarixi yaddaş, torpağın "yaddaşı" və mədəni irs mövzularına səslənir. Sabina Şıxlinskayanın videoinstalyasiyası irs məzmununu davam etdirərək, mədəni soyqırımdan (etnosid) bəhs edir və Qarabağ Xan Sarayı nümunəsində "təhlükəsiz gələcək" mesajını verir. Bu fikrin davamı olaraq, multidistiplinar rəssam Orxan Hüseynov minalardan təmizlənmiş əraziləri kosmosdan çəkilmiş fotolar ilə göstərir və təhlükəsizlik probleminin həm ekoloji, həm də sosial konstekstdə miqyasını tamaşaçının diqqətinə çatdırır. Elturan Məmmədov öz videoinstalyasiyasını yaradıcılığına xas olan lokal xüsusiyyətlər üzərində yaradaraq, postfaktum sosial reaksiyaları əks etdirir. Təhlükəsiz, canlı və ekoloji təmiz gələcək ideyalarını Vüsal Rəhim öz performansında vurğulayır. Bütün sadalananların fonunda Kamilla Muradovanın şəxsi hekayəsi əsasında yaradılmış, lakin kollektiv yaddaşda formalaşmış stereotip düşüncələrdən bəhs edən qrafikalar silsiləsi ekspozisiyanı tamamlayır.

Sərgi, müharibə dəhşətlərinə sinə gəlmiş və daha da güclənən cəmiyyətdən söz açır - sülhə can atmağın təkcə kollektiv istək deyil, həm də gerçəklik olduğunu nümayiş etdirməyə istiqamətlənib. Şəxsi hekayələr, araşdırmalar və tarixi artefaktlar vasitəsilə sərgi yeni tarixin yaradılmasında, habelə zorakarlıqdan uzaq azad gələcəyin formalaşdırılmasında barışığın, əməkdaşlığın və mərhəmətin rolunu diqqətə çatdırır.

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

P.S. Ermənistanın işğalı nəticəsində minalar Azərbaycanda əsas təhlükələrdən birinə çevrilib və bu gün ölkəmiz dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabrından indiyədək 300-dən çox Azərbaycan vətəndaşı mina terroru nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu terror fundamental hüquq normalarını pozaraq, həm də həssas sülh mövzusuna/arzusuna kölgə salır. Müharibənin bitməsinə baxmayaraq, partlayan minaların böyük əksəriyyəti 2020-ci ildən sonra istehsal olunmuşdur. Minalanma təkcə insanlıq əleyhinə cinayət deyil, həm də ekologiya və mədəni irsə qarşı olan bir mexanizmdir.

Sərginin tarixləri: 7 dekabr 2023 - 27 aprel, 2024

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Ünvan: Bakı, Bayıl qəs., Dövlət Bayrağı Meydanı

Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00 - 20:00

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.