Networking Azerbaijan 2025-ci ildə sahibkarlara nə verəcək? Gala Night-da planlar açıqlandı. "Bu il "Networking Azerbaijan" biznes klubu üzvlərinə daha çox bilik, bacarıq və biznes əlaqələr qazandıracaq tədbirlər keçirməyə üstünlük verəcək" - klub üzvlərini ilin ilk netvörkinqində - JW Marriott Absheron'da keçirilən "Networking Gala Night" tədbirində bir araya gətirən biznes klubun həmtəsisçiləri Orxan Hacıyev və Əliağa Kürçaylı açılış nitqində belə bildiriblər. Orxan Hacıyev əlavə edib ki, xüsusən Net-talks və ixtisaslaşmış netvörkinq tədbirləri həm klub üzvlərinin, həm də müxtəlif sahə peşəkarlarının böyük marağına səbəb olub. Tədbiri açılış sözü ilə İlkin Dövlətov davam etdirərək, biznes klubda birləşən sahibkarlara yeni ildə uğurlar arzulayıb.
"Networking Gala Night"-da 400 nəfərə yaxın iş adamı, şirkət və dövlət nümayəndəsi, millət vəkili, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərin təmsilçiləri iştirak edib. "Əhatəniz qədər güclüsünüz!" şüarı ilə keçən tədbirdə vurğulanıb ki, klubunun fəaliyyəti işgüzar mühitdə dövlət və özəl şirkətlər, eyni zamanda rəhbər şəxslər arasında əlaqələrin qurulmasına yönəlib.
Daha sonra biznes klubun Gold Member ("Qızıl" üzv) statusunda olan üzvlərinə fəxri qonaqlar tərəfindən üzvlük rəmzləri təqdim edilib. Fəxri qonaqlar - rəsmi nümayəndələr çıxışlarında özəl sektorun ölkə iqtisadiyyatında tutduğu yeri vurğulayaraq, netvörkinq tədbirlərinin dövlət-özəl münasibətlərinin mökəmlənməsinə təsirini önə çəkiblər.
Gala Night Passion Grupunun ifası və fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 - ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 - ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az