İdman

"Qarabağ"ın futbolçusu: "Bakıda qalib gələ bilməyəcəyimiz komanda yoxdur"

17 Sentyabr 2014 16:36
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində sabah Fransanın "Sent Etyen" klubu ilə qarşılaşacaqları oyun haqda qol.az saytının suallarını cavablandırıb

- Sabahkı oyunu hamı maraqla gözləyir. Bəs "Qarabağ"ın futbolçuları bu vacib qarşılaşma haqda nə düşünür?

- Bilirik ki, sabah stadiona xeyli azarkeş gələcək. Böyük ajiotaj olacaq. Biz də əlimizdən gələni əsirgəməyəcəyik ki, xalqımıza və özümüzə qələbə bəxş edək. Ancaq hər nəticəyə hazır olmaq lazımdır. Məğlub da ola bilərik. Hər halda hazırlığımız yüksək səviyyədədir. Yaxşı oyunla qələbə qazanmaq istəyirik. Bir şeyi də unutmayaq ki, "Sent Etyen" Fransanın ən yaxşı komandalarından biridir. Çox güclü rəqibə qarşı oynayacağıq.
 

- Rəqib futbolçularının çoxu "Qarabağ"ı tanımadığını deyib. Siz necə, rəqib haqda məlumatlısınız?

- Onların bizi tanımaması normaldır. Çünki Fransa Liqası bizim çempionatdan xeyli üstündür. Əsas odur ki, biz rəqibimizi çox yaxşı tanıyırıq. Necə oynadıqlarını, hansı futbolçularının olduğunu bilirik. Klubumuzun nümayəndəsi "Sent Etyen"in son oyununu izləyib. Baş məşqçimiz əldə etdiyi məlumatları bizə çatdırıb.
 

- İlk oyununuzun evdə "Sent Etyen"lə olmasını ən uyğun variant hesab etmək olar?

- Bizim üçün hər üç komanda eynidir. Bu reallıqdır ki, rəqiblərimizin səviyyəsi bizdən üstündür. Ona görə də ilk dəfə onlardan hansı ilə qarşılaşacağımızın fərqi yoxdur. Yaxşı hal odur ki, ilk oyunumuzu evdə keçiririk. Bu, bizim üçün fürsətdir.
 

- Digər rəqiblərə nisbətən "Sent Etyen"dən daha çox xal almaq olar?

- Mən belə deməzdim. Çünki "Sent Etyen"ni qrupumuzun liderlərindən görürəm. Zəif komanda deyil. Çalışdığmız qədər evdə yaxşı oynayıb, qələbə qazanmaq istəyirik. Futbolda istənilən nəticə qeydə alınır. Bakıda, azarkeşlərimiz önündə məğlub edə bilməyəcəyimiz komanda yoxdur. Amma indidən deyə bilmərik ki, "Sent Etyen"dən neçə xal ala bilərik. Rəqibimizi güclü sayırıq. Çalışacağıq ki, sona qədər mübarizə aparaq.
 

- Respublika stadionuna yeni ot örtüyü döşənib. Yəqin "Qarabağ"dan daha baxımlı oyun görəcəyik.

- Əlbəttə, bu da bizim oyunumuza yaxşı təsir edəcək. Nəzərə almalıyıq ki, "Sent Etyen" də həmişə yaxşı meydançalarda oynayıb.
 

- "Qarabağ" uzun illər qrup mərhələsi üçün mübarizə apardı və buna nail oldu. Qrupdan çıxıb Azərbaycan futbolunda yeni tarix yazmaq kimi bir hədəfiniz var?

- Bəli, klub prezidentindən tutmuş futbolçulara qədər daim uğur axtarırıq ki, daha irəli gedək. Kim istəməz ki, qrupdan çıxsın? Ancaq hər şeyin vaxtı var. İndiyə qədər pley-off mərhələsinə qədər gələ bilirdik. Bütün komanda şəklində çatışmazlıqları aradan qaldırıb, hədəfimizə çatdıq. Yeni tarix yazmaq üçün daha çox çalışmalıyıq. Hər halda bizim istəyimiz qrupdan çıxmaqdır.
 

- Bu işdə "Qarabağ"a inananlar çoxdur.

- Əlbəttə, inam uğurun yarısıdır. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. Həmişə onlara ehtiyacımız var.
 

- Azarkeşlər son oyunlarda "Qarabağ"ı tək qoymur.

- Həqiqətən, son dövrlər azarkeşlərimiz möhtəşəmdir. Bəzən oyun zamanı bizi elə dəstəkləyirlər ki, tüklərim biz-biz olur. Biz də həmişə onlar üçün oynayırıq. Azarkeşlər meydana qələbə üçün gəlir. Sabah da onları sevindirmək istəyirik.
 

- Hər halda "Qarabağ" baxımlı oyun göstərməsə, azarkeşlərin də sayı azalar.

- İnanmıram ki, bizim azarkeşlər məğlub olduğumuz üçün bizdən incisinlər. Bir məğlubiyyətə görə onlar bizdən üz döndərməzlər. Məncə, məğlub olsaq, azarkeşlər növbəti oyuna daha çox gələrlər.
 

- Baxımlı oyunu nəzərdə tuturam.
 

- Tarixdə daha çox nəticə qalır. İndiyə qədər Avroliqanın pley-off mərhələsinə qədər baxımlı oyunumuzla gəlmişik. Amma nəticə istədiyimiz kimi olmurdu. Buna görə də bundan sonra nəticəni də düşünməliyik. Çalışdığımız qədər sabah da baxımlı futbol sərgiləyəcəyik ki, hamı oyundan razı qalsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.