Ölkə

İlham Əliyevə minnətdarıq! - Şəhər sakinləri abadlaşdırılan “Xaqani” bağından danışdılar - FOTO

14 Sentyabr 2024 16:22
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılan abadlıq və yenidənqurma işləri başa çatıb.

Milli.Az xəbər verir ki, yenilənmədən sonra parka üz tutan şəhər sakinləri fikirlərini Trend-lə bölüşüblər.

Paytaxt sakini Rumiyyə Ağayeva bildirib ki, "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işləri onu çox sevindirir.

"Mən parkın yaxınlığında yaşayıram. Böyüklərin və uşaqların istirahət etməsi və əylənməsi üçün hər cür şərait yaradılıb. Avtomobillərin parkın ətrafından yığışdırılması da çox böyük addımdır. Bir vətəndaş olaraq başda cənab Prezident İlham Əliyevə və bu parkın abadlaşdırılmasında əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm".

Paytaxt sakinlərindən Ülvi Vəliyev bildirib ki, övladını götürüb parkda istirahət etməyə gəlib:

"Park çox gözəl abadlaşdırılıb. Bu çox gözəl təşəbbüs idi. Prezident İlham Əliyevə və əməyi keçənlərə təşəkkür edirəm. Əvvəllər parkın ətrafında avtomobillər olanda çox səs-küy olurdu. Avtomobillər yığışdırıldıqdan və təmir-bərpa işləri aparılandan sonra park göz oxşayır".

Digər paytaxt sakini Gəray İbrahimov bildirib ki, parkda istirahət etmək üçün çox gözəl şərait yaradılıb:

"Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. Başda dövlət başçısı İlham Əliyev olmaqla, bütün əməyi keçənlərə öz dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Əlavə edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.