Ölkə

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına elə-belə qalxmayıb

18 Dekabr 2018 07:00
Baxış: 3 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu faktlar əsgər və zabitlərimizin döyüş hazırlığına müsbət təsir göstərir.

"Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü silahlı qüvvələri arasındadır. Ordumuz bu səviyyəyə birdən-birə, elə-belə gəlib qalxmayıb. Ordumuz bu mərhələyə çatmaq üçün uzun və şərəfli yol keçib. Eyni zamanda, bu, ölkə rəhbərliyinin, xüsusən Ali Baş Komandan cənab İlham Əliyevin lazımi nəzarəti, diqqət və qayğısı nəticəsində baş verib".

Bu barədə Milli.Az-a veteran hərbçi, ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verməsini, həmin mərasimdəki çıxışını və Azərbaycan Ordusunun hazırki səviyyəsini şərh edərkən bildirib.

Polkovnikin fikrincə, Ali Baş Komandan daim silahlı qüvvələrin potensialını yüksəldilməsini, gücünün artırılmasını, ən müasir silah və texnika ilə təmin edilməsini, ümumilikdə ordu quruculuğunu diqqət mərkəzində saxlayır: "Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqların azad edilməsi, ümumilikdə SQ-in öz funksiyalarını yerinə yetirməsi ilə bağlı nə lazımdırsa edilir, fəaliyyət göstərilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri istər kadr potensilı, istər maddi-texniki təchizat, istərsə də silah və texnika baxımından günümüzün ən müasir tələblərinə cavab verir.

Digər tərəfdən, cənab prezident hərbçilərin sosial-məişət problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün lazım olan sərəncamlar, göstəriş və tapşırıqlar verir.

Biz bunun nəticələrini ilk növbədə cəbhədə, qoşunların təmas xəttində hərbçilərimiz üçün yaradılmış şəraitə baxdıqda açıq-aşkar görürük. İndi ən ucqar postlarda, dağlarda, çöllükdə əsgərlərimizin təminatı ən yüksək səviyyədədir. Onlar demək olar ki, yarım il ərzində həm yemək, həm geyim, həm tibbi təminat baxımından tam avtonom şəkildə fəaliyyət göstərə bilirlər.


Biz mütəmadi olaraq görür və eşidirik ki, ölkədə yeni-yeni və müasir hərbi şəhərciklər qurulur. O şəhərciklərdə şəxsi heyət və onların ailə üzvləri üçün lazım olan hər cür şərait yaradılır.

Biz bilirik ki, ölkə prezidenti, Ali Baş Komandan adətən ilin sonunda hərbçilərə mənzil hədiyyə edir. Bu il də Azərbaycan ordusunun hərbi qulluqlarının ailələrinə Sabunçu rayonunda yeni mənzillərlə təmin olunub. Bu il Ali Baş Komandan 394 hərbçi ailəsii sevindirdi. Ümumiyyətlə bu vaxta qədər 1300-ə qədər hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Özü də mənzil alanlar içərisində təkcə bu gün xidmətdə olanlar yox, hərbçi veteranlar, ehtiyata buraxılanlar da var.

Cənab Prezidentin prinsipi budur ki, Azərbaycan Silahlı Qüvvələrində heç bir hərbçi evsiz qalmamalıdır.

Bundan başqa vaxtının azlığına baxmayaraq, özü şəxsən hərbçilərin ailələri ilə görüşüb, açarları şəxsən özü təqdim edib".

Ş.Ramaldanovun sözlərinə görə, bütün bu faktlar, şəxsən ölkənin birinci şəxsindən belə diqqət və qayğı görmək Ordumuzun əsgər və zabit heyətinin psixoloji durumuna və döyüş hazırlığına da müsbət təsir edir: "Azərbaycan ordusunun hansı səviyyədə silahlamasını, necə müasir silah və texnikaya malik olmasını isə bu il keçirilmiş möhtəşəm hərbi paradda gördük. Bu gün həmin gücün nəticəsidir ki, Azərbaycanla birbaşa danışıqlara getməyəcəyini deyən Ermənistanın Baş naziri Nikol Paşinyanı Qarabağ danışıqlarını davam etdirmək üçün masa arxasına oturmağa məcbur etdi. Prezident İlham Əliyevlə görüşdən sonra isə Paşinyan Azərbaycan və Dağlıq Qarabağla əlaqədar əvvəlki kimi yox, artıq tam başqa ifadələrlə, terminlərlə çıxış etməyə başladı. Əlbəttə, belə olan halda Azərbaycan Silahlı Qüvvələrinin istər əsgər, istərsə də zabit heyəti ölkə rəhbərliynin qayğı və diqqətini, eləcə də ordumuzun güc və nüfuzunun necə artdığını görərək öz fədakar xidməti ilə Azərbaycan ordusunun döyüş hazırlığını daha da yüksəklərə qaldırır.
Bu gün Azərbaycan ordusu daim inkişaf edir və əsgərdən tutmuş müdafiə nazirinədək hamı bir raport verir: "Biz hər zaman Ali Baş Komandanın hər hansı əmrini yerinə yetirməyə hazırıq!" Bu raport Silahlı Qüvvələrimizin daim döyüşə hazır olduğunu və Ali Baş Komandana sədaqətini göstərir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.