Ölkə

Ərinin başqa qadınla yazışmalarını oxudu, qardaşına dedi və... - TƏFƏRRÜAT

15 Sentyabr 2021 05:05
0 Şərh     Baxış: 3 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Səlim qısqanclıq zəminində arvadı Mətanətə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Milli.Az bildirir ki, teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin iyunun 28-də, axşam saatlarında Mehdiabad qəsəbəsi, "Gənclər Şəhərciyi" yaşayış kompleksində baş verib.

Səlimlə yaşadıqları evdə arvadı Mətanət arasında sonuncunun başqa bir qadınla mesajlaşması ilə bağlı qısqanclıq zəminində mübahisə yaranıb.

Bu mübahisə zamanı Səlim Mətanəti yumruq və təpik zərbələri ilə döyərək ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mətanət ilə 14 ildir evlidir və bu nikahdan onların üç övladı var: "Aptekdə iş icraçısı vəzifəsini yerinə yetirdiyimdən bəzən qadın işçiləri işə qəbul edirəm. Lakin arvadım hər dəfə buna etiraz edib, tanımadığı həmin qadınlar barəsində nalayiq ifadələr işlədib. Təxminən bir ay əvvəl Mətanət işlədiyim aptekə gələrək işlərimə müdaxilə etdiyindən aramızda mübahisə yarandı. Bu səbəbdən də həmin vaxtdan evə getmədim. Buna baxmayaraq son günlər ərzində günorta saatlarında övladlarımı görmək üçün evimə getsəm də, fikrim Mətanət ilə boşanmaq olub".

Səlimin sözlərinə görə, iyunun 28-də, saat 16 radələrində yenə də birgə yaşadıqları evə gedib və bir qədər evdə dincəlib: "Yuxudan oyandıqdan sonra telefonum vasitəsilə işçim ilə danışan zaman digər telefonumun Məlahətdə olduğunu gördüm. Həmin vaxt Məlahət qışqıraraq ünvanıma təhqiramiz ifadələr səsləndirdi və telefonumda olan yazışmaların nə olduğunu soruşdu. Buna görə Məlahətdən telefonumu aldım və əsəbi olduğum üçün sifətinə şillə ilə 4 dəfə güclü zərbə vurdum".

Təqsirləndirilən şəxs bildirib ki, bu zaman Məlahət daha ucadan qışqırmağa başlayıb: "Qonşuların yanında biabır olduğumu düşünərək oradan getdim. Məlahətin sifət nahiyəsinə bir neçə dəfə şillə zərbələri vursam da, onu yumruq və təpiklə vurmamışam".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, Səlim ilə 2007-ci ildə ailə həyatı qurub: "Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar ərim başqa bir qadınla yaxın münasibətdə olub. Buna görə də bizim münasibətlərimiz pisləşib. Ərim hadisədən əvvəl son 1 ay ərzində ümumiyyətlə evə gəlməyib, evdə olduğu vaxtlarda isə mənə öz telefonuna baxmağa imkan verməyib. Ərimin bu cür hərəkətləri məndə şübhə yaratdı".

Məlahət qeyd edib ki, iyunun 28-də yaşadıqları evdə olan zaman təsadüfən Səlimin başqa bir qadınla mesajlaşdığını görüb: "Həmin vaxt Səlim əsəbləşdi, məndən ayrıldığını bildirdi və telefonuna baxmağa ixtiyarım olmadığını dedi. Səlim sifət nahiyəmə bir dəfə yumruq zərbəsi vuraraq məni yerə yıxdı. Yerdə olan zaman isə təpik və yumruqla bədənimin müxtəlif nahiyələrinə zərbələr vurmağa başladı. Bundan sonra Səlim evdən getdi. Mən isə qardaşıma zəng vuraraq olanları danışdım. Qardaşım Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək baş vermiş hadisə barədə məlumat verdi".

Mətanət ifadəsinin sonunda əri ilə barışdığını, ondan şikayəti olmadığını bildirib. O, məhkəmədən Səlimin barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edib.

Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfova hökm elan edən zaman zərərçəkmişin təqsirləndirilən şəxslə barışmasını nəzərə alıb.

Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.