Azərbaycanda ən mübahisəli məhkəmə işləri sırasında yanğın hadisələri ilə bağlı olanlar xüsusi yer tutur. Belə ki, bu sahədə vahid məhkəmə praktikası olmadığı üçün bəzən məhkəmələr ekspert rəyləri və şahidlərin fikirlərini nəzərə almadan qərar verə bilirlər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yanğın hadisələri üzrə ixtisaslaşmış hüquqşünas Tural Şükürov "Qafqazinfo"ya bildirib ki, qüvvədən düşmüş SSRİ Ali Məhkəməsi Plenumunun "Məhkəmələrin yanğınlara dair tətbiqi təcrübəsi haqqında" 1989-cü il 02 mart tarixli qərarında vahid məhkəmə təcrübəsi mövcud olub. Qərar SSRİ məkanında fəaliyyət göstərən məhkəmə və istintaq orqanlarına yanğın hadisələrinin araşdırılması ilə bağlı xüsusi istiqamət verirdi. Lakin qərar müstəqilliyimizin bərpasından sonra qüvvədən düşüb və bundan sonra hər hansı təcrübə formalaşmayıb.
Hazırda yanğın hadisələrinə görə qaldırılan məhkəmə işlərində hakimlərin ekspert rəylərinə və s. sübutlara əsaslanmaması ədalətli qərar çıxarılmasına mane olur: "Adətən yanğın hadisələrində daha dolğun rəy verə bilən şəxs bu işin mütəxəssisləri sayılan ekspertlərdir. Hakim yanğın üzrə ixtisaslaşmış şəxs olmadığı üçün yalnız qanunlara əsaslanıb qərar çıxarır. Lakin qərar çıxarılarkən bəzən ekspert rəyləri, ümumiyyətlə, nəzərə alınmır. Təəssüflər olsun ki, bəzi hallarda hakimlər sadəcə öz təxəyyülü əsasında qərar çıxarır.
Məsələn, hazırda mənim nümayəndə kimi çıxış etdiyim bir işdə analoji durum yaşanmaqdadır. Belə ki, 8 il əvvəl Saatlıda yerləşən "Araz-Şöhrət" şirkətinə məxsus Ticarət Mərkəzində irimiqyaslı yanğın hadisəsi baş verib və hadisə nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Bir çox sahibkarların iqtisadi fəaliyyəti dayanıb. Amma yanğının baş verməsində təqsirli şəxslərin bəziləri cinayət, o cümlədən mülki məsuliyyətdən yayınıblar. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 4 avqust 2023-cü il tarixli ekspert rəyində göstərilib ki, "Araz-Şöhrət" şirkətinə məxsus ticarət mərkəzində Nadir Rzayevin istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın 6.4, 6.5 bəndlərinin və "Elektrik qurğularının quraşdırma qaydaları"nın 2,1.1.15, 2.1.2.3, 2.1.2.10 bəndlərinin tələbləri həmin xəttin çəkilməsini həyata keçirmiş çilingər Qubad Əhədov tərəfindən pozulub".
Vəkil bildirib ki, elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini nəzərə aldıqda aydın olur ki, xəttin yolverilməz üsulla çəkilməsinə nəzarət aparıImadığına görə, yanğın təhlükəsizliyi qaydalarının 1.2, 1.9 bəndlərinin tələbləri "Araz-Şöhrət" şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulub: "Qaydalara riayət olunmaması isə yanğına gətirib çıxarıb. Ekspert rəyi və digər sübutların olmasına baxmayaraq, "Araz-Şöhrət" şirkətinin vəzifəli şəxsləri, o cümlədən müəssisənin özü mülki və s. məsuliyyətdən yayınıblar. Məhkəmələr isə "Araz-Şöhrət"i və onların vəzifəli şəxslərini mülki və s. məsuliyyətə cəlb etməməkdə maraqlıdır.
Ümumiyyətlə, ölkəmizdə ticarət mərkəzi və bazarlarda baş verən yanğınlarda vəzifəli şəxslər məsuliyyətdən yayınırlar. Bu cür yanaşma da gələcəkdə yenidən ticarət mərkəzi və bazarlarda yanğınların baş verməsinə gətirib çıxarır.
Hazırda analoji iş üzrə Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Əhmədovun sədrliyi ilə icraat aparılır. Ümid edirəm ki, məhkəmə bu iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla ədalətli qərar çıxaracaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun