Ölkə

SÖZ TƏLƏSİ, yaxud "timsahın göz yaşları" ifadəsi necə yarandı - Rövşən Abdullaoğlu yazır

29 Aprel 2019 21:27
0 Şərh     Baxış: 6 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi"  silsiləsindən dördüncüsü olan "SÖZ TƏLƏSİ, yaxud "timsahın göz yaşları" ifadəsi necə yarandı" məqaləsini təqdim edir:

Ədirnədəki hərbi hospitalın dəri-zöhrəvi həkimi müsəlman professor Hülusi Behcət və Amerika Stenford Universitetinin tibb üzrə fəlsəfə doktoru, professor Bernard Stoun. Misirli kimyaçı Əhməd Ziveyl və dünyanın ən güclü texnoloji universiteti olan, son yüz əlli ildə yetmiş Nobel laureatı çıxmış Massaçusets Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology) kimya üzrə professoru Edvard Kelli... Bu adlardan hansı qulağa xoş gəlir? Onlarla görüşmək, mühazirələrində iştirak etmək imkanı olsaydı, heç birini tanımasanız belə, kimi seçərdiniz? Aydındır ki, beynimizdə formalaşmış müasir meyarlar professor Stounun tibb sahəsində daha savadlı, daha çox tibbi nailiyyətlərə sahib olduğunu, kimya sahəsində də professor Kellinin daha böyük uğurlara imza atdığını diktə edir. Odur ki, ya professor Stoun, ya da professor Kelli ilə görüşməyi tərcih edərik. Halbuki Stoun adi bir həkim, Hülusi Behcət isə çox nadir rast gəlinən, tibb sahəsində ona qədər izah oluna bilməmiş və beynəlxalq tibb ədəbiyyatında yeni xəstəlik olaraq onun adıyla qeydə alınmış "Behcət sindromu"nu müəyyən edən şəxsdir. Kimyaçı Edvard Kelli yetmiş Nobel laureatı yetişdirmiş bir institutda işləməsinə baxmayaraq, sıradan bir müəllim, Əhməd Ziveyl isə misirli bir ərəb olmaqla bərabər kimya sahəsində inqilabi işinə görə kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli onlarla universitetin fəxri doktoru, saysız-hesabsız mükafatlara layiq görülmüş çox məşhur alimdir.

İndi də sizə başqa kəlmələr deyəcəyəm: Tanrı, Allah-taala, Rəbb, Uca Yaradan, Transsendent Həqiqət, Ali İdrak, Ali Qüvvə... Bu anlayışların hamısının eyni həqiqətə işarə etdiyinə baxmayaraq, hər birinin beynimizdə qoyduğu psixoloji təsirlər fərqlidir. Məhz bu məna oyununa görədir ki, Allah-taala, Uca Yaradan, Rəbb kimi sözlər bəzilərində elmi olmayan, hətta xurafi anlayışlarla assosiasiya olunur. Transsendent Həqiqət, Ali İdrak, Ali Qüvvə kimi sözlər isə beynimizdəki "elmi qəlibə" uyğun olduğuna görə təsiri də başqadır.
 

FƏRQLİ QAVRAMA HƏQİQƏTİ DƏYİŞDİRMƏZ. Günümüzün insanı kəlmələrdə və onlardan aldığı psixoloji təsirdə ilişib qalıb. Öz hislərindən, fikirlərindən hördüyü baramanın içindən çıxmağa qüdrəti yoxdur. Bu subyektiv aləmdə onun təlqinləri əsasında yaşayır, düşünür, görür, hiss edir və qərar verir. Bu psixoloji təsir o qədər dərinə işləyib ki, insanın bunu anlaması da çox çətinləşib. Bilməməyin ən pis forması - bilmədiyini bilməməkdir. Buna mürəkkəb və ya ikiqat bilməzlik deyirlər. Bir mövzunu bilmədiyini bilən insan ya bu elmsizliyini düzəltməyə çalışacaq, ya da o mövzuda kimsə nəsə danışanda öz məlumatsızlığını nəzərə alıb müdaxilə etməyəcək. Bilmədiyini bilməyən insana isə nəyisə sübut etmək, onun fikrinin əksini demək qeyri-mümkündür. Çünki o, bilmədiyi halda özünü alim sanır.

Müasir insanı idarə etmək, istədiyin istiqamətə yönəltmək istəyirsənsə, onun qılafının içinə yol tapmalısan. Beləsini həqiqət maraqlandırmır, həqiqət haqqında sadəcə onun subyektiv aləminə xas dildə danışmalısan. Bunu bacarmasan, həqiqəti çatdıra bilməyəcəksən. Müasir dövrdə məhsulların reklamından tutmuş, xəbərlərə, filmlərə, verilişlərə, geyim sənayesinə, informasiyanın ötürülməsinə, çıxışlara, siyasi müzakirələrə kimi hər şeydə insanın qeyd etdiyimiz subyektivlik xüsusiyyəti əsas götürülür. Cəmiyyətin yaşadığı subyektiv aləmi - bəli, real deyil, məhz subyektiv aləmi öyrənmək üçün böyük universitetlər, araşdırma institutları, PR şirkətləri, brend yaratma şirkətləri, böyük büdcəli sorğu mərkəzləri yaradılıb. Bu işlərə mütəmadi olaraq külli miqdarda vəsait ayrılır.

Cəmiyyət real aləmdə yaşamırsa, real zamanı və məkanı öyrənməyin anlamı qalmır. Fikrini cəmiyyətə çatdırmaq, beyninə yeritmək istəyirsənsə, onun yaşadığı məcazi aləmə daxil olmalısan.

Sanki həqiqət, reallıq və haqq kimi mövzularda bəhs etmək mənasızdır. Əvəzində bəyan, bəlağət, natiqlik kimi qabiliyyətlərə güc vermək lazımdır. Çünki reallıq kimin nəyi necə isbat edə bilməsinə bağlıdır. Qatıq nə ağdır, nə də qara - onun rəngi sənin nəyi sübut edəcəyindən asılıdır. Qaralığını isbat etsən, qatıq qara olacaq. Bu, necə mümkündür?

Natiqlik elminin banilərindən hesab edilən Koraks günümüzədək gəlib çatmış məşhur misalında qatığın eyni zamanda həm qara, həm də ağ ola biləcəyinin mümkünlüyünü açıqlayır. Koraks bu misalı ilə təmsilçisi olduğu sofizmin bütün mahiyyətini açır.

Deməli, bir gün timsah sahildə dayanmış ananın övladını çənginə keçirir. Ana övladını qaytarması üçün yalvarmağa başlayır. Timsah da ananın göz yaşlarına dayana bilməyib ona qoşularaq ağlayır. Yəqin ki, günümüzdə məşhur olan "timsah göz yaşları" ibarəsi də buradan qaynaqlanır.

Timsah deyir:

Övladından ötrü axıtdığın göz yaşları mənim ürəyimi ağrıtdı. Sənə övladını qurtarmağın üçün bir fürsət verəcəyəm. Sadəcə bir sualıma düzgün cavab versən, oğlunu azad buraxacağam, yoxsa ondan əlini üz. De, görüm, övladını geri verəcəyəm?

Qadın bir az düşündükdən sonra cavab verir:

- Sən övladımı mənə qaytarmayacaqsan.

Timsah deyir:

- Sənə övladını verməyəcəyəm.

- Nəyə görə, məgər mən düz tapmadım? - ana narahatlıqla soruşur.

- Sənin cavabın iki haldan biridir: ya doğrudur, ya da yalan. Əgər dediyin "övladımı verməyəcəksən" sözü doğrudursa, deməli, mən onu sənə verməyəcəyəm, yoxsa dediyin həqiqət olmaz. Həqiqət olmasını təsdiqləmək üçün gərək onu sənə verməyim. Yox, əgər dediyin söz yalandırsa, deməli, sualımın cavabını düzgün tapa bilməmisən. Bu zaman da, şərtimizə əsasən, mən övladını sənə geri verməyəcəyəm.

Lakin ana timsahla razılaşmır və ona məsələni başqa tərəfdən izah edir:

- Əgər mənim "sən övladımı geri verməyəcəksən" cavabım doğrudursa, o zaman, şərtimizə əsasən, övladımı mənə qaytarmalısan. Yox, əgər cavabım yanlışdırsa, bu yanlışlığı sübut etmək üçün sən övladımı mənə verməlisən, verməsən, mənim sözüm səhv olmayacaq.

Koraksa görə, bu, bir məntiqi paradoksdur. Bununla o, hər kəsin özünə görə haqlı olduğunu göstərmək istəyirdi. Həqiqət sabit deyil, maraqlarına uyğun söz güləşdirərək istədiyini həqiqət adı ilə təqdim edə bilərsən.

Belə insanlar, bu cür nəzəriyyələr hər zaman bir çoxlarının maraqları ilə uyğun gəlib. Koraks isə məhz bu söz pəhləvanlığına görə yüksək ictimai mövqe də qazana bilir.

Oxşar tendensiyanı, təəssüf ki, müasir dünyada da müşahidə edirik. Bu "elmi" mənimsəyənlər dünyəvi işlərdə irəli gedirlər. İnsanların şüuru ilə istədikləri kimi manipulyasiya edirlər. Lakin: FƏRQLİ QAVRAMA HƏQİQƏTİ DƏYİŞDİRMƏZ. Sadəcə bizi fərqli edər.

("Əsarət" kitabından)
 

P.S. Qeyd edək ki, Rövşən Abdullaoğlunun "Başlanğıcda söz vardı" silsiləsindən ilk yazısı "Ədəbiyyatda sofizm",  ikincisi "Ol!", üçüncüsü "Göylərdə yazılan" adlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.