Ölkə

Gələcək burada başlayır! Azərbaycanda şagirdlər ekologiyanı yaxşılaşdırmağın və Masazır gölünü xilas etməyin yollarını axtarır - FOTO

5 İyun 2024 14:00
Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür və bugün bütün insanların diqqətini ekologiya problemlərinə cəlb etmək məqsədi daşıyır.

Qlobal istiləşmə, meşələrin qırılması, havanın çirklənməsi, ozon qatının dağılması, tullantılarla çirklənmə, quraqlıq - bəşəriyyət bu və bir çox digər problemlər, eləcə də onların nəticələri barədə təkcə əlamətdar tarixlə əlaqədar olaraq deyil, hər gün düşünməlidir.

Belə ki, Azərbaycanda bu yaxınlarda iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və adaptasiya üzrə məktəb simpoziumu (Symposium on Climate Change Mitigation and Adaptation measures) keçirildi. Tədbirin əsas məqsədi gənc nəsli ekologiya ilə əlaqədar məsələlərin birgə həllinə cəlb etmək idi. Simpozium "EU4Climate" regional proqramı çərçivəsində keçirildi və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı ilə təşkil olunmuşdu.

Simpoziumda BMTİP, Aİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri "The Future Starts Here" (Gələcək burada başlayır!) müsabiqəsinə təqdim olunan iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və adaptasiya tədbirləri üzrə tədqiqat layihələri ilə tanış olublar. Müsabiqədə 13 məktəbdən 100-ə yaxın yuxarı sinif şagirdi iştirak edib.

Müsabiqə şagirdləri təkcə ətraf mühit problemlərindən danışmaq deyil, həm də həllər təklif etmək üçün platforma ilə təmin etdi.

Müsabiqənin qalibi Tahir Həsənov adına 23 saylı məktəbi təmsil edən komanda oldu. Komandanın üzvləri Əminə Əlibəyli, Heydər Rüstəmli, Məryəm Aslanova, Fərid Axundov, Ervin Camalov, Emil Əbdüləzimov, Fərid Axundov və Fəqan Əliyev idi.

Tahir Həsənov adına 23 saylı məktəbin fizika müəllimi, sinif rəhbəri Tamilla Bağırovanın rəhbərliyi ilə gənclər bir sıra tədqiqatlar aparıb və Bakının şimal hissəsində yerləşən Masazır gölünün təmizlənməsi üzrə lahiyə hazırlayıblar.

Tamilla Bağırova bildirir ki, ekologiya, ətraf mühitin mühafizəsi mövzuları daima onun şagirdlərinin diqqət mərkəzində olub. Lakin Azərbaycan sahillərini yuyan Xəzər dənizinin və Masazır gölünün çirklənməsi onları xüsusilə narahat edib.

"Düşünürəm ki, uşaqlar gələcəkdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində layihələr həyata keçirməyə və ideyaları reallaşdırmağa davam edəcəklər. Bu onlar üçün maraqlıdır, onlar planet qarşısında məsuliyyət hiss edirlər", - pedaqoq deyib.

Layihənin ideoloji ilhamçısı professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev olub. O, uşaqların diqqətini Masazır gölünün acınacaqlı vəziyyətdə olmasına yönəldib.

"Qrupumuz gölə gedib, nümunələr götürüb, xüsusi laboratoriyalarda təhlillət aparıb. Gənclər gölün təmizlənməsi üzrə layihə hazırlamaqla öz ölkələrinə fayda vermək istəyib. Layihə üzərində işləyərkən bir sıra nəticələrə gəldik: gölün sahil xəttini tullantılardan və natəmizlikdən təmizləmək, yaxınlıqdakı yaşayış məntəqələrindən gələn təsərrüfat-məişət tullantı suları üçün mərkəzləşdirilmiş kanalizasiya sistemi qurmaq, təmizlənmiş sudan texniki məqsədlərlə (misal üçün, yaşıllıqların suvarılması, avtomobilllərin yuyulması və s.) istifadə olunacağını düşünmək lazımdır. Həmçinin gölün təbii suyunun kimyəvi tərkibini öyrənərək, gələcəkdə sahildə ixtisaslaşmış sağlamlıq mərkəzləri tikmək mümkün olacaq", - pedaqoq deyir. O, göldə suun səviyyəsinin bəzən yüksəldiyinə və nəticədə sahil xəttindəki bütün tullantıların suya düşdüyünə diqqət yetirib.

Tamilla Bağırovanın sözlərinə görə, "EU4Climate" proqramı çərçivəsində məktəb simpoziumu ekoloji problemlərə təkcə komanda üzvlərinin deyil, həm də məktəbin digər şagirdlərinin cəlb edilməsində böyük rol oynayıb.

"Biz öz tədqiqatlarımızı aparanda demək olar ki, bütün məktəb bununla maraqlanırdı. Şagirdlər yaxınlaşaraq işimizin necə irəlilədiyini soruşurdular", - o deyib.

Pedaqoq əlavə edib ki, simpozium şagirdlərin öz layihələri barədə danışması, ideyalarını geniş auditoriyaya çatdırması üçün möhtəşəm imkan yaradıb.

"Layihələrin təqdimatından sonra ekologiya mövzusunda intellektual oyun keçirildi. Oyun sayəsində şagirdlər ekologiya mövzusunda bir çox yeni şey öyrəndi", - deyə Tamilla Bağırova qeyd edir.

Komanda üzvlərindən biri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Axundov qeyd edib ki, Masazır gölünün çirklənməsi ölkənin xüsusi diqqət tələb edən ekoloji problemlərindən biridir.

"Tərəf müqabilim Ervin Camalovla ilə layihə üzərində işləyərkən müşahidələr aparır, məlumatlar toplayır, mənbələrlə işləyir, fərziyyələri yoxlayır və nəticələri emal edirdik. Bu fəaliyyətin yekunlarına əsasən təqdimat yaratdıq. Layihəni hazırlamaq iki ilə yaxın vaxtımızı aldı. Onun ideyası Masazır gölünün titan dioksid nanohissəciklərindən istifadə edərək fotokataliz üsulu ilə təmizlənməsidir", - Fərid Axundov deyib.

Gənclər bu layihəni müsabiqədə təqdim edib və "Ən yaxşı çıxış" nominasiyası üzrə qalib olublar. Onlar həmçinin ətraf mühit və ekologiya məsələləri üzrə intellektual oyunda birinci yer tutublar.

Fəridin sözlərinə görə, müsabiqə gəncləri ekoloji problemlərin həllinə cəlb etməyə kömək edib:"Burada 13 məktəb öz maraqlı və ilhamverici layihələri ilə iştirak edirdi. Onların hər biri ölkəmizin ekologiyasının yaxşılaşdırılmasına kömək edəcək".

Gənc özünün də bugünədək müxtəlif könüllü tədbirlərdə - dəniz sahilinin tullantılardan təmizlənməsində, ağacların əkilməsində - fəal iştirak edir. "Bütün bunlar planetimizi hər gün daha da yaxşılaşdırır", - Fərid deyib.

Komandanın digər üzvü Emil Əbdüləzimov xatırlayır ki, Masazır gölünü ilk dəfə görəndə onun qeyri-adi gözəlliyinə heyran olub. Gənc eyni zamanda bildirib ki, sahildəki tullantıların miqdarı və çirkab sularının gölə axdığı kanalizasiya boruları onu hədsiz kədərləndirib.

"Həmin vaxt anladıq ki, gölü xilas etmək lazımdır. Mən və tərəf müqabilim Heydər Rüstəmli ilə laboratoriya fəaliyyəti ilə məşğul olur, təcrübələr aparır, suyun təmizlənməsi üçün optimal variantlar axtarır və digər ölkələrdə tətbiq olunan metodu tapdıq. Lakin biz onu təkmilləşdirdik!", - Emil deyir.

"Mən gələcəkdə mühəndis-kimyaçı olacağam. Hazırda Bakı Ali Neft Məktəbində təhsil alıram və bu cür müsabiqədə iştirak mənim üçün laboratoriyada fəaliyyət təcrübəsi əldə etmək nöqteyi-nəzərindən vacib idi, - Emil deyib. - Gələcəkdə planetimizi müxtəlif növ çirklənmələrdən təmizləmək üçün metodlar işləyib hazırlamaq və ya konstruksiyalar yaratmaq istəyirəm", - deyə o əlavə edib.

O da Azərbaycan gənclərinin ekoloji problemlərdən narahat olduğunu qeyd edir: "Müsabiqədə xeyli sayda mühüm layihələr və digər iştirakçıların marağını gördük. Müsabiqənin təşkilatçıları komandamıza təkcə bu gölün deyil, ümumiyyətlə su hövzələrinin çirklənməsinin vacibliyini insanlara xatırlatmaq imkanı verdi".

Əminə Əlibəyli hazırda ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alır. Gənc qızın sözlərinə görə, gələcək peşəsi ekoloji problemləri bütün dünyaya çatdırmasına kömək edəcək.

"Masazır gölünü uşaqlıqdan xatırlayıram. Çox təəssüf edirəm ki, o bir neçə il ərzində bu dərəcədə güclü çirklənib. Əlbəttə, hazırki vəziyyətdə təqsirin böyük hissəsi insanlardadır, lakin bu problemi həll etmək iqtidarındayıq", - Əminə deyib.

Onun Məryəm Aslanova və Fəqan Əliyevin də daxil olduğu komandası su hövzələrinin təmizlənməsi üçün öz metodunu işləyib hazırlayıb. Komanda təqdimatını elə tərtib etməyə çalışıb ki, layihənin ideyası hətta mövzudan anlayışı olmayanlar üçün də aydın olsun. "İmkanım olarsa, bu təmizləmə üsulunu geniş ictimaiyyətə çatdırmağa çalışacağam", - Əminə deyir.

"Müsabiqədə qələbı şəxsən mənim üçün ekologiya və ətraf mühitin çirklənməsi ilə bağlı məsələləri öyrənmək üçün böyük stimul oldu. Bu yaxınlarda universitetdə qlobal istiləşmə ilə əlaqədar bir layihənin rəhbəri oldum. Su hövzələrinin çirklənməsi ilə yanaşı, havanın çirklənməsi, meşələrin qırılması, qlobal istiləşmə və s. kimi məsələlərə də diqqətimizi artırmalıyıq. Bu problemlərin həllinə indi başlamasaq, vəziyyət daha da pisləşəcək", - Əminə Əlibəyli deyib.

Hazırda Dokuz Eylül Universitetinin tibb fakültəsində təhsil alan Heydər Rüstəmli simpoziumda digər məktəblərdən olan iştirakçıların layihələri ilə tanış olub və onların öz işlərində ekologiya ilə bağlı olduqca mühüm məsələləri qaldırdığını qeyd edib.

"Bunlar suyun çirklənməsi, qlobal istiləşmə, havanın çirklənməsi və planetimizin gələcəyinə təsir edən digər mövzulardır", - deyə Heydər sadalayıb.

Simpoziumda səslənən bir prinsip xüsusən onun yadında qalıb: bizim başqa planetimiz yoxdur, biz bu planetdə yaşayırıq və onu qorumalı, qayğısına qalmalıyıq.

"Bu, bizim ümumi vəzifəmizdir. İctimaiyyətin və gənclərin nümayəndələrinin diqqətini bu problemlərə cəlb etmək üçün ekoloji mövzularda simpoziumlar, müsabiqələr keçirmək lazımdır. Bu işdə KİV və digər informasiya mənbələrinə böyük rol verilməlidir", - deyən Heydər əlavə edir: "Şəxsən mən sudan və elektrik enerjisindən səmərəli istifadə edirəm, tullantıları çeşidləyirəm. Hesab edirəm ki, hər bir şüurlu vətəndaş bunu etməlidir".

Gənclər yekdilliklə vurğulayıblar ki, şübhəsiz, layihələrini həyata keçirə bilsələr, bu, təkcə ölkəyə deyil, bütün planetə fayda verəcək.

"Biz gölün sahil xəttini tullantılardan təmizləmək, elə etmək istəyirik ki, sahildə insanlar dincələ bilsin, müalicə-sağlamlıq tədbirləri görülsün", - deyə onlar əlavə edib.

Onların məqsədyönlülüyünü görən pedaqoq Tamilə Bağırova gənclərin uğur qazanacağına şübhə etmir. "Gələcək buradan başlayır" müsabiqəsi 13 məktəbin şagirdləri üçün öz ölkələrindəki ekoloji problemlərin həllindən başlayaraq planetin gələcəyini dəyişməsi üçün möhtəşəm stimul oldu.

Məqalə 'EU NEIGHBOURS east' layihəsi çərçivəsində yazılıb. Məqalədə səsləndirilən fikirlər yalnız müəllifə aiddir.
Müəllif: Cani Babayeva

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.