Kriminal

Bakıda bank əməkdaşının başına oyun açdılar: müştəri kimi gələn qadın onu evə çağırıb... - TƏFƏRRÜAT

19 Oktyabr 2019 15:51
1 Şərh     Baxış: 5 289

Bakıda kişini şantaj edərək külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilən dəstə hakim qarşısına çıxarılıb. Onlardan biri qadındır. Sonuncu məhkəmədə zərərçəkmiş şəxsin ifadəsi zamanı ilginc məqamlar üzə çıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Təqsirləndirilən şəxslər Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımovun və Yaqut Kərimovadır.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Fərman Fərmanzadə ifadə verib.

İttihama görə, təqsirləndirilən şəxslər Fərman Fərmanzadəni hədələyərək ondan külli miqdarda pul alıblar. Belə ki, Fərid Qasımov zərərçəkmişə Mərdəkan qəsəbəsində torpaq sahəsi satmaq üçün vəd verib. Həmin torpaq sahəsinə sənəd almaq üçün ondan müxtəlif məbləğlərdə pul tələb edib. Daha sonra isə onu şantaj edib.

İttihamda yazılır ki, Fərid Qasımov torpaq sahəsi üçün saxta sənədlər hazırladığını, buna görə Fərman Fərmanzadənin də məsuliyyət daşıdığını deyib. Bu bəhanə ilə də ondan pul tələb edib. Pulu verməyəcəyi təqdirdə isə onun barəsində polisə məlumat verəcəyini deyib. Bu məqsədlə ondan 50 min, daha sonra isə 15 min manat tələb edildiyi bildirilir.

Bu işdə digər təqsirləndirilən şəxslər də iştirak edib. Pulu verməyəcəyi təqdirdə digər şəxslərin Fərman Fərmanzadəni döyməklə, işgəncə verməklə hədələdiyi bildirilir.

Həmçinin F.Fərmanzadəni qadınla intim əlaqəyə girməyə məcbur edərək bunu lentə almaq istəyiblər. Şantalardan sonra pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

F.Fərmanzadə ifadə verən zaman məlum olub ki, o bank əməkdaşı olub.

Zərərçəkmiş ifadəsində deyib ki, 2016-cı ildə əvvəlcədən tanıdığı Fərid ona zəng edib və görüşmək istədiyini deyib:

"Görüş zamanı mənə dedi ki, 15 min pul lazımdır. Bağ evini satışa qoyduğunu, 2-3 günə satıb həmin məbləği qaytaracağını bildirdi. Mən də həmin məbləği ona verdim.

2 gün sonra Fərid məni yenidən görüşə çağırdı. Orada Samir və Elvini də gördüm. Fərid dedi ki, satılan bağ evinin sənədi saxta olduğu üçün onları polis saxlayıb. Hər birimizin bu işdə günahı olduğunu dedi. Bildirdi ki, işi həll etmək üçün 51 min manat pul lazımdır. Bu məbləğ də aramızda bölünməlidir.

Fərman Fərmanzadənin bundan sonra dedikləri isə daha maraqlı olub. Onun sözlərinə görə, Samir ona bir neçə dəfə zəng edərək onun adını polisə verəcəyini deyib və müxtəlif məbləğlərdə pul tələb edib. Hətta 3600 manatlıq kreditini də ona ödətdirib.

Bunlar azmış kimi Fərman Fərmanzadəni başqa bir oyunla da tələyə salıblar. Bu oyunun əsas iştirakçılarından biri isə təqsirləndirilənlərdən Yaqut Kərimova olub.

Belə ki, Samir və Fərid Fərman Fərmanzadənin bankda işlədiyini bildikləri üçün Yaqutu onun yanına müştəri kimi göndəriblər. Yaqut kredit almaq adı ilə Fərman Fərmanzadə ilə əlaqə saxlayıb. Bir neçə dəfə danışandan və görüşəndən sonra, əvvəldən planlaşdırdırıldığı kimi, Yaqut Fərman Fərmanzadə ilə daha yaxından münasibət qurmalı idi. 

Bu münasibət alınıb və onlar görüşməyi planlaşdırıblar. Görüş Yaqutun təyin etdiyi evdə olub.

Fərman Fərmanzadə deyir ki, o, Yaqutun dediyi ünvana gəlib. Onlar yataq otağına keçiblər. İkisi də yarımçılpaq vəziyyətdə olanda Elvin və Fərid otağa giriblər.

"Məni hədələməyə başladılar. Fərid dedi ki, o mənim arvadımdır. Məni öldürəcəyini dedi. Elvin onu otaqdan çıxardı. Bir müddət sonra Elvin gəlib dedi ki, Yaqutun uşağı xəstədir, ona pul lazımdır. 50 min manat lazım olduğunu dedi. Sonra da otaqdan çıxdı. Növbəti dəfə gələndə dedi ki, onlar razılaşmır və 200 min istəyirlər. Mən bu qədər pulu tapa bilməyəcəyimi dedim.

Sonra guya bunlar mənə ürəyiyananlıq etdilər. Elvin gəlib dedi ki, Samirə görə sənə hörmət edirik. Bir az sonra Samir gəldi. Mən təcili oradan çıxmaq istədiyimi dedim. Dedilər ki, indi çıxmaq istəyirsənsə, 20 min ödəməlisən. Mən də gecə vaxtı həmin pulu tapa bilməyəcəyimi dedim. Samir də dedi ki, guya evini satıb və 100 min mənə kömək edə bilər. Samir hətta 20 mini də ödəyəcəyini dedi. Bu şərtlə məni buraxdılar ki, 200 mini hissə-hissə Samirə ödəyəcəkdim. Oradan çıxmaq üçün onlarla razılaşdım. Dərhal polisə məlumat verdim".

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, elan olunmuş ittihamla təqsirləndirilən şəxslərin heç biri özünü günahkar bilməyib. Fərid Qasımov zərərçəkmişlə iş üçün görüşdüyünü, ona pul verib, pul aldığını söyləyib.

Məhkəmədə zərərçəkmiş şəxs iştirak etməyib. Hakim zərərçəkmişin iştirakı olmadığı üçün təqsirləndirilən şəxslərin dindirilməsini növbəti prosesə saxlayıb.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tecrübeli · 19 Oktyabr 16:1820

    Ha ha ha. Heç olmasa 1 saat geç gələrdilərda. Yazıx bankaçı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.