Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs tərcümeyi-halını səsləndirib.
O bildirib ki, birja fəaliyyəti ilə məşğul olub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda qeyd olunub ki, Nizami Alışan zərərçəkənlərdən "İnvestAZ" investisiya şirkətinin platformasına yatırım etməklə səhm və valyuta əldə edəcəyi barədə yalan vədlər verərək külli miqdarda vəsaitlər ələ keçirib.
Nizami Alışan özünü təqsirli bilməyib.
Daha sonra onun vəkili məhkəməyə vəsatətlər təqdim edib. Vəkil təqsirləndirilən şəxsin 9-17 aprel 2024-cü ildə tarixini əhatə edən anten məlumatlarının müvafiq mobil operatordan məhkəməyə təqdim etməsi üçün sorğu göndərilməsini xahiş edib.
Vəkil digər vəsatətində "İnvestAZ"ın rəhbərliyinin şahid qismində dindirilməsini xahiş edib.
Məhkəmə hər iki vəsatəti digər mərhələyədək baxılmamış saxlayıb.
Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb. /Report
Milli.Az