Son günlər sosial şəbəkə istifadəçiləri arasında dələduzluq halları artmaqdadır. Bəzi şəxslər tanınmış simaların adından insanlarla əlaqə quraraq onlardan maddi vəsait tələb edir, bu zaman isə etibar qazandıqdan sonra onları aldatmağa nail olurlar. Daha təhlükəlisi isə bu dələduzların həmin şəxslərin şəxsi həyatına dair dəqiq məlumatlara sahib olmasıdır. Bu da aldadılan insanlarda "onlar bəlkə də doğrudan tanışdır" təəssüratı yaradır.
Maraqlıdır, bu şəxslər bu qədər dəqiq və şəxsi məlumatları haradan əldə edirlər?
Milli.Az xəbər verir ki, İT mütəxəssisi Fərid Kazımov yenisabah.az-a bu barədə açıqlama verib. Bildirib ki, şəxsi məlumatların dələduzların əlinə necə keçməsi dərindən araşdırılmalıdır:
"Müəyyən hallarda şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması halları müşahidə olunur. Bu vəziyyətdən sui-istifadə edən dələduzlar müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirə bilirlər. Baş verən bütün bu halların səbəbləri müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırılmalı, şəxsi məlumatların necə sızdırıldığı tam aydınlaşdırılmalıdır.
Eyni zamanda şəxsi məlumatların qorunması istiqamətində mövcud tədbirlər daha da gücləndirilməlidir. Problemin əsas mənbələrindən biri onlayn platformaların inkişafı fonunda müxtəlif resursların qeydiyyat zamanı şəxsi məlumatların təqdim olunmasını tələb etməsidir. Təqdim edilən bu məlumatlar bəzən təhlükəsiz şəkildə qorunmur və nəticədə dələduzların əlinə keçir".
Ekspert bu sahə üzrə təhlükəsizlik tədbirlərinin artırılmasını məqsədəuyğun sayır:
"Bundan əlavə, bəzi hallarda şəxsi məlumatlar dələduzluq məqsədi daşımadığı təqdirdə belə, kommersiya qurumları və şirkətlər tərəfindən reklam məqsədilə əldə edilir. Belə ehtimallar da şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır.
Mövcud risklərin qarşısını almaq üçün hüquqi baza təkmilləşdirilməli, şəxsi məlumatların qorunması sahəsində daha sərt tənzimləyici tədbirlərin qəbul olunması zərurətə çevrilmişdir. Çünki şəxsi məlumatların oğurlanması halları insan həyatına daha ciddi, bəzən isə bərpası mümkün olmayan mənfi təsirlər göstərə bilər".
Milli.Az