Yaxın günlərdə qəbul olunacağı gözlənilən "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizdə humanitar sahədə, xüsusilə də təhsil sahəsində genişmiqyaslı islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq, milli təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan fəaliyyət davam etdiriləcək:
"Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi, proqram və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar davam etdiriləcək.
2025-2028-ci illər ərzində "Səhiyyə", "Sosial müdafiə və sosial təminat", "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət" bölmələrinin islahatlara cəlb edilməsi nəzərdə tutulur.
Bir sözlə, büdcə vəsaitlərinin qənaətli, təyinatı üzrə isifadəsinə nəzarət və səmərəlilik gücləndiriləcək.
Ətraflı
Son illər ərzində büdcə şəffaflığının və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində "Açıq Büdcə İndeksi-2023" hesabatında Azərbaycanın mövqeyi kifayət qədər yaxşılaşmışdır.
Belə ki, hesabatda 125 ölkə arasında Azərbaycan 44-cü yerdən 21 pillə irəliləyərək 23-cü yerə yüksəlmiş və adekvat büdcə açıqlığına malik ölkələr qrupuna daxil olmuşdur. Bu istiqamətdə görülən işlər davam etdiriləcək.
Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək
Borclanma strategiyasına uyğun olaraq fiskal və monetar siyasətin sıx koordinasiyası ilə daxili maliyyə bazarının inkişafı istiqamətində işlər davam etdiriləcəkdir. Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri olacaqş
Bu xüsusda "Qiymət İzləmə Tətbiqi" sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun