Mədəniyyət

Cəmil Əlibəyov – 95. Ruhunuz şad olsun, Qarabağ artıq azaddır!

5 Dekabr 2022 15:20
Baxış: 1 344

Görkəmli yazıçı, dövrünün tanınmış jurnalisti, siyasi və ictimai xadim, ləyaqətli insan, yaşadığı keşməkeşli zəmanənin hər anında insanlara əl tutub, yol göstərən Cəmil Əlibəyovun bugün 95-ci doğum günüdür..

Cəmil Əlibəyov 1927-ci il 5 dekabrda keçmiş Karyagin, indiki Füzuli rayonunun Dədəli kəndində varlı bəy ailəsində dünyaya göz açmışdır. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur.Balaca Cəmilin heç beş yaşı olmamış şura hökumətinin hərbə-zorbasına tab gətirməyən atası Ədil bəy kəndin digər varlıları ilə biri-birinə qoşulub uşaqlarını da, sayı-hesabı bilinməyən var-dövlətini də qoyub Xudafərin körpüsünü keçib İrana qaçır. Yeni yaranmış hökumət Ədil bəyin bütün var-dövlətini, hətta  uşaqlarının yaşadığı evi də müsadirə edir. Bununla da bəy  ailəsinin ağrılı-acılı günləri başlayır.

Hələ orta məktəbdəki təhsil illəri zamanı Cəmil ailə vəziyyətinin ağırlığına görə oxuduğu pedaqoji texnikomun sonuncu kursundan çıxıb bir müddət kənddəki kalxozda kotana gedir.

Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunub sonuncu kursa kimi əla qiymətlərlə oxumuş, fars, ərəb, ingilis dillərində xüsusi uğurları olsa da, Şərq tarixi ixtisasını seçmiş, tələbə elmi konfranslarında diqqəti çəkən referentlərlə çıxış etmiş, elmi tədqiqatları Moskva Ali Təhsil Nazirliyinin və Respublika Nazirliyinin mükafatlarına layiq görülmüşdür. Lakin son kursda, dövlət imtahanlarına hazırlaşan zaman Cəmil Əlibəyovun bəy atasının Dövlət Təhlükəsizlik Aparatında saxlanan bəylik qovluğu üzə çıxır,  İrana qaçmış bəyin oğlu şərqşünas olub "xaricdə işləyə bilməz" adı ilə onu universitetdən xaric edirlər. Amma nə tələbə yoldaşları sakit dayanır, nə də ki ona dərs deyən müəllimlər. Bakıda M.C.Bağırova da yazırlar, Moskvaya Stalinə də məktub göndərirlər və haqq-ədalət öz yerini tapır. Cəmilə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumağa icazə verirlər...

İkinci Dünya müharibəsi qurtardıqdan sonra  Cəmil Əlibəyov "Azərbaycan gəncləri" qəzetində işə qəbul olunur. Elə ilk məqalələrini də müharibə illərində arxa cəbhədə işləyən kənd adamlarının göz-gözü görməyən qaranlıq gecələrdəki fəaliyyətindən, isti yay günlərində bicinsilərin fədakarlığından yazır. Cəbhədən sinəsi orden və medallarla dolu qayıdan  qolunu, qıçını itirmiş gənclərin neft buruqları arasındakı fədakarlıqlarını oxuculara çatdırır. Tərbiyə mövzusunda yazdığı məqalələri əl-əl gəzir.Bu yazılar Cəmili də sevdirirdi, qəzeti də. Çox qısa müddətdə Cəmil Əlibəyov adi ədəbi işçilikdən baş redaktor vəzifəsinə yüksəlir. Çətin redaktorluq vəzifəsini yerinə yetirməklə yanaşı, ədəbi yaradıcılığını da davam etdirir. 

Yaşlı və orta nəslin nümayəndələri C.Əlibəyovun "Azərbaycan gəncləri" qəzetindəki redaktorluq fəaliyyətini yaxşı xatırlayır. Məhz onun təşəbbüsü ilə hələ əllinci illərin axırlarında redaksiyanın nəzdində "Gənc qələmlər" ədəbi məclisi yaradılmış, bu məclis Azərbaycanın hər tərəfindən istedadlı gənclərin yaradıcılıq ünsiyyətinə, gənc söz ustalarının ədəbi üfüqdə parlamasına imkan yaratmışdır.

1970-ci ildə C.Əlibəyov daha məsul işə - dövlət vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunmuş, radioya başçılıq etməyə başlamışdır. Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsi sədrinin müavini işləyəndə məhz Cəmil Əlibəyovun təşəbbüsü ilə efirə çıxan "Bulaq" verilişi milli ənənəmizə qayıdış üçün bir haray oldu. Bu verilişə görə C. Əlibəyov Azərbaycan Jürnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

1974-cü ildə Azərbaycanın rəhbəri H.Əliyevin şəxsi təklifi ilə C.Əlibəyova daha məsul vəzifə tapşırılmışdır. O, on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru işləmişdir. Həmişə gənclərlə işləməyə üstünlük verən C.Əlibəyov bu vəzifədə işləyəndə də tanınmış qələm sahibləri ilə yanaşı, gənc kinosenaristlərin əsərlərinin ekran yaradıcılığına da geniş yol açdı. Onun kinostudiyaya rəhbərlik etdiyi illərdə çəkilən "Babək", "Dədə Qorqud", "İstintaq", "Tütək səsi", "Dərviş Parisi partladır", "Nizami", "Ad günü", "Qayınana" kimi filmlər bir çox dillərə tərcümə olunaraq xalqımızın ənənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmışdır.

Cəmil Əlibəyovun həyat həqiqətlərini bədii şəkildə obrazlaşdırdığı roman və povestləri təkcə Azərbaycanda deyil, respublikamızdan kənarlarda da, bir çox xarici ölkələrdə də böyük maraqla qarşılanmışdır. "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanları, "Qayaların göz yaşı" povesti Moskvada "Sovetski pisatel" nəşriyyatında nəşr olunub, hər tərəfə yayılmışdır.

Cəmil Əlibəyov hərtərəfli biliyə və yazmaq qabiliyyətinə malik olan böyük yazıçı olmaqla yanaşı, həm də yüksək səviyyəli, səliqəli tərcüməçi idi. Bu gün dünya ədəbiyyatının klassiki kimi qiymətləndirilən Çingiz Aytmatovun "Cəmilə", "İlk müəllim", "Ana tarla", "Ağ gəmi" povestlərini Azərbaycan oxucularına məhz o çatdırmışdır.

Olduqca sakit təbiətli, səmimi və qayğıkeş, heç vaxt heç kimlə ucadan danışmayan Cəmil müəllim kimsəsizlərin kimsəsi idi. Rast gəldiyi hər hansısa bir adamda hansı sahədəsə adi bir işartı hiss edəndə dərhal qolundan tutub ayağa qaldırar, yol göstərər, inkişafı üçün kiminsə qapısını döyüb xahiş etməkdən çəkinməzdi. 

Cəmil Əlibəyovun öz qohumuna, ölümündən öncə verdiyi bir kağız parçasında: "...Mən Qarabağı da, Şuşanı da, kəndimizi də səndən tez görəcəm. Ruhum Bakıdan qanadlananda kəndimizə - Dədəliyə düşəcək... Bilirəm, tezliklə Qarabağ azad olunacaq, onda anamın qəbrinin üstündən bir ovuc torpaq gətirib qəbrimin üstünə tökərsən".

"Ruhunuz şad olsun böyük insan, artıq arzularımız çin olub: Qarabağ azaddır! "

Məqaləyə dair fotomateriallar:

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics