Ermənistan

Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA

28 Sentyabr 2024 14:07
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərimizdə 100.000 hektara yaxın meşənin yandırıldığı aşkar olunub.

Milli.Az bildirir ki, bunu "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Trend-in sualına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

O bildirib ki, yeraltı təbii sərvətlərimiz, mineral xammal ehtiyatlarımız heç bir ətraf-mühit tələbləri gözlənilmədən talan edilib.

"Çünki bütün təbii sərvətlərin istismarının özünün ekoloji tələbləri var ki, bu, həm ətraf-mühitə təsirlərin azalmasına, eyni zamanda, həmin resursların davamlı şəkildə istifadəsinə gətirib çıxarıb. Lakin bu normalar gözlənilmədikdə artıq həmin resursların tükənməsi ətraf-mühitə ciddi təsir göstərir".

Şöbə müdiri bildirib ki, bununla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazilərimiz, digər təbii sərvətlər talan edilib.

"Su resursları çirkləndirilib. Hələ işğal dövründə "Sərsəng" su anbarından suyun istifadə rejimi nəticəsində işğalda olmayan kəndlərdə və yaşayış məntəqələrində suvarmada çətinliklər yaranmışdı. Bu, yay aylarında ciddi quraqlıq, kənd təsərrüfatında çətinliklər, torpağın deqradasiyası, qış aylarında isə subasmalara gətirib çıxarırdı".

F.Mütəllimov bildirib ki, su ehtiyatlarından siyasi məqsədlər üçün istifadə edilməməsi ilə bağlı Ermənistan tərəfinə çağırış və qətnamə qəbul olunmuşdu.

"Ümumiyyətlə, belə kütləvi və bilərəkdən ətraf-mühitin məhvinə gətirilməməsi beynəlxalq müqavilərlə, normalarla tənzimlənir.

Su ehtiyatlarının mühafizəsi ilə bağlı Konvensiyalar mövcuddur. Biz bunu da Oxçuçayın çirkləndirilməsi timsalında görürük. Amma təəssüflər olsun ki, işğaldan sonra su ehtiyatlarımızın çirklənməsini müşahidə edirik.

Bununla bağlı müxtəlif platformalarda çıxışlar, çağırışlar olmasına baxmayaraq, yenə də bilərəkdən mədən sənayesi tullantı sularının Oxçuçaya atılması həmin zonada təkcə çay mühiti yox, digər mühitlərin də çirklənməsinə təsir göstərir. Bunun bərpa edilməsi uzun vaxt alır", - deyə o qeyd edib.

Qeyd edək ki, Oxçuçay Arazın sol qoludur. Ermənistan Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir.

Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.