Masallı rayonunda ötən ilin mayında qisas məqsədilə törədilən qətlin məhkəməsi hökmsüz başa çatıb.
Milli.Az bildirir ki, "qafqazinfo"nun məlumatına görə təqsirləndirilən şəxsin psixoloji vəziyyəti ona cəza təyin edilməsini mümkünsüz edib.
Hadisə ötən ilin may ayında Qasımlı kəndində yerləşən kafelərin birində baş verib. Dəhşətli cinayətin tərəfləri isə eyni kəndin sakinləri- təqsirləndirilən Aslan Ağazadə və mərhum Semur Alışanovdur. Hadisə vaxtı Aslan 30, Semur isə 53 yaşında olub.
Cinayət ani mübahisədən doğmayıb. Araşdırmanın nəticələrindən və Aslanın istintaqa verdiyi ifadələrdən hadisənin səbəbi aydın olub. Aslan Semura düz 9 il nifrət bəsləyib və illərlə ondan qisas alacağı günü gözləyib.
Məlum olub ki, Aslan və Semur uzun illər Rusiyada yaşayıb və onların düşmənliyi də həmin vaxtdan başlayıb. 9 il əvvəl Aslanın əmisi Semurla ailə məsələsinə görə mübahisə edib, mübahisə nəticəsində sonuncu onu bıçaqlayıb. Hadisədən sonra həmin şəxs istintaqdan yayınmaq məqsədilə Azərbaycana qayıdıb.
Aslan isə Semurun əmisinə qarşı hərəkətlərini qəbul etməyib, o vaxtdan qisas almaq arzusu ilə yaşayıb.
Semur sonralar yenidən Rusiyaya qayıtsa da, orada həbs edilib. Bu səbəbdən Aslan qisas almaq üçün illərlə gözləmək məcburiyyətində qalıb.
İllər sonra Rusiya-Ukrayna müharibəsi başlayanda onlar ikisi də Azərbaycana qayıdıb.
Aslan fürsətdən istifadə edərək cinayət planını qurmağa başlayıb. Günlərlə fikirləşdikdən sonra dostu Xanmuradı da bu plana cəlb edib. Xanmurad Aslana Semuru öldürməkdə kömək edəcəyini vəd edib. Bundan sonra qətl üçün silah əldə etmək qalıb. Aslan qohumlarından birinə məxsus ov tüfəngini gizli yolla ələ keçirib. Əlavə olaraq bıçaq da hazırlayıb və Semurla üzləşəcəyi günü gözləyib.
Rusiyada başlayan ədavətin Azərbaycandakı sonu- Qətl günü
Növbəti gün Xanmurad verdiyi vədə əməl edərək Semura zəng edib və onu çay içmək üçün kafeyə çağırıb. Bəlli vaxtda Aslan da ora gəlib.
İstintaq materiallarında yazılıb ki, Aslan kafedəki digər insanların da təhlükə ilə üzləşə biləcəyini düşünmədən Semurun əyləşdiyi stola yaxınlaşıb və onu ürəyindən güllələyib. Daha sonra isə müstəsna qəddarlıq göstərərək yaralıya son nəfəsini verənə qədər bıçaq zərbələri endirib.
Aslan qisasını aldıqdan sonra hadisə yerindən birbaşa polis şöbəsinə gedib və təslim olub. Ona xüsusi amansızlıqla adam öldürmə və başqasına məxsus odlu silahı ələ keçirmə maddələri ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Amma onun istintaq təcridxanasında keçirdiyi günlər uzun sürməyib.
Tibbi ekspertiza nəticəsində Aslanın psixi xəstəlikdən əziyyət çəkdiyi və cinayəti anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib. Bu səbəbdən prokurorluq qərar qəbul edərək onun təcridxanadan çıxarılmasını və xüsusi tibb müəssisəsinə yerləşdirilməsini təmin edib.
İstintaq materialları daha sonra baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işini hakim Neymət Məmmədovun sədrlik etdiyi hakimlər araşdırıb.
Prokurorluq məhkəməyə təqdim etdiyi sənəddə müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətdiyini qeyd edərək ona cəza təyin edilməməsini təklif edib.
Hakimlər təqsirləndirilən şəxsdən ittihama münasibətini soruşarkən o, əvvəlcə özünü təqsirli bilmədiyini desə də, sonradan qeyri-adekvat ifadələr işlətməyə başlayıb.
Onun dediklərini olduğu kimi təqdim edirik: "Semuru öldürməmişəm. Siqaret istəyirəm. Mən İmam Zaman ağayam. Zühur edəcəyəm, 313 nəfər yığıb Azərbaycana gələcəyəm. Xanmuradı tanımıram. Rusiyada saxlanılıram, istəyirəm ki, məni Azərbaycana aparsınlar. Əmilərimin harada olduğunu bilmirəm. Mənim maşınım olmayıb, velosipedim olub. Semuru tanımıram. Mən peyğəmbər kimi adamam, inanmayan peşman olacaq. Bu yerə gələnə qədər göylərdə yaşamışam. Yemək istəyirəm. Mən Qasımlı kəndində olmamışam. Üzümü həkimlər təmizləyir. Tufan olacaq, hər yer dağılacaq, bir mən qalacağam. Əvvəllər velosipedim var idi, onu sürürdüm. Acam, yemək istəyirəm."
Qeyd edək ki, Aslan cinayətkar kimi tanındığı ilk günlərdə istintaqa sərbəst ifadə verib və törətdiyi əməli etiraf edib.
Cinayət planında adı hallanan Xanmurad da məhkəmədə şahid qismində ifadə verib. O, ifadədə Aslanın Semuru öldürmək niyyətindən xəbərdar olmadığını iddia edib.
Bütün ifadələr, sübutlar və tərəflərin arqumentlərini nəzərə alan hakimlər prokurorun təklifini düzgün hesab ediblər. Bu əsasla ittihamedici hökm əvəzinə qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə Aslan Ağazadə ittiham edildiyi cinayətlərdə təqsirli bilinib. Lakin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və psixi xəstəlikdən əziyyət çəkdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, cəza çəkmək əvəzinə, bəlkə də ömrünün sonuna qədər Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılacaq.
Milli.Az