Ölkə

ABŞ səfirindən etiraf kimi görüş və Bakıdakı “media” şəbəkəsini qorumaq planı - FOTO

31 Mart 2024 17:58
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "abzas.net", "Toplum tv" kimi "media" adı altında qurulan və xarici ölkələrə xidmət edən şəbəkənin qanunsuz şəkildə maliyyələşdirildiyinə dair kifayət qədər fakt var. Hazırda davam edən istintaqda bununla bağlı ciddi arqumentlər ortaya çıxıb, xüsusilə şəbəkənin maliyyələşməsində Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarının yararlandığı metodlardan istifadə edilməsi haqda maraqlı faktlar var. Maliyyə mənbəyinin izləri isə okeanın o tayına - ABŞ-a çıxır.

Birləşmiş Ştatların Bakıdakı səfiri Mark Libbinin "saxlanılan jurnalistləri təmsil edən vəkillərlə" görüşməsi də əslində bunu təsdiq edən faktorlardandır. Çünki xarici ölkənin səfiri diplomatik missiya yerinə yetirdiyi ölkədə qanunsuz fəaliyyətə görə saxlanılan şəxslərin vəkilləri ilə niyə görüşməlidir?!

Birincisi, ABŞ səfiri bu addımı ilə Azərbaycanın daxili işlərinə müdaxilə edir, çünki diplomatik nümayəndəliyin əsas missiyası ölkələrarası münasibətlərin tənzimlənməsi və fəaliyyət göstərdiyi ölkədə təmsil etdiyi dövlətlə bağlı işlərlə məşğul olmaqdır: saxlanılan şəxslər nə ABŞ vətəndaşıdır, nə də Birləşmiş Ştatlarla rəsmi əlaqələrə malikdir;

İkincisi, Mark Libbi fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə müdaxilə etməklə diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını da pozur;

O zaman sual yaranır: ABŞ səfiri Vyana Konvensiyasına zidd addımı niyə atır, təmsil etdiyi ölkə ilə heç bir "bağlantısı" olmayan şəxslərlə bağlı məsələyə niyə müdaxilə edir?

Məhz bu məqam Azərbaycanda "media" adı altında qanunsuz şəkildə maliyyələşdirilən şəbəkənin arxasında ABŞ-ın dayandığını deməyə əsas verir. Əslində Libbi diplomatik missiyasını bir kənara qoyaraq, təmsil etdiyi ölkənin maliyyələşdirdiyi "mediaların" müdafiəsi ilə məşğul olur və bununla həmin şəbəkənin ABŞ-a bağlı olduğunu, okeanın o tərəfindən təlimlatlandırıldığını etiraf etmiş də oldu.

Bu görüşdə bir məqam xüsusilə diqqət çəkir: ABŞ səfiri "saxlanılan şəxslərin vəkilləri ilə" ayrı-ayrılıqda yox, toplu şəkildə bir araya gəlib.

ABŞ bununla təkcə "saxlanılan şəxslərin" arxasında olduğunu etiraf etmir, həm də bunun mesajını verir. Bu mesajın rəsmi Bakıya təzyiq məqsədi daşıdığını və istintaqın gedişinə təsir etmək cəhdi olduğunu demək mümkündür. Bununla yanaşı, ümumi görüşün təlimatlandırmaq məqsədi daşıdığı da istisna edilməməlidir: aydındır ki, "saxlanılan şəxslərin təmsilçilərinə" "media" adı altında fəaliyyət göstərən şəbəkənin müdafiəsinin necə aparılması tapşırıqlar verilib.

Görünür, ABŞ öz şəbəkəsini qorumaq üçün hətta səfirini də diplomatik missiyaya uyğun olmayan işlərə cəlb edir. ABŞ səfirliyi isə bu cür fəaliyyəti ilə təkcə beynəlxalq konvensiyaları pozmur, həm də beynəlxalq terrorizmin metodlarını təşviq edir. Söhbət "media" şəbəkəsinin maliyyələşməsində istifadə edilən metodlardan və bunun Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarla əlaqəsindən gedir.

İstintaqın ilkin nəticələrinə görə, "Toplum Tv" üzərindən Azərbaycana qanunsuz yollarla yarım milyon dollardan çox maliyyə vəsaiti daxil olub və bu vəsait müxtəlif layihələrə xərclənib. Bu fakt "Toplum Tv", "abzas.net" kimi şəbəkələrin media adından çətir kimi istifadə etdiyini, bu çətir altında qeyri-qanuni fəaliyyətlər icra etdiyini təsdiq edir. Donor təşkilatları vasitəsilə Azərbaycana qanunsuz maliyyənin bu "media" şəbəkələri üzərindən daxil edilməsi də onların "toxunulmazlıq" funksiyasından qaynaqlanır. İfşa olunduqları, qanun qarşısına çıxdıqları təqdirdə də onların "söz azadlığının pozulması" kimi iddialarla müdafiəsini təşkil etmək daha asandır. Vaxtilə Azərbaycanda siyasi məqsədlər üçün sərf olunan maliyyəni müxtəlif təşkilatlar üzərindən ötürən ABŞ-ın və Qərbin digər donor təşkilatlarının son illər məhz "media" şəbəkəsindən istifadə etməsi də bu kontekstdə təsadüfi deyil.

Bu "mediaların" maliyyələşməsində istifadə edilən gizli yollar birdən çox olub. Bununla bağlı konkret nümunələr mövcuddur:

- Qrantlar fiziki şəxslərin adına köçürülür və tapşırıqlara uyğun şəkildə istifadə olunurdu: bu metod xüsusilə 2013-cü ildə qrantlarla bağlı qanunvericiliyin sərtləşməsindən sonra istifadə edilməyə başlandı və bu yolla vergi qaçaqmalçılığı da həyata keçirilirdi;
- Maliyyə vəsaitləri ABŞ da daxil olmaqla Qərb ölkələrinin Bakıdakı səfirliyinə göndərilir və buradan paylanılırdı;
- Maliyyə vəsaiti üçüncü ölkəyə - Gürcüstanda bank hesablarına köçürülür, daha sonra konkret şəxslər bu vəsaiti Tbilisidə nağdlaşdırılaraq, Azərbaycana qaçaq yollarla daxil edirdi;

Bu metodlar ifşa edildikdən sonra əsas üstünlük "hawala sistemi"nə verilməyə başlanıldı. Çünki gizli maliyyələşmədə bu sistem bir çox üstünülüyə malikdir:

- Sistem vasitəsilə pul köçürmələrində heç bir fiziki iştirak tələb olunmur;
- Anonimlik qorunur, rəsmi qeydlər saxlanılmır və maliyyənin mənbəyini izləmək mümkün deyil;

ABŞ başda olmaqla Qərbin Azərbaycanda "media" adı altında fəaliyyət göstərən şəbəkəsinin maliyyəşməsində bu sistemdən geniş şəkildə istifadə edilir. Maliyyə Gürcüstan banklarında açılan hesablara köçürülür və "hawala sistemi" vasitəsilə Azərbaycana ötürülür. Beləliklə, heç bir fiziki təmasa ehtiyac qalmır, maliyyə mənbəyi gizlədilir. İstintaq bununla bağlı ciddi faktları ortaya çıxarıb. Misal üçün, saxlanılanlar arasında olan Akif Qurbanov "Toplum TV"nin redaksiyasının da yerləşdiyi "Demokratik Təşəbbüslər İnstitutu"nun (DTİ) rəhbəridir. Bu şəxs qaçaqmalçılıq şübhəsi ilə saxlanılıb. Onun rəhbərlik etdiyi DTİ 406331063 identifikasiya kodu ilə müstəqil QHT kimi Gürcüstanda da qeydiyyatdan keçib. Bu deməyə əsas verir ki, Azərbaycana daxil olan pullar DTİ-nin Gürcüstandakı hesabına köçürülür və oradan Azərbaycana transfer edilir.

"Hawala sistemi" 2001-ci il 11 sentyabr terror aktından sonra geniş şəkildə istifadə edilməyə başlanılıb. Bu sistemdən xüsusilə Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarının maliyyələşməsində istifadə edilirdi, lakin daha sonra çirkli pulların yuyulmasında və digər qanunsuz maliyyələşmələrdə də geniş şəkildə tətbiq olunur. Dünyanı terrorizmlə mübarizəyə çağıran ABŞ-ın Azərbaycandakı şəbəkəsinə "terrorizmin görünməz maliyyə sistemi" vasitəsilə pullar ötürməsi isə bu ölkənin ixrac etməyə çalışdığı "prinsiplərini" bir daha şübhə altına alır.

"Absaz.net"dən sonra "Toplum Tv" ilə bağlı aparılan araşdırmalarda ortaya çıxan faktlar təkcə Qərbin Azərbaycandakı şəbəkəsini yox, həm də bu şəbəkənin arxasındakı qüvvələri- ABŞ da daxil olmaqla digər Qərb ölkələrini ifşa edir. Görünür, Birləşmiş Ştatların Bakıdakı səfiri Mark Libbinin qeyri-qanuni fəaliyyətə görə saxlanılan "jurnalistlərin" vəkilləri ilə görüşü də ifşa olunmaq narahatlığından irəli gəlir. Və istisna deyil ki, ABŞ səfirliyi "təmsilçilərə" "söz azadlığının pozulması", "medianın fəaliyyətinin məhdudlaşdırılması" kimi iddiaların kütləvi şəkildə tirajlanması ilə diqqəti istintaqın ortaya çıxardığı faktlardan yayındırmaq haqda təlimatlar verib.

PUBLİKA.AZ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.