Təyyarə qəzası nəticəsində həyatını itirən şəxslərin nəşlərinin Azərbaycana gətirilməsi və dəfn olunması üçün bütün zəruri addımlar atılmaqdadır. Qazaxıstanda müvafiq hüquqi və kriminalistik araşdırmaların tamamlanmasının ardından nəşlər Azərbaycana gətiriləcək və aidiyyəti üzrə dəfn olunacaq.
Milli.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Nazir qəza nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. O, hadisənin başvermə səbəbləri ilə bağlı ilkin araşdırmaların davam etdiyini vurğulayaraq deyib: "Hazırda bu mövzuda dəqiq açıqlama verilməsi mümkün deyil və hadisənin bütün təfərrüatları yalnız istintaq tamamlandıqdan sonra məlum olacaq. Azərbaycan dövləti Qazaxıstanla sıx əlaqədə, həmvətənlərimizin müalicəsi və dəstəklənməsi üçün bütün mümkün tədbirləri davam etdirəcək".
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Milli.Az