Ölkə

Cərimələr niyə artırıldı? - Əsas amillər açıqlandı

8 İyun 2023 18:36
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol hərəkət qaydalarının pozulması ilə bağlı cərimələrin artırılmasını zəruri edən bir neçə səbəb var. bunlardan biri cəmiyyətdən gələn sifarişdir.

Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O qeyd edib ki, son zamanlar yol nəqliyyat hadisələri, ölüm və xəsarət halları çoxalıb.

"Bu hadisələrin təhlili nəticəsində ortaya çıxan səbəblərdən biri sürət həddinin aşılması, narkotik maddələrin təsiri altında avtomobilin idarə edilməsi, eləcə də yol ayrıcının keçə qaydasının pozulması işıqforun qırmızı işığının tələbini pozmaq, dəmir yol keçidlərinin keçmə qaydalarını pozmaq. Bir çox qayda pozuntuları var ki, burada sürücülər məsuliyyət daşıyır və bu qaydaları pozurlar. Nəticədə tez-tez qəzalar baş verir. Bu qəzaların nəticəsində hər gün insanlarımızı itiririk. Bunun qarşısının alınması metodlarından biri də qanunvericiliyin sərtləşdirilməsidir. Hesab edirəm ki, qaydaları pozmayanlar bu cərimələrin artmasından narahat olmamalıdırlar. əgər sürücülər qaydalara riayət etsələr bu cərimələrin onlara heş bir təsiri olmayacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri iyunun 6-da keçirilən növbədənkənar iclasında birinci oxunuşda qəbul edib. yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. Məcəllənin hazırkı variantına görə, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Digər dəyişikliyə əsasən, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır. Dəyişikliyə əsasən, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.

Həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yeni cərimələr müəyyənləşir.

Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.