Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb artmamasını müəyyənləşdirmək mümkün olacaq.
Bəs yeni doğulan körpələrə verilən müavinətin artılması bu il üçün realdırmı?
Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Demokrat.az-a açıqlamasında deyib ki, vəfat etmiş pensiyaçıların dəfni üçün verilən müavinətin məbləği birbaşa minimum pensiyanın məbləği ilə bağlıdır:
"Çünki bu müavinətin məbləği minimum pensiyanın müəyyən faiz nisbətində hesablanır. Minimum pensiya artdığı halda, bu müavinət də avtomatik olaraq artır.
Digər sosial müavinətlərə gəldikdə isə onların bəziləri minimum əməkhaqqına, digərləri isə minimum pensiyaya bağlıdır.
Eyni zamanda, bəzi müavinətlər bir dəfəlik və sabit məbləğlə müəyyənləşdirilir. Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2024-cü il tarixində imzalanmış sərəncamla sosial müavinətlərin və təqaüdlərin artırılması nəzərdə tutulub. Bu məqsədlə Nazirlər Kabinetinə üç ay müddətində təkliflərin hazırlanması tapşırılmışdı. Artıq həmin təkliflər hazırlanaraq təqdim olunub. Yaxın vaxtlarda sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı qərarın rəsmiləşdirilməsi gözlənilir. Lakin konkret olaraq hansı müavinətlərin və hansı təqaüdlərin artırılacağı imzalanacaq yeni sənəddən sonra məlum olacaq".
Milli.Az