İdman

Qurban Qurbanov: "Heyf ki, onlar oynamayacaqlar"

27 Noyabr 2014 10:05
14 Şərh     Baxış: 2 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Yaxşı komandaya qarşı oynayacağıq.  Ağır oyun bizi gözləyir. "Sent-Etyen" güclü, komplektləşmiş komandadır. Rəqibin iki oyunçusu istisna olmaqla, hamısı hazırdır. Qrupda 4 xal toplayan hər üç komandanın 1/16 finala yüksəlmək şansı var".

Qol.az-ın məlumatına görə, bu sözləri dünən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə bugünkü matç öncəsi keçirilən mətbuat konfransında deyib.

- Matçda Bakıdakından fərqli oyun sərgiləyəcəyinizi gözləyirsiniz?

- Üstünlük rəqibdədir. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq.

- Legionerlərin oynamamağı sizin manevr imkanınızı azalda bilərmi?

- Düzgün qeyd etdiyiniz kimi, futbolçuların hər biri önəmlidir. Təəssüf ki, legioner futbolçuların bəziləri zədəlidirlər. Əlimdə seçim imkanı azdır. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edirlər və uğur üçün əllərindən gələni edəcəklər.

- Zədəli oyunçularınız tez-tez olur. Sizə qarşı kobud oynayırlar, yoxsa hazırlıq prosesində nəsə problem olub?

- Zədədən heç kim sığortalanmayıb. Hazırlıqla bağlı problem olmayıb. Müasir futbol çoxlu sürət tələb edir. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdur. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaqlar. Amma buna baxmayaraq, matç rahat olacaq. Çünki rəqibi tanıyırıq və daha yaxşı oynamağa çalışacağıq.

- Bugünkü "Sent-Etyen"i necə qiymətləndirirsiniz?

- "Sent-Etyen"ə hörmətlə yanaşırıq. Dediyimiz kimi, komplektləşmiş komandadır. Bütün işi komanda şəklində görürlər. "Sent-Etyen" hər bir komanda üçün çətin rəqibdir.  Fransa çempionatında liderlə xal fərqinin az olması "Sent-Etyen"in gücünü göstərir.  Rəqib məşqçinin əlində futbolçularla bağlı seçim imkanı çoxdur. Düşünürəm ki, maraqlı oyun olacaq.

 - Sabakı nəticə dönmə nöqtəsi ola bilər. "Sent-Etyen" qrupda bütün oyunlarda heç-heçə edib. Bu məqama fikir vermisiniz?

-  Qısa deyim ki, rəqib çox heç-heçə edib.  Bu da onların güclü müdafiə xəttindən xəbər verir. Həm qol buraxmamaq, həm də qol vurmaq gücləri var. Bütün bunları nəzərə almışıq.

- Qrupdan çıxmaq üçün neçə xal bəs edir?

- Neçə xal bəs edəcəyini bilmirəm, amma indiki xalımız qrupdan çıxmağa bəs etmir. İnsana xəyallar mane olur. Şanslarımızdan maksimum istifadə etməliyik. Xəyallarla yaşasaq, uduzarıq. Düzgün işləsək, nəticə də olar.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.