Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalanmış ərazilərdən biri olaraq qalır ki, bu da münaqişədən sonrakı yenidənqurmaya və köçkünlərin təhlükəsiz geri qayıtmasına ciddi əngəl törədir.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyasında çıxışı zamanı erməni tərəfinin növbəti əsassız ittihamlarına cavab verərkən deyib.
"Avropanın təhlükəsizliyi bu gün hərbi münaqişələrdən humanitar böhranlara qədər bir sıra problemlərlə üz-üzədir. Azərbaycan sülhə, təhlükəsizliyə və regional sabitliyə tam sadiqdir. Biz inanırıq ki, davamlı sülhə yalnız dialoq, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına riayət etməklə nail olmaq olar.
Bölgəmizdə ən aktual təhlükəsizlik problemlərindən biri Ermənistan-Azərbaycan münaqişəsinin nəticələridir. Azərbaycan normallaşma istiqamətində fəal iş aparsa da, həll edilməmiş humanitar məsələlər uzunmüddətli sülh üçün ciddi risklər yaradır.
Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalanmış ərazilərdən biri olaraq qalır ki, bu da münaqişədən sonrakı yenidənqurmaya və köçkünlərin təhlükəsiz geri qayıtmasına ciddi əngəl törədir. Son üç onillikdə 3400-dən çox insan, o cümlədən uşaqlar minaların qurbanı olub. Qanuni öhdəliklərinə baxmayaraq, Ermənistan minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməyib və sübutlar göstərir ki, 2020-ci ildə atəşkəsdən sonra da minaları yerləşdirməyə davam edib. Biz ATƏT-i və beynəlxalq ictimaiyyəti növbəti faciələrin qarşısını almaq və bərpa prosesini sürətləndirmək üçün minaların təmizlənməsini dəstəkləməyə çağırırıq.
Digər əsas problem 1990-cı illərin əvvəllərindən itkin düşmüş 3900-ə yaxın azərbaycanlının həll olunmamış taleyidir. İşğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlar insan hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Ailələrin həqiqəti bilmək hüququ var və Ermənistan öz humanitar öhdəliklərinə uyğun olaraq itkin düşənlər haqqında dolğun məlumat verməlidir.
ATƏT Parlament Assambleyası bu məsələlərin həllində mühüm rol oynayır. Minalara qarşı mübarizə və müharibə cinayətləri ilə bağlı hesabatlılıq üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi sülh və sabitliyə töhfə verəcək.
Azərbaycan dialoqa sadiqdir, lakin ədalət olmadan sülh mümkün deyil. Bu təhlükəsizlik və humanitar çağırışları birlikdə həll etməklə biz inam yarada və hamı üçün daha təhlükəsiz gələcəyi təmin edə bilərik.
Erməni həmkarımın son əsassız ittihamlarına cavab olaraq bildirmək istəyirəm ki, suverenliyimiz tam bərpa edildikdən sonra erməni əhalisinə öz evlərində qalmaq və Azərbaycan vətəndaşı kimi yaşamaq təklif olunub. Onların hüquqlarının müdafiəsinin və cəmiyyətə inteqrasiyasının təmin edilməsi. Lakin Ermənistan rəhbərliyinin çağırışı ilə onlar regionu tərk etməyə üstünlük veriblər. Bu, onların öz könüllü qərarı idi.
"Nəhayət, xanım Qalstyan, artıq reallığı qəbul etməyin vaxtıdır: Qondarma "Artsax" yoxdur - Azərbaycanın yalnız Qarabağ bölgəsi var!".
Milli.Az