Ölkə

Söz azadlığı söz azğınlığı deyil

19 İyun 2021 14:16
Baxış: 698

Sosial şəbəkələrsiz yaşamı düşünmək artıq çətindir. Təbii, fərdi inzivaya çəkilmək, hətta mobil telefondan imtina etmək, interneti unutmaq, təbiətdə yaşamaq olar və belə "daunşifter" yaşam əslində, bəlkə də pis deyil.

Amma çoxlarımız üçün mümkünsüzdür.

Fəaliyyətim və işimlə bağlı mənim üçün də.

Sosial şəbəkələr informasiya mənbəyi olmaqla bahəm, sosial bataqlıq, yalan, hədyan, qısnama, söyüş və təhdid məkanına çevrilib.

Sosial şəbəkələrin Azərbaycan seqmenti yalan məlumatlar, qərəzli şəkildə və bilərəkdən tirajlanan uydurmalarla doludur.

Halbuki dezinformasiya - bilərəkdən və ya təsadüfən - ağır sonuclara səbəb ola bilər.

Məsələn, məhz dezinformasiya ABŞ ilə İspaniya arasında savaşı yaratmışdı.

Təbii, 1895-ci ildən bəri "sarı mətbuat" adlanan aşağı keyfiyyətli jurnalistika ilə dezinformasiya əvvələr də vardı, lakin sosial şəbəkələr dönəmində hər şey daha pis olub.

Pew Research Center-in son araşdırmalarından birinin nəticələri göstərir ki, dezinformasiya, saxta xəbərlər və sosial şəbəkələrdəki hədyanlar indi irqçilik, narkotrafik, qanunsuz miqrasiya və terrorizmdən də qorxulu, təhlükəli bəlalardır.

Azərbaycanda yağışdan sonra göbələk kimi artan "bloqer"lər, "müstəqil" YouTube kanalları və s. ciddi araşdırma, təhlil və tədqiqat tələb edir.

Nədir təhlükə?

Fikrimcə, sosial şəbəkələrdəki yanlış, qərəzli xəbəri və ya dezinformasiyanı paylaşan ilkin mənbə təhlükə mənbəyidirsə, sonralar bu feyki yayanlar da yalanları tirajlamış olurar. Beləcə, dezinformasiya və qərəzli məlumat sadəcə, yalan informasiya yox, həm də rəğbət oyatmaq və ya mövqe formalaşdırmaq üçün vasitədir.

Feyk və qərəzli məlumatların yayılmasında sosial şəbəkələr müstəsna rol oynayır. Çünki informasiya adamdan adama ötürüləndə sürətlə bahəm, etimad da yaranır.

Sosial şəbəkələrdə biz adətən rəğbət bəslədiyimiz, qismən və ya tam inandığımız insanları izləyirik. Müvafiq olaraq belələrinin yaydığı məlumatlara da inanmağa meylliyik. Daha sadə yazsam, feyk xəbərlərə inamımız virtual dostlara, sosial şəbəkədə bildiyimiz fərdlərə inamdan doğur.

Məhz bu səbəbdən Facebook və ya YouTube-da yayılan ən absurd məlumat belə, ekspert rəyindən daha "sanballı" görünür.

Niyə?

Çünki sosial şəbəkələri "müstəqil və alternetiv məlumat mənbəyi" sayırıq.

Bundan başqa, sosial şəbəkələrdə adətən, mövqeləri ilə qismən və ya tam razı olduğumuz insanlarla ünsiyyətdə oluruq. Üstəlik, Facebook-un bizə "razılaşdığımız, qəbul etdiyimiz" kontenti - məlumat, paylaşım, video və ya mətn - təqdim edərək xəbər lentində (News Feed) üst yerə çıxaran alqoritmlərini unutmayaq.

Beləcə, yekdil rəyin sabun köpüyünə, razılaşmanın hörümçək toruna düşürük.

Təbii, mövqe formalaşır. Fərqli dəyərlər və fikirlər daşıyıcıları olanlarla nə qədər az ünsiyyətdə oluruqsa, dünyagörüşümüz o qədər məhdudlaşır.

Özümüzü aldatmayaq: sosial şəbəkələrdə məhz fikrimizi və mövqeyimizi dəstəkləyən nəsnələri axtarır, inanırıq.

İnsan səhv etməyi sevmir. Sosial şəbəkələrin süni intellektinin alqoritmləri də insanın mövqeyinə uyğun olmadığı informasiya ilə təmaslarını minimuma endirir.

Əlqissə, sosial şəbəkələrdə hədyan, böhtan və feyklə üzləşəndə bu, yəqin ki, subyektivliyimizi daha da gücləndirir. Deməli, baxışlarımıza, qənaətimizə və mövqeyimizə zidd olmayan informasiyanı ciddi şəkildə yoxlamırıq.

Axırda feyki dürüst sayır və dostlarla bölüşürük.

Digər məqam Facebook və ya YouTube-da özlərini "müstəqil" adlandıran səhifələrə, kanallara "hakimiyyətin acığına" olan inamdır. Yəni "əgər müstəqil mənbə yayıbsa, deməli, doğrudur" kimi kökündən yanlış qənaət yaranır.

Və ən nəhayət, gerçəkdən önəmli xəbərlər darıxdırıcı olur. Yol salınması, iqtisadi islahatlar, işğaldan azad edilmiş ərazilər məsələsi, korrupsiya, yaxud Qarabağdakı rusiyalı sülhməramlılar.

Rəsmilər ciddi, rəsmi danışdıqları üçün cansıxıcı təsir bağışlayırlar.

"Onlar həqiqəti gizlədirlər" kimi fantom təsəvvür yaranır.

Facebook və YouTube-dakı "sensasiya ovçuları" isə bəlağətli ifadələri əsirgəmirlər. Əslində çox primitiv, bəsit fəndlərə əl atırlar:

adi, normal hadisə barədə məlumatı götürərək onu şişirdilmiş təşbehlər, yalanlar, dezinformasiya vasitəsilə sensasiyalaşdırırlar.

Sosial şəbəkələrin Azərbaycan seqmentindəki feyk xəbərlər arasında ən populyarları qalmaqallı, "şok" və ya "ifşaedici" məziyyətdədir. Təbii ki, bu da emosional əks-səda yaradır, yoxlanmadan paylaşımlara təkan verir.

Feyk xəbərləri, yalanları yaymaq üçün sadəcə, emosiyaya qapılmaq və həmin anda düşünməmək yetər.

Unutmayaq: dezinformasiya hər birimizin şüurundakı önyarğıya əsaslanır.

Hansısa olay barədə informasiya qıtlığı olanda boşluğu yalan doldurur.

Bilərəkdən, qəsdən, ucuz populyarlıq naminə.

Qədim Babil ravayətində deyildiyi kimi, Yalanla müqayisədə Gerçək kifirdir.

Conatan Svift isə 1710-cu ildə yazmışdı: "Yalan uçur, Gerçək isə onun arxasınca axsayır".

Ələlxüsus da indi, sosial şəbəkələrdə.

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.