Ölkə

“Maraqlıdır, “30 gün” söhbəti niyə indi diqqət çəkib?” - Müşfiq Ələsgərli

16 Avqust 2022 13:32
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Media haqqında" Qanunu sonadək oxumayan media ekspertləri

Hüquqşünas Ələsgər Məmmədli "Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları"nı şərh edib. O, Xarici İşlər Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş son  Qaydaları  tənqid edib. Bildirib ki, "yeni qaydalara görə, xarici media öz nümayəndələrini akkreditasiyaya təqdim etdikdən sonra 30 gün cavab gözləməlidir. Bu, trajekomikdir".

Məmmədli XİN-in tərtib etdiyi Qaydalarla yanaşı  "Media haqqında" Qanunu da  neqativ tərzdə dəyərləndirir.  Onun qənaətinə görə, "Media haqqında" Qanunun 11-ci maddəsi  xarici jurnalistlərin akkreditasiyası üçün sərt tələblər irəli sürür. XİN-in yeni akkreditasiya Qaydalarını tərtib edərkən   bu qanuna əsaslanması  isə problemlərə yol açır. Hüquqşünasın fikrincə, yeni Qaydalar  Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə  ziddir. Fikrini davam etdirərək bildirir ki,  Qaydalar  Azərbaycan Konstitusiyası ilə yanaşı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə də ziddiyyət təşkil edir.

Ələsgər Məmmədlinin bu şərhi xaricdən yayımlanan "söyüşçü TV-lər"in efirlərində  "inkişaf etdirilib". Məsələn, "Osmanqızı TV"  Ələsgər Məmmədliyə istinad edərək vurğulayır ki, "Azərbaycanda ifadə azdlığının məhdudlşdırılması üçün xüsusi bir siyasət yürüdülür. Xarici media nümayəndələrinin akkreditasiyası Qaydalarının sərtləşdirilməsi bu prosesdə yalnız bir elementdir". İddia edir  ki, "ifadə azadlığının məhdudlaşdırmasına yönəlik siyasət ənənəvi media ilə yanaşı  sosial   media platformalarını da əhatə edir". Bu iddialarını əsaslandırmaq üçün irrasional  "arqumentlər" səsləndirir. Ehtimal edir ki,  "millət vəkili Sevinc Fətəliyevanın adından sosial şəbəkələrdə saxta bəyanat yayılmasını ifadə edən informasiyalar  da yalandır". Guya bu məlumat qəsdən quraşdırılıb, səhnələşdirilmiş bir oyundur və yekunda sosial şəbəkələrin məhdudlaşdırılması yönündə qanun qəbul etmək üçün zəmin hazırlayır. TV-nin  yekun  rəyi budur ki, "Sevinc Fətəliyeva olayının XİN-in yeni Qaydaları açıqlaması ilə  eyni tarixə təsadüf etməsi Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması prosesinə işarə edir ".

"Söyüşçü TV-lər"in xislət və məramı  hər kəsə bəllidir. Bu baxımdan onların son iddialarını  da cəfəngiyyat kimi qiymətləndirib üzərindən keçmək olardı. Amma problem ondadır ki, başqa bir media eksperti, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu iddialara  dəstək verir. O, eyni iddianı fərqli arqumentlərlə "əsaslandırır". "Amerikanın Səsi" üçün son müsahibəsində bildirir ki, "ölkədə sosial şəbəkələrin məhdudlaşdırılması yönündə addımlar atılır".  Nə qədər paradoksal olsa da, Mehman Əliyev  bu müsahibəsində "Media haqqında" Qanunu sosial şəbəkələrin məhdudlaşdırılması üçün yaradılmış qanun kimi tədim edir.

Bənzər iddialarla çıxış edən digər şəxslər də var və bu cür fikirləşənlərin, az da olsa,   kəmiyyət artımına əsaslanıb düşünmək olar  ki, yəqin  ortada xoşməramlı olmayan hansısa proses var və bu proses "media biliciləri"ni narahat edir. Amma reallıq fərqlidir.

"30 gün"lə "30-cu gün"ün  fərqi- savadsızlıq, yoxsa manipulyasiya?

Gerçək  budur ki, "Azərbaycanda ifadə azadlığının məhdudlaşdırıldığını" iddia edən kampaniya aparılır. Bu kampaniyanın son dövrlərdə sürətləndirilməsinin səbəbləri var. Kampaniyada rol alan şəxslərin çıxışlarındakı boşluqlar bu qənaəti gücləndirir.

Məsələn, Azərbaycanda "Sosial media haqqında Qanun" yoxdur. Heç layihə formasında da mövcud deyil.  "Media haqqında" Qanunun isə sosial şəbəkələrlə heç bir bağlılığı yoxdur. Qanunun  mətnində açıq ifadə edilmiş bu fikri rəsmi şəxslər də öz nitqlərində təkrarlayıblar. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov  çıxışlarında dəfələrlə vurğulayıb ki, "Media haqqında" Qanun  sosial şəbəkələri əhatə etmir. Açıq, aydın şəkildə ifadə edilmiş bu məqam Mehman Əliyevin diqqətini nə üçün çəkmir? O, hələ də "Media haqqında" Qanunu "Sosial media haqqında qanunla qarışıq salır". Qanundakı hansı maddəyə, hansı bəndə əsaslanıb onu "sosial şəbəkələri tənziməyən qanun" kimi təqdim edir? Bir də bu suala aydınlıq gətirsəydi, normal qarşılanardı. Nəticə çıxır ki, onlara "Azərbaycanda sosial şəbəkələri məhdudlaşdıran qanunlar" mövzusunda tənqidi çıxışlar etmək üçün sifariş gəlib, danışırlar. 

Yaxud, Ələsgər Məmmədlinin "akreditasiya prosesindəki"  "30 gün gözləmək" ifadəsinə diqqət yetirək. Maraqlıdır, "30 gün" söhbəti  niyə indi diqqət çəkib? Məsələ ondadır ki, bu prinsip hələ "Media haqqında" Qanun qəbul edilməmişdən  yeddi il öncədən tətbiq edilir. 2015-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları"nda da akreditasiya müraciətinə cavab vermək müddəti  30 gün  təyin edilib. Həmin prinsip  7 ildir ki,  tətbiq edilir, heç bir problem yaratmır. II Qarabağ müharibəsi zamanı ölkəmizə gələn xarici media nümayəndələri də məhz həmin prinsip əsasında akkreditə olunublar. Vətən müharibəsi dövründə nə qədər xarici media nümayəndəsinin  Azərbaycana gəldiyini, baş verən hadisələri işıqlandırdıqlarını hamımız xatırlayırıq. Bildiyimə görə, həmin 44 gün müddətində, qısa zaman ərzində yüzlərlə  xarici jurnalistin akkreditasiyası təmin edilib. Hərbi vəziyyət elan olunduğu bir dövrdə yerli media nümayəndələri ilə yanaşı, xarici media nümayəndələri də öz peşəkar fəaliyyətlərini maneəsiz şəkildə yerinə yetirdilər. Heç kim "30 gün gözləyib, xəbərə gec qalmasından" şikayətlənmədi. Hər kəs yaxşı başa düşür ki, Qaydalardakı "30 gün ərzində baxılır" demək, "məhz 30-cu gün baxılır" anlamı daşımır. "30 gün"lə "30-cu gün"ün  fərqini bilmək üçün xüsusi savada ehtiyac yoxdur. 7 il müddətində tətbiq edilib  narahatlıq doğurmayan məsələ, yəqin ki,  indən sonra da problem yaratmaz. Problem bu prinsipi yanlış təqdim və şərh edənlərdədir. Prosesləri həmişə yanlış şərh etmiş ekspertlərin  "beynəlmiləl effektlər" vermiş metodlarını bu məsələdə də tətbiq etmək istəkləri  çox bariz görünür.

Sözü gedən şəxslərin açıqlamalarında buna bənzər, əsaslandırılmamış iddialar "N" qədərdir. Bu sırada Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu,  Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə istinad da diqqət çəkir. Konvensiyanın 10-cu maddəsinin  1-ci bəndinə istinad edən ekspertlər nədənsə,  həmin maddənin 2-ci bəndini heç görməyiblərmiş kimi davranırlar. Oxucular sırasında hamı diletant deyil: peşəkarlar, mütəxəssislər var. Təhlil edirlər, "ekspertlərin" manipulyasiya etdiyini görürlər. Görürlər ki, "ekspertlər" təkcə Avropa Konvensiyasının  10-cu maddəsini deyil, Azərbaycan Konstitusiyasının   50-ci maddəsinə istinad zamanı da  manipulyasiya edirlər. 50-ci maddədən gen-bol danışırlar, amma Konstitusiyanın  69-cu maddəsinin II hissəsini "unudurlar". Hansı ki,  Maddə 69 ( Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları) bu mövzuda da prinsiplərə aydınlıq gətirir.  Heç bir maddə digərindən təcrid olunmuş şəkildə şərh edilə bilməz. Maddələrə kompleks yanaşılmalı, məntiqi nəticə çıxarılmalıdır. Ekspert, hüquqşünas olan şəxs bunu bilməlidir, fəaliyyətində tətbiq etməlidir. Tətbiq etmirsə, deməli ya bilmir, ya da manipulyasiya ilə məşğuldur.

"Media ekspertlərinin" qarışıq saldıqları məqamlar

Məsələ ondadır ki, "Media haqqında" Qanun "xarici jurnalistlərin akkreditəsi" mövzusunda bəzi yeniliklər edib. Bu yeniliklər heç də  ekspetlərin şərhində əks olunan "30 günlük  gözləmə" prinsipindən ibarət deyil. Yuxarıda qeyd etdik ki, "30 gün" prinsip 7 il öncədən mövcud olub. Indiki yeniliklərin məğzi fərqlidir: öz mediamıza, milli jurnalistikamıza dəyər vermək, ölkə daxili ilə yanaşı,  xaricdə də müdafiə mexanizmləri qurmaq üzərində köklənib. Məsələn, Qanunun 11.4-cü maddəsi milli mediamıza hörmətin, dəyərin təcəssümüdür. Orada göstərilir: "11.4. Media Reyestrinə  daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda,  həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər". Çox aydın şəkildə ifadə edilib ki, hansısa xarici ölkə Azərbaycan  jurnalistinin  akkreditasiya istəyinə əsassız olaraq neqativ rəy verərsə, bizim ölkəmiz də həmin ölkənin jurnalistinə qarşı adekvat münasibət sərgiləyəcək. Azərbaycan jurnalisti istənilən vaxt gedib Ağ evdə, Konqresdə, Dövlət Departamentində, ya da Bundestaqda, Yelisey Sarayında brifinqlərə akkreditasiyasız daxil ola bilirmi? Özümüzə dəyər vermək niyə kimisə  bu qədər incidir? Bu gün biz güclüyük, qalib dövlətin təmsilçiləriyik. Tarix bizə layiq olduğumuz yeri tutmağa şans verdi, bundan sonra özümüzü necə aparmağımız, öz dəyərlərimizi necə qorumağımız bizdən asılıdır. Başqa dövlət bizim jurnalistlərimizin fəaliyyətinə məhdudiyyətlər qoyduqda biz dayanıb baxmalıyıq, boyun əyməliyik? Niyə biz bunun qarşılığını verməməliyik? "Aşağılıq sindromunu" təbliq edənlərin məqsədi nədir?

"Media haqqında" yeni Qanunun 11-ci maddəsi  məhdudiyyətlər toplusundan ibarət deyil. Bu maddə xarici media nümayəndələrinin fəaliyyətinin  yerli və beynəlxalq aktlarla tənzimləndiyini ifadə edir. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılmasını  beynəlxalq müqavilələrin predmeti kimi təqdim edir. Kifayət qədər normal, milli və beynəlxalq maraqlara əsaslanan yanaşmadır. Əksini iddia etmək sadəcə qarışıq düşüncələrin, yeri gəldi-gəlmədi, hər şeyə  fikir bildirmək sindromunun məhsuludur. Bu,  təəssüf hissi doğurur.

Kampaniyanın hədəfləri

Yuxarıda qeyd etdik ki,  "Azərbaycanda ifadə azadlığının məhdudlaşdırıldığını" iddia edən xüsusi  kampaniya aparılır. Bu kampaniyanın son dövrlərdə sürətləndirilməsinin səbəbləri var. Kampaniya iştirakçılarından biri  qeyd edir ki, sentyabr ayında Avropa Şurasının Nazirlər Komitəsinin müzakirəsi keçiriləcək. İstəkləri budur ki, həmin müzakirələrdən biri  "Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasına" həsr edilsin, Azərbaycan əleyhinə bəyanat verilsin.  Bu məqsədə nail olmaq üçün paralel işlər aparılır. "Media ekspertləri" "problemlərin mahiyyəti" barədə  nəzəri əsaslar yaradırlar. Başqa bir qismi insidentlər törədir, sübutlar hazırlayırlar. Kampaniyanın sifarişçisi kimdir? Bu barədə əlavə yazılarımız olacaq.

İndilik bir suala cavab tapaq: Kampaniyanın idarə edilməsi üçün xüsusi  qrant vəsaiti ayrılıb. Kampaniyada yer alan şəxslər hərəkətlərinin fərqindədirlərmi? Onlar öz çıxışllarının 3-5 manat qrant qarşılığnda gerçəkləşdirildiyi barədə məlumat dolaşmasından xəbərdardırlarmı?

Müşfiq Ələsgərli

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.