Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci günündə "Delegation" (2023, Polşa, İsrail, Almaniya, rejissor: Asaf Saban) və "Sea Sparkle" (2023, Belçika, Hollandiya, rejissor: Domien Huyghe) filmləri iştirakçılara nümayiş etdirilib. Festivalın proqram direktoru yazıçı - ssenarist Nərgiz Bağırzadə "ssenarinin əsasları" mövzusunda seminar keçirdi. Seminar zamanı uşaqlar ideyaların ssenariyə inkişaf etdirilməsi və ssenarinin əsas qəhrəmanlarının yaranma prosesi haqqında məlumat aldılar.
Yuxarıda adı çəkilən proqramdan sonra yeniyetmələr kinomarafona təqdim ediləcək filmlərini çəkmək imkanı əldə etdilər.
"Nərimanfilm" kinostudiyası "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin "PAŞA Holdinq"in baş sponsorluğu ilə keçirir.
Kinostudiya tərəfindən 2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən birinci "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalı çox böyük müvəffəqiyyətlə baş tutmuşdu. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlərin keçirilməsi, filmlərin müzakirə olunması, eləcə də, Festival ərzində yeniyetmələr tərəfindən çəkilmiş qısa video çarxların ekranda nümayiş etdirilməsi qonaqlarda və iştirakçılarda xoş təəssürat yaratmış, tədbirdə iştirak edən 300-ə yaxın yeniyetmənin hər biri həmin dörd günü məmnunluq hissi ilə keçirmişdi. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini öz sıralarında birləşdirən Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tutmağa nail olmuş, həm Azərbaycanda, həm də digər ölkələrdə müsbət əks-səda doğurmuşdu. Bunun nəticəsi olaraq, ikinci "Salam" BYFF-da iştirak üçün "Narimanfilm"-ə həm Bakı və regionların məktəblərindən, həm də xarici ölkələrdən müraciətlər gəlməkdədir.
Qeyd etmək istəyirik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gənclliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır .
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Milli.Az