Sumqayıt şəhərində gecə saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gecə saat 23:45-də, Sumqayıt şəhəri, Sülh prospektində qeydə alınıb.
"Belə ki, KIA markalı avtomobilin sürücüsü Nərbala Quliyev hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıqforla nizamlanan yolayrıcında dayanmış Mahmud Əliyevin idarə etdiyi "Renault" və Habil İsmayılovun idarə etdiyi "Nissan" markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində "Renault" markalı avtomobildə olan sərnişinlər - Zaur Qasımov, Cavid Sadıqov, Mehman Əliyev, eləcə də Nərbala Quliyevin sərnişini- anası Atlas Qafarova xəsarət alıblar. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edərkən məsuliyyətsiz davranışların ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücülərə müraciət edərək onları sükan arxasında diqqətli olmağa çağırır", - deyə məlumatda bildirilir.
***
Sumqayıt şəhərində gecə saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Milli.Az-a bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə aprelin 21-i, saat 00:40-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi cinsli) hospitalizasiya olunub.
"Hər iki baldırın əziyi, baldırın sıyrıntısı diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü və onurğanın sol hissəsinin əziyi, ənsə nahiyəsinin yumşaq toxumasının əziyi diaqnozları təyin edilən 1999-cu il təvəllüdlü şəxslərə xəstəxananın Təcili tibbi yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
***
Sumqayıt şəhərində gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza şəhərin əsas yollarından biri olan Sülh prospektində qeydə alınıb.
Hadisə zamanı KIA, "Renault" və "Nissan" markalı avtomobillər bir-birinə çırpılıb.
Milli.Az