"İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının" iştirakçı-dövlətlərinin konfransının - COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq miqyasda baş verən ən önəmli tədbirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, "Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir".
Dövlətimiz 10 yanvar 1995-ci ildə yuxarıda qeyd edilən Çərçivə Konvensiyasını, 17 iyul 2000-ci il tarixində isə Konvensiyanın Kioto protokolunu təsdiq edərək, qlobal miqyasda iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən beynəlxalq səylər prosesinin fəal iştirakçısı olmuşdur. Azərbaycan tərəfindən milli səviyyədə aparılan fəaliyyət və beynəlxalq səylərə dəstək və xüsusilə də karbon qazı tullantılarının azaldılması və aşağı karbonlu milli iqtisadiyyata keçidə zəmin yaratmaq məqsədilə 2016-cı ildə Paris Sazişinə qoşulması, dünya birliyinə daxıl olan dövlətlər tərəfindən yüksək qiymənləndirilmişdir. Bunun mühüm təsdiqi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsinə 200 ölkənin yekdil qərar verməsini qeyd etmək olar. Azərbaycan Respublikası COP29-a sədr dövlət olaraq səylərini inkişaf etmiş və inkişada olan ölkələr arasında konsensusun bərqərar olunmasına, Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələrin qurulmasına yönəldəcək.
Otuz ilə yaxın bir müddətdən sonra beynəlxalq hüququn hamılıqla tanınan norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa ediməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərar verilməsi fonunda bəzi Qərb dövlətləri və onların nəzarətində olan "müstəqil qeyri-hökumət təşkilatları" ölkəmizə qarşı qarayaxma kampaniyasında xüsusi "fəallıq" nümayiş etdirmişlər və çalışmışlar ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq ikili standartları və selektiv yanaşmaları əks etdirən bu səylərə rəğmən, 196 ölkədən olan 72 min iştirakçı qeydə alınaraq, ölkəmizə gəlmişlər. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Prezident İlham Əliyevin dediyi kimi, "dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!".
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü