Ölkə

Metroda tibbi xidmət niyə yoxdur? - İki qurumdan sorğuya cavab

12 May 2025 20:30
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai nəqliyyat vasitələrindən ən çox istifadə olunanlardan biri - metro, xüsusilə pik saatlarda ciddi sıxlıqla müşahidə olunur. Belə hallarda, yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq, sərnişinlərin halının pisləşməsi ilə tez-tez qarşılaşırıq. Yay aylarında isti hava şəraiti bu vəziyyəti daha da ağırlaşdırır. Bu kimi anlarda ilk tibbi yardımın əhəmiyyəti danılmazdır. Lakin təcili tibbi yardım xidmətlərinin metro daxilinə gecikməsi, halı pisləşən şəxslərin həyatı üçün real təhlükəyə çevrilə bilər.

Şəxsi müşahidələrimiz də bu problemi təsdiqləyir. Belə ki, bir dəfə metronun girişində iki tibb işçisinin hadisə yerinə tələsmədən, adi gəzinti kimi hərəkət etdiyinin şahidi olduq. Halbuki bir neçə saniyə əvvəl içəridə bir sərnişinin halı qəfil pisləşmişdi. Bu isə sual doğurur: Niyə metro daxilində operativ tibbi xidmət stansiyası mövcud deyil?

Mövzunun aktuallığını və ictimai əhəmiyyətini nəzərə alaraq, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBƏB) sorğu ünvanladıq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, Bakı metropolitenində hər hansı sərnişinin halı pisləşdikdə, dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir və əraziyə yaxınlıqda yerləşən Təcili və Təxirəsalınmaz Tibbi Yardım məntəqəsindən həkim briqadası göndərilir:

"Stansiya əməkdaşları ilkin tibbi yardım üzrə xüsusi təlim keçib və fövqəladə hallarda operativ reaksiya verməyə hazırdırlar. Sərnişinin səhhətində narahatlıq yaranarsa, dərhal qaydalara uyğun şəkildə Təcili Tibbi Yardıma müraciət olunur. Briqada əraziyə göndərilir və vaxtında zəruri yardım təmin olunur. Metropoliten əməkdaşları da ilkin tibbi yardıma dair təlimatlandırılıblar və lazım gəldikdə müvafiq addımlar atırlar".

Stansiyalarda daimi tibbi məntəqələrin və ya tibbi personalın yerləşdirilməsi məsələsinə dair qurumun açıqlamasında bildirilir ki, "Bakı Metropoliteni" sərnişindaşıma fəaliyyəti ilə məşğuldur və tibb müəssisəsi açmaq səlahiyyətinə malik deyil.

Qurumdan o da vurğulanıb ki, tibbi xidmət sahəsində əlavə tədbirlər görmək Bakı Metropoliteninin hüquqi səlahiyyətlərinə daxil deyil. Lakin sərnişinlərin təhlükəsizliyi və həyatı metropoliten üçün prioritet məsələ olaraq qalır və aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir.

"TƏBİB və xüsusilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə operativ əlaqəmiz mövcuddur. Hadisə baş verdikdə dərhal müraciət edilir və həkim briqadası əraziyə göndərilir. Əməkdaşlarımız yalnız ilkin tibbi yardım göstərə bilərlər", - deyə cavabda qeyd olunub.

Xəyal Abdullayev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.