Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin XI sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin ilk solo konserti keçirildi. Musiqi axşamı gənc ifaçının vokal potensialını, səhnə mədəniyyətini və üslub duyumunu nümayiş etdirən əlamətdar bir mədəniyyət hadisəsi kimi yadda qalmışdır.
Konsert proqramı klassik Avropa musiqisinin müxtəlif dövrlərini əhatə etməklə yanaşı, Azərbaycan milli bəstəkarlıq məktəbinin parlaq nümunələrini də özündə birləşdirmişdir. Barokko və klassisizm estetikası gənc ifaçının səsində incəliklə açılır, hər bir musiqi nümunəsi dramaturji ardıcıllıqla səhnədə canlanırdı. Proqramda G.F.Hendel, A.Vivaldi, eləcə də V.A.Motsartın operalarından ariyalar və duetlər, A.Stradella və İ.S.Baxın kantata və oratoriyalarından seçilmiş ariyalar səsləndirilmişdir. Romantik xəttin zərif lirikasını isə H.Duparkın romansı tamamlamışdır. Milli musiqi irsinə müraciət konsertin ideya-estetik bütövlüyünü daha da gücləndirmişdir. Tofiq Quliyev və Vasif Adıgözəlovun əsərləri gənc ifaçının milli intonasiya duyumunu, sözlə musiqinin üzvi vəhdətini hiss etmə bacarığını aydın şəkildə ortaya qoymuşdur. Proqramın kulminasiya nöqtələrindən biri dahi İmadəddin Nəsiminin qəzəli əsasında bəstələnmiş "Ey təbib" əsərinin ifası olmuşdur. Əsərin musiqi mətninin müəllifi Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cavidan Babazadəyə 9 il ərzində vokal ifaçılığını tədris edən İlham Nəzərovdur. Gənc ifaçı əsərin poetik məzmununu vokal ifadə vasitələri ilə incəliklə açaraq tamaşaçılara dərin emosional təsir bağışlayan sənət anı yaşatmışdır. Konsert proqramında C.Babazadə ilə birlikdə texniki baxımdan mürəkkəb üç duet ifa edən, eyni zamanda solo nömrə ilə çıxış edən respublika və beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının IV kurs tələbəsi (müəllimi Ü.Hacıbəyli adına BMA-nın Solo oxuma və opera hazırlığı kafdrasının baş müəllimi İ.Nəzərov) Nuray İsmayılova da gənc ifaçıya səhnədə böyük peşəkarlıqla sənət dəstəyi göstərmişdir.
Təxminən bir saat davam edən konsert proqramı fortepianoda Qabaqcıl təhsil işçisi, Bakı Musiqi Akademiyasının baş müəllimi Svetlana Əhmədova tərəfindən yüksək peşəkarlıqla müşayiət olunmuşdur. C.Babazadə konsert boyu səhnə mədəniyyəti, texniki hazırlıq və musiqi yaddaşı baxımından stabil və inamlı çıxışı ilə seçilmişdir. Hər bir əsərdə janr xüsusiyyətlərinin qorunması, stilistik tələblərə dəqiqliklə riayət edilməsi və bədii obrazın ardıcıl qurulması gənc vokal ifaçısının gələcək inkişaf perspektivlərini aydın şəkildə nümayiş etdirmişdir.
Çıxış edən qonaqlar gənc ifaçının uğurunu yüksək qiymətləndirərək, bu cür konsertlərin şagirdlərin musiqi təhsilindəki inkişafında mühüm rol oynadığını vurğulamışlar. Konsertin sonunda Cavidan Babazadə və onu konsertə hazırlayan İlham Nəzərov Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən fəxri fərmanla təltif edilmişlər.
Milli.Az





