Bakıda apteklərdən birində xanım işçinin döyülməsini əks etdirən görüntülər yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə orta yaşlı kişinin aptekdə çalışan gənc qızı təpikləyərək döyməsi, başına stul çırpması əks olunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisə bu ilin 8 iyun tarixində Nəsimi rayonu Rəşid Behbudov küçəsində yerləşən aptekdə baş verib. Paytaxtda çoxsaylı aptekləri olan iş adamı Elnur Cabbarov sahibi olduğu aptekə gələrək orada çalışan N.Aşirovaya hücum edib və döyərək xəsarətlər yetirib.
Belə ki, hadisədən 1 gün əvvəl, yəni iyunun 7-də N.Aşirova iş yoldaşı olan həmcinsi ilə yazışarkən müdiri olan E.Cabbarovu pişiyinə bənzədərək, onun "toppuş" olduğunu bildirib.
Digər əməkdaş bu barədə müdirə məlumat verib və N.Aşirovanın telefonunu əlindən alaraq yazışmalarına baxış keçiriblər. Bundan sonra aptekə gələn E.Cabbarov xanım əməkdaşı döyüb. O, daha sonra xanımın üzr videosunu çəkərək votsapdakı qrupa göndərib.
Görüntülər isə apteklər şəbəkəsində çalışan digər xanım əməkdaşın işdən çıxarılmasından sonra ictimailəşib. Bununla bağlı olaraq E.Cabbarov xanım əməkdaşa zəng edərək onu təhqir edib. Qadının əri isə ona zəng edərək görüşə çağırıb və aralarında dava-dalaş olub.
Bu hadisədən sonra E.Cabbarov və işdən çıxardığı qadının əri polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Araşırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.
Milli.Az