Ölkə

Üzeyir Hacıbəyovun ölümündən sonra açılan sirr - Hökümə Nəcəfova kim olub? - VİDEO

20 Aprel 2017 14:04
0 Şərh     Baxış: 4 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azvision.az-ın müsahibi tanınmış müğənni Lalə Dadaşovadır.

Milli.Az xəbər verir ki, xanım müğənni ilə söhbət Azərbayacanın ilk qadın tarzəni, ilk qadın bəstəkarlarından biri olan Hökümə Nəcəfovaya həsr edilib.

Qeyd edək ki, Hökümə Nəcəfova Lalə Dadaşovanın yaxın qohumu,atasının xalasıdır.

- Hökümə Nəcəfova necə bir ailədə yaşayıb. Onun haqqında nələri bilirsiniz?

- Hökumə xanımın özündən başqa Züleyxa , Məryəm, Xeyransa adlı 3 bacısı və iki qardaşı olub. Xeyransa xanım onun böyük bacısı, mənim isə nənəmdir. Hamısı ziyalı, oxumuş adamlar olub. 

Ataları vaxtı ilə Bakı milyonçularından sayılıb. Həddən artıq varlı adam olub. Uşaqlarının hamısına təhsil verib. Ancaq Hökumə xanım konservatoriyada oxuyanda vəziyyət bir qədər dəyişib. Bolşeviklər Azərbayacanda milyonçulara aman vermirdilər. Onların var-dövlətini əlindən alıb, çox pis vəziyyətə salırdılar. Hökümə xanımın atası da təzyiqlərə məruz qalıb. Ulu babamın bütün sərvətini əlindən alıb, onu maddi çətinliklərlə üz -üzə qoyublar. Hökümə xanım isə həmin vaxt konservatoriyada oxuyurdu və maddi sıxıntılar yaşayırdı. Bütün bunlara baxmayaraq, ulu Babam onların təhsil alması üçün əlindən gələni edib. 
Onun kiçik qardaşı indiki Musa Nağıyev adına Xəstəxanada Toksikologiya şöbəsinin baş həkimi olub. Uşaqların hamısı mənim atamın xalaları, dayılarıdır. Onların çoxu haqqında atam, Hökumə xanım, qardaşı Əbülfəz Nəcəfov daxil olmaqla Ensiklopediada geniş məlumatlar var. 

- Hökumə xanıma bu istedad kimdən yadigar qalıb?

- O, istedadını mənim nənəm, Xeyransa xanımdan götürüb. Onlar arasında 10 yaş fərqin olmasına baxmayaraq, dost kimi olublar. Xeyransa xanım konservatoriya bitirməmişdi, amma bitirənlərdən çox bilirdi. O vaxt ziyalıların evində pianolar olurdu. Əgər evdə musiqi aləti varsa, uşaqlardan kim istəyirsə, ona meyl salır. Hökumə xanım da evdə gözünü açandan nənəmin çaldığı musiqiləri dinləyib. Ulu babamın da musiqiyə marağı olub. 

Onun anası ciddi qadın olub. Deyirmiş ki, övladlarım mütləq oxumalı, təhsil almalıdır. Onların həmişə nəsli iki sahənin -tibbin və musiqinin arxasınca gedirmiş . Hökumə xanımın ailəsində də belə olub, kimi tibbi, kimi isə musiqini seçib. Balaca vaxtı atasına deyib ki, onun üçün tar alsın. Tar alınandan sonra hər gün saatlarla tarda məşq edirmiş. Onların evləri Əbilov adına Mədəniyyət Evinə yaxın olub. O, Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alıb. Sonradan Üzeyir Hacıbəyovla tanış olması onların həyatında yeni səhifə açıb. Onlar daha sonra Asəf Zeynallı adına Musiqi Məktəbində təhsillərini davam etdiriblər. Həmçinin konservatoriyada bəstəkarlıq sinfində təhsil alıblar. Hökümə xanım həm də tar bölmələrində oxuyurmuş. Orada Üzeyir Hacıbəyov qızların istedadlı olduqlarını görüb onlara dövlət təqüdü ayırtdırıb.

Dediyim kimi, o vaxt sovet hakimiyyəti qurulmuşdu, Bakı onların əlində idi. Ulu babamın sərvəti əlindən alınmışdı. Bu səbəbdən ailədə maddi problemlər yaranmışdı. 4 qız, iki oğul böyütmək çox çətin idi. Üzeyir Hacıbəyov qızların bu sıxıntısından xəbərdar olduğu üçün onların təqaüd almasına səbəb olub.

Ancaq Uzeyir Hacıbəyov rəhmətə gedəndən sonra sirrin üstü açıldı. Qızlar gəlib həmişəki kimi növbəti ayın təqaüdünü almaq istəyəndə onlara deyiblər ki, Üzeyir bəy sizə təqaüdü öz cibindən verirdi. O, rəhmətə getdiyi üçün daha sizə təqaüd verilməyəcək. Hökümə xalam Üzeyir Hacıbəyovu həmişə xoş xatirələrlə anırdı.

- Onun bəstələdiyi mahnıları Şövkət Ələkbərova, Elmira Rəhimova, Zeynəb Xanlarova oxuyub. Hökumə xanımın həmin sənətkarlarla münasibət necə olub? 

- Onun mahnılarını Sara Qədimova, Elmira Rəhimova , Yalçın Rzazadə, Zeynəb Xanlarova, Şövkət, Cavanşir Məmmədov, Firuzə İbadova və digər müğənnilər ifa ediblər. Hökumə xanımın evində kimlər olmayıb ki? Onun "Kaş ki, gözəl olmayaydım", " Xalidəcan", Həliməcan", "Ceyran bala" mahnılarını indi dillər əzbəridir. O, həmçinin uşaq mahnıları da yazıb. 

- İndiyədək üzə çıxmayan mahnıları varmı?

- Əlbəttə, indiyə qədər nə qədər notları qalıb. 91 yaşında pianino arxasında oturub mahnı yazırdı, Onun notları, əl yazmaları hamısı öz evində idi. Təəssüflər olsun ki, indi o notların harda olduğunu dəqiq bilmirəm. Yaşadığı ev söküldüyündən bir az qarışıqlıq oldu. 

- Sizə oxumağa mahnı təklif etməyib?

- Mən indi çox peşiman olmuşam. Mənə zəng vururdu ki, gəl, sənə mahnılar verim oxu. Mən də deyirdim, öz xalamdır da, haçan istəsəm oxuyaram. 

- Xeyli uşaq mahnıları yazıb, amma təəssüf ki, övladı olmayıb... 

- Övladı yox idi. Bir dəfə ailəli olmuşdu, övladı olmadığına görə həyat yoldaşından ayrılmışdı. Onun övladı elə bacılarının, qardaşlarının uşaqları idi. Onların musiqiyə marağının artmasında yaxından əməyi keçib. 

- Sənət yoldaşlarından, tələbəlik illərindən danışırdımı? Qızbəs Əsədova və Ağabacı Rzayevanı yad edirdimi, onlar haqqında hansı xatirələri bölüşürdü? 

- Əlbəttə, danışırdı. Necə çətinliklə oxumağından, ailə qurmasından, İkinci Dünya Müharibəsini görməsindən - həyatının hər anından danışırdı. Kaş ki, onun övladı olaydı, yolunu davam etdirərdi. Biz tez-tez görüşürdük. Brilliant xanım axır illərdə ona çox kömək etdi. Xəsətlənirdisə başının üstüdə olurdu, həkim çağırtdırırdı, maddi ehtiyacları ödənilirdi. Heç nədən korluq çəkmirdi. 

- Mətbuatda, internetdə onunla bağlı məlumatlar çox azdır.

- Mahnıları indiyə qədər ifa olunursa, sevilirsə, deməli onun mahnıları ölümsüzdür. Mahnılarını oxuyurlarsa, deməli hələ də Hökümə xanım var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elmira Rəhimli - Kaş ki, gözəl olmayaydın (mus.: H. Nəcəfova)

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.