Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində doğma qızını qətlə yetirməkdə ittiham olunan Masallı rayon sakini, 36 yaşlı Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Milli.Az virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Züleyxa Cəfərova yetkinlik yaşına çatmayan 14 yaşı qızı Elsanə Cəfərovanın başqa oğlanlarla, habelə qohumu Fuad Heydərovla mütəmadi olaraq yaxınlıq etməsindən, iradlarına əhəmiyyət verməməsindən hiddətlənərək ötən il avqust ayının 3-də yaşadığı Balaxanı qəsəbəsindəki mənzildə onu yaylıqla boğaraq qətlə yetirib.
Təqsirləndirilən Züleyxa Cəfərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, hadisə zamanı özündə olmadığını deyib. Z.Cəfərova ifadəsində xadimə işlədiyini, Anar Ağayevlə 2001-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan üç övladları olduğunu, həyat yoldaşının ilk dəfə qızı Elsanə 3 aylıq olarkən oğurluq törətdiyinə görə həbs edildiyini göstərib. Əri A.Ağayev 2006-cı ildə azadlığa çıxandan sonra yenidən cinayət törətdiyinə görə 2013-cü ildə həbs olunub.
"Dedim ki, səni ömrüm boyu bağışlamayacağam"
Z.Cəfərovanın ifadəsinə görə, hadisədən bir müddət əvvəl qızı sancılandığına görə onu xəstəxanaya aparıb. Həmin vaxt 14 yaşlı Elsanəni müayinə edən həkimlər ona qızının bakirə olmadığını deyiblər: "Elsanə dedi ki, hamamda yıxılıb. Həkimlər isə dedilər ki, bu hadisə hamamda yıxılmaqla deyil, əvvəldən baş verib".
Bundan sonra ana dəfələrlə qızından kiminlə yaxınlıq etdiyini soruşub. Lakin E.Cəfərova heç kimlə yaxınlıq etmədiyini deyib. Qızının sözlərinə inanmayan ana onun cinsi zorakılığa məruz qalıb-qalmamasını müəyyən etmək üçün 14 iyul 2016-cı ildə ərizə ilə Sabunçu Rayon Prokurorluğuna müraciət edib. E.Cəfərova məhkəmə-tibb ekspertizasından keçirilib. Məhz bundan sonra E.Cəfərova anasına 2015-ci ilin noyabr ayında bibisi oğlu Fuad Heydərovun ona təcavüz etdiyini deyib.
Qızının zorlanması ilə bağlı 3 avqust 2016-cı ildə Sabunçu Rayon Prokurorluğuna şikayət edən Z.Cəfərova elə həmin gün sözügedən cinayəti törədib: "Yolda gələrkən Elsanə Fuadla dəfələrlə yaxınlıq etdiyini dedi. Onun sözlərindən əsəbləşdim. Dedim ki, əgər belədirsə, deməli, sən əxlaqsızsan, səni ömür boyu bağışlamayacağam. O isə Fuadla cəmi bir dəfə yaxınlıq etdiyini, ona ağır cəza verilməsin deyə belə dediyini bildirdi. Elsanəyə ikibaşlı danışmamağı, hər şeyi olduğu kimi etiraf etməsini söylədim. O isə qışqır-bağır salıb "məndən nə istəyirsən, əl çək məndən, bezdirmisən" deyib əlini daşa-divara çırpdı, məni təhqir etməyə başladı".
Öncə prokurorluğa şikayət etdi, sonra da qızını boğdu
Qızının hərəkətlərindən hiddətlənən ana onu cəzalandırmaq qərarına gəlib. Balaxanı qəsəbəsinə çatıb avtobusdan düşdükdən sonra piyada yolla evə gəliblər. Həmin vaxt mənzildə olan 9 və 4 yaşlı oğlanları ondan saqqız almaq üşün pul istəyiblər. Uşaqlara 50 qəpik pul verən ana onları mağazaya göndərdikdən sonra qapını arxadan bağlayıb, evdə yır-yığış edib. Elsanəyə "gəl kömək elə, evləri yığışdıraq" dedikdə "hambalın deyiləm, özün təmizlə" cavabını eşidib. Onsuz da əsəbləri gərilən ana övladının bu sözündın daha da hirslənib. O, baş yaylığını götürərək qəflətən Elsanəyə yaxınlaşıb və yaylığı qızın boynuna dolayıb, var gücü ilə sıxmağa başlayıb. Elsanənın rənginin göyərdiyini, nəfəs almadığını gördükdən sonra qardaşı Şəhriyara, qaynı arvadı Cəlaləyə və qaynı Cəmilə zəng vurub.
"Biabırçılığa son qoymaq üçün öldürdüm"
O, ifadəsində min əzab-əziyyətlə böyütdüyü qızının hərəkətlərinə dözmədiyini, onu bu biabırçılığa son qoymaq üçün öldürdüyünü deyib: "Elsanə sözəbaxan deyildi. Fikirləşirdim ki, uşaqdır, böyüyər, ağlı başına gələr. Lakin getdikcə tərsləşirdi, məni saymırdı, kobud cavab verirdi. Hadisə ərəfəsində isə məni lap özümdən çıxartdı. Bir anlıq bu biabırçılığa son qoymaq üçün onu öldürmək qərarına gəldim və öldürdüm".
"Qətlin səbəbkarı bacım oğludur"
Məhkəmə zalında Fuad Heydərovun şahidlər arasında olduğunu görən zərərçəkmiş Anar Ağayev onun azadlıqda gəzməsinə irad bildirib. O, həyat yoldaşının törətdiyi cinayət barədə bunları deyib: "Bu qətlin əsas səbəbkarı bacım oğlu Fuaddır. Bu adam niyə çöldə gəzməlidir? Həyat yoldaşım düz eləyib, neyləməli idi? Məcbur qalıb öldürüb. Mənim etməli olduğum işi o edib. Buna görə ona "sağ ol" deyirəm. Əgər azadlıqda olsaydım mənim qızımın başına bu oyunu gətirməzdilər. Özüm iki dəfə günahsız yerə həbs edilmişəm. Üç il idi ki, türmədəydim. Ailəmdə baş vermiş bu faciəni azad olunmağıma bir ay qalmış eşitmişəm. İnşallah, mənim özümü gətirərsiniz bura. Mən özüm Fuadın başına oyun açacağam".
Şahid qismində dindirilən Pərvanə Ağayeva ifadəsində oğlu Fuadın Elsanə ilə heç bir münasibətinin olmadığını deyib: "Belə bir şey olmayıb. Gəlib yalvardı ki, bizi bu bəladan qurtarın. İstəyirdilər qızlarını alaq, biz də razılaşmışdıq, onun dediyini eləyəcəkdik. Hardan bilərdik ki, gedib uşağını boğub öldürər. Burda günahsız olan bizik".
"Mənə dedi ki, boynuna götürməsən, atası ikimizi də öldürəcək"
Şahid qismində ifadə verən Fuad Heydərov oan qarşı Cinayət Məcəlləsinin 150.2-ci maddəsi ilə cinayət işi başlanıldığını, ötən ilin dekabr ayında həbsdən buraxıldığını deyib: "Anam mənə dedi ki, Züleyxa deyir başımıza belə bir iş gəlib. Dedim ana, özləri bilərlər. Züleyxa bizə gəlib məni görən kimi əl-ayağa düşdü ki, bizi bu dərddən qurtar. Yoxsa Anar türmədən çıxıb məni də, qızımı da öldürəcək. Deyirdi ki, mən boynuma götürsəm, Anar heç nə etməyəcək. Mən də razılaşdım. Sonradan şikayət etdi, daha sonrasa qızını öldürdüyünü eşitdim".
F.Heydərovun istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun istintaqa verdiyi ifadəsi elan olunub.
İstintaqa verdiyi ifadəsində F.Heydərov dayısı qızıyla onun öz razılığı ilə yaxın münasibətdə olduğunu göstərib.
Məhkəmə prosesi yanvarın 19-da davam edəcək.
Milli.Az