İdman

Robert Prosineçki: Bir yox, bir neçə qol vurmağımızı istərdim

27 Mart 2015 22:49
1 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.

Milli.Az azerisport.az-a istinadən sizi xorvatiyalı mütəxəssisin fikirləri ilə tanış edir.

- "Neftçi"nin futbolçularından niyə heç kimi bu toplanışa dəvət etməmisiniz?
 

- Mən bu barədə artıq danışmışam və bir daha təkrar edirəm ki, dəvət etdiyim futbolçular ən yaxşılardır. Təəssüf ki, heyətdə "Neftçi"nin futbolçuları yoxdur. Sadəcə, bu komandada bizə kömək edə biləcək futbolçu yox idi. Amma bu, o demək deyil ki, "Neftçi"nin futbolçuları sonralar da yığmaya dəvət almayacaq.

- Hücumun cinahları ilə bağlı problem olduğunu nəzərə alsaq, heyəti necə qurmağı düşünürsünüz?
 

- Rauf Əliyevin zədəsi var idi. "Neftçi"yə keçəndən sonra hələ bir dəfə də qol vura bilməyib. Elə seçmə mərhələdə də fərqlənməyib. Amma bu, onun heç vaxt milliyə çağırılmayacağı anlamına gəlmir. Rauf bu oyunda bizə kömək edə bilməzdi. Hücumla bağlı problemimiz yoxdur. Uşaqlar artıq ilk dəqiqələrdən kimin oynayacağını bilir. Motivasiya çox yüksəkdir. Raufun isə hələ özünü göstərmək şansı olacaq.

- Siz oyun təcrübəsi olmayan futbolçuları milliyə dəvət etməyəcəyinizi desəniz də, Eddi İsrafilova, Vaqif Cavadova, Emil Balayevə dəvət göndərmisiniz. Əvəzində mütəmadi oynayan, çempionatın bombardiri olan Nurlan Novruzova dəvət göndərməmisiniz. Niyə?
 

- Mən elə futbolçuların yığmanın start heyətində yer almayacağını demişəm, milliyə ümumiyyətlə dəvət almayacağını yox. Siz "Neftçi"nin çempionatdakı son oyununu görmüsünüz? Emilə gəlincə, biz onu Səlahət Ağayev xəstələndiyinə görə çağırdıq. O, gənc qapıçıdır. Biz gələcəyi də düşünməliyik. Yığmaya dəvət etdiyim futbolçular yaxşı formada olanlardır. Nurlanın bombardir olduğunu bilirəm. Amma o, mənə lazım olan futbolçulardan deyil. Mənim oyun üslubuma uyğun gəlmir. Məncə, Məhəmməd Qurbanovda daha böyük potensial var, nəinki onda.

- Maltanın baş məşqçisi Pyetro Qedin bəyan edib ki, Azərbaycan yığması oyunlar zamanı həyacanlı görünür...
 

- Onun hansı həyacandan danışdığını bilmirəm. Müsbət həyacan normaldır. Mən özüm də futbolçu olmuşam. Komandama inanıram.

- Millimizin planlarını nə poza bilər?
 

- Ümid edirəm ki, planlarımızı heç nə pozmayacaq. Stadionun tam dolacağına və hamını sevindirəcəyimizə inanıram. Bir yox, bir neçə qol vurmağımızı istərdim. Gəlin dözümlü olaq və ən yaxşısına ümid edək.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.