Dünya

Payız bizə nə vəd edir?

30 Avqust 2014 23:01
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərdoğanın Türkiyə prezidenti seçilməsi yeni ictimai barışıq erası vəd edir 

Türkiyə siyasətində qızmar yay sona çatmaqdadır. Avqustun 10-da ölkədə ilk dəfə olaraq prezident ümumxalq səsverməsi yolu ilə seçildi. Xalq öz seçimini etdi. Əksər ekspertlərin proqnozlaşdırdığı kimi, seçkidə qələbəni Ədalət və İnkişaf Partiyasının (ƏİP) lideri Rəcəb Tayyib Ərdoğan qazandı. Beləliklə, o, 12 illik baş nazirlikdən sonra Türkiyənin 12-ci prezidenti oldu.
 

Ərdoğan seçicilərin, təxminən, 52%-nin səsini qazanıb. Onun əsas rəqibi - müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CXP) və Millətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi Ekmələddin İhsanoğluya (2005-ci ildən 2014-cü ilədək İslam Əməkdaşıq Təşkilatının baş katibi olub) seçicilərin 39%-i səs verib.
 

Türkiyədə seçki kampaniyası qızğın mübarizə şəraitində keçib. Martda yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkinin nəticələri göstərmişdi ki, Ərdoğanla İhsanoğlunun şansları, təxminən, bərabərdir. Ərdoğan həmin seçkidə 45,6, CXP və MHP isə müvafiq olaraq 27,8 və 15,2% səs qazanmışdılar. Yəni müxalifətin iki əsas partiyası əhalinin, təxminən, 43%-nin dəstəyini almışdılar və prezident seçkisinə onlar vahid namizədlə gedirdilər.
 

Belə olan təqdirdə, prezident seçkisində həlledici rolu kürdpərəst təşkilatların, ilk növbədə, Sülh və Demokratiya Partiyasının (SDP) tərəfdarlarının səsi həll edə bilərdi. Bu partiya seçkiyə Səlahəddin Dəmirtaşla qatılmışdı. CXP lideri Kamal Kılıçdaroğlu səsvermə ərəfəsində aparıcı kürd siyasətçilərlə bir araya gələrək məsləhətləşmə də aparmışdı. Görüşdə tərəflər seçkinin mümkün ikinci turunda kürdlərin müxalifətin namizədini dəstəkləməsi məsələsini müzakirə etmişdilər. Ekspertlər Kamalçılarla millətçilərin "kürd məsələsi"nin həllinə zəmanət verəcəkləri təqdirdə, bu ssenarini istisna etmirdilər. Amma kürdlər sonda seçimlərini müxalifətin xeyrinə etmədilər. Çünki lap əvvəldən seçkidə Ərdoğanın qalib gəlməsi şansı daha yüksək qiymətləndirilirdi və bu baxımdan onun rəqibinin dəstəklənməsi praqmatik addım olmazdı. Amma heç buna da ehtiyac olmadı. Çünki Ərdoğan seçkinin ilk turundaca qələbəsini təmin etdi. Kürdlərin namizədi Səlahəddin Dəmirtaş səsvermədə yalnız 9%-dən bir qədər artıq səs qazana bildi (ona əsasən ölkənin şərqində və cənub-şərqində yerləşən və əhalisi, əsasən, kürd olan vilayətlər dəstək verdi).
 

Seçkidən sonra Ərdoğan "xalqın qərarını verdiyini və öz səsilə iradəsini ortaya qoyduğunu" bəyan edib. O, xalqa yeni ictimai barışıq erası vədi verib. Əslində, hazırda Türkiyə üçün ən aktual məsələ məhz budur. Çünki son illərdə ölkədə hökumətlə müxalifət dairələri arasında qarşıdurma son dərəcə gərginləşib, kütləvi aksiyalar daha intensiv xarakter alıb, çoxsaylı siyasi və korrupsiya qalmaqalları yaşanıb. İndi söhbət heç də yalnız Türkiyədə daxili sabitliyə əsas maneə sayılan kürd probleminin tezliklə həllindən getmir.
 

Seçkiqabağı kampaniya Ərdoğanla "dövlət içərisində dövlət", "paralel dövlət" adlandırılan qüvvə arasında qarşıdurma şəraitində keçib. Söhbət ABŞ-da yaşayan müsəlman təbliğçisi Fətullah Gülənin rəhbərlik etdiyi qüvvədən gedir. Gülənçilərlə mübarizədə Türkiyə hökuməti hüquq mühafizə orqanlarında ciddi təmizləmə əməliyyatı aparıb. Hətta seçki kampaniyasının son günlərində Gülənin tərəfdarı sayılan onlarla polis həbs edilib. Onlar istər hakimiyyət, istərsə də müxalifət təmsilçilərinin, o cümlədən baş nazirin ailə üzvlərinin telefon danışıqlarının dinlənilməsində şübhəli bilinirlər.

Türkiyədə vəziyyətin sabitləşməsi xüsusilə parlament respublikasından prezident respublikasına keçid şəraitində xüsusi önəm qazanır. Prezident seçkisi bu prosesdə ilk əhəmiyyətli addım sayıla bilər. Səsvermə mötədil islamçı qüvvə hesab olunan hakim partiyanın populyarlığını bir daha təsdiqləyib. Bununla yanaşı, İhsanoğlunun əhalinin kifayət qədər böyük hissəsi tərəfindən dəstəklənməsi Türkiyədə Ərdoğanın siyasətindən heç də hamının razı olmadığını göstərən daha bir siqnal sayıla bilər.
 

Şübhəsiz ki, Ərdoğanın baş nazirliyi dönəmində Türkiyədə iqtisadi baxımdan əhəmiyyətli irəliləyiş baş verib. ƏİP liderinin seçkiqabağı kampaniyadakı əsas kozırı da, məhz, bu olub. Bundan başqa, Ərdoğan 2023-cü ildə - Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ölkənin dünyanın ən güclü iqtisadiyyatlarından birinə çevriləcəyini bəyan edib. Amma hökumətin dövlətin banisi Mustafa Kamal Atatürkün siyasi və ideoloji irsinə köklü şəkildə yenidən baxmaq cəhdləri dünyəvi dövlətçilik tərəfdarları tərəfindən narazılıqla qarşılanır. Ərdoğan qarşıdakı prezidentliyi dövründə bununla hesablaşmalı olacaq.
 

Türkiyə ictimaiyyətinin ölkənin xarici siyasətinə də münasibəti birmənalı deyil. Qəzzadakı müharibə ilə əlaqədar olaraq, Türkiyədəki seçki marafonunda əhəmiyyətli mövzulardan biri də Yaxın Şərq problemi idi. Ərdoğanın antiisrail ritorikası (İsraili fələstinlilərə qarşı "sistemli soyqırımı" törətməkdə ittiham edən Ərdoğan prezident seçildikdən cəmi 1 gün sonra ölkəsinin Qəzzanın blokadasını yarmaq üçün yeni flotiliya yaradacağını açıqlayıb) onun Türkiyənin mühafizəkar dairələrində mövqelərini gücləndirməsinə imkan verib.
 

Bununla yanaşı, Ankaranın Yaxın Şərq münaqişəsinə, "ərəb inqilabı"nın baş verdiyi ölkələrin daxili işlərinə fəal müdaxiləsinə etiraz edən türklərin sayı getdikcə artır. Suriya münaqişəsinə müdaxilə Türkiyənin başağrısını xüsusilə artırıb. CXP və MHP hesab edir ki, məhz Ərdoğanın xarici siyasətdə yol verdiyi səhvlər Türkiyəni Yaxın Şərq "bataqlığı"na batırıb. Müxalifətçilərin fikrincə, məhz bu siyasət nəticəsində dünyada çoxları onları az qala "cihadçılar"ın tərəfdarı sayır.
 

Eyni zamanda Ərdoğanın baş nazir postunu tutduğu dövrdə Türkiyənin Qara dəniz və Cənubi Qafqaz siyasətindəki rolunu artırdığına şübhə yoxdur. Nəticədə, Ankara Moskva ilə birlikdə regional təhlükəsizliyin böyük "dirəyi" kimi çıxış edir. Şübhəsiz ki, indi Ərdoğan Türkiyə dövlətinin başçısı kimi bu istiqamətdə uğurlarını daha da inkişaf etdirməyə çalışacaq. Bu mənada Ankaranın xarici siyasətində Qarabağ münaqişəsinin həlli, Azərbaycanla strateji ittifaqın yaradılması öz əhəmiyyətini daha da artıracaq.
 

Bir məqama da diqqət çəkmək lazımdır: Türkiyədə məhz prezident seçkisi kampaniyasının getdiyi vaxtda dünyanın ayrı-ayrı dairələri Ermənistan-Türkiyə sərhədinin açılması məsələsini yenidən gündəmə gətiriblər. Rəsmi İrəvan ona himayədarlıq edən Qərb fövqəldövlətləri durmadan 2009-cu ildə qəbul olunmuş Sürix protokollarının reallaşdırılmadığını xatırlatmaqdadır. Dünya erməniliyi 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş məlum hadisələrin 100-cü ildönümü ərəfəsində "erməni soyqırımı"nın beynəlxalq birlik tərəfində tanınması istiqamətində səylərini artırır, bu məsələdən Ankaraya təzyiqlərin artırılması üçün istifadə etməyə çalışır. Bununla yanaşı, o da aydındır ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması cəhdləri yalnız ikitərəfli münasibətlərdəki problemlərlə bağlı deyil. Burada ayrı-ayrı xarici güc mərkəzlərinin maraqları da var. Bu mənada Ankara-İrəvan münasibətlərinin normallaşmasında maraqlı olan iki əsas xarici qüvvə - ABŞ və Avropa İttifaqı hesab edir ki, Ermənistanda Türkiyə amilinin meydana çıxması İrəvanın tədricən Rusiyanın nüfuz dairəsindən çıxmasına, müvafiq olaraq Qərbin regionda mövqelərini gücləndirməsinə imkan verəcək.
 

Amma reallıq ondan ibarətdir ki, İrəvan Türkiyə ilə münasibətlərin normallaşmasını arzulasa da (bu, ağır iqtisadi böhranda olan Ermənistan üçün xilas ola bilər), iki ölkə arasında sərhədlərin açılması perspektivi əvvəlkitək dumanlı görünür. Rəsmi Ankara Qərbin "erməni məsələsi"lə bağlı təzyiqlərinin qarşısına öz prinsipial mövqeyilə çıxır: İrəvanla münasibətlərin qaydaya salınması yalnız Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmasından sonra mümkündür. Türkiyənin hazırkı dövlət başçısı Abdullah Gülün yaxın silahdaşı, Türkiyə prezidenti yanında xarici məsələlər üzrə məşvərət şurasının üzvü Gürcan Türkoğlu bildirib ki, "Ermənistanla sərhədlərin tezliklə açılacağına dair iddiaların heç bir əsası yoxdur".
 

Erməni ekspertlər Ərdoğanın prezidentliyi dövründə Ankaranın daha sərt xarici siyasət yürüdə biləcəyindən narahatlıqlarını gizlətmirlər. Bu halda Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan, İrəvanın Türkiyə ilə iqtisadi əməkdaşlıq qurmaq arzularının reallaşması mümkünsüz görünür.

Ərdoğanın prezident kimi ilk xarici səfərini Azərbaycana etməyə hazırlaşması da daha bir maraqlı məqamdır. Bununla da, son 15 ilin ənənəsi davam etmiş olacaq. Xatırladaq ki, son 15 ildə Türkiyənin yeni seçilmiş prezidentləri ilk xarici səfərlərini məhz Bakıya ediblər.

"Region Plyus" 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.