Cəmiyyət

Bakı metrosunda "asan ölüm" axtarmayın

9 Fevral 2016 21:18
4 Şərh     Baxış: 4 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz sizin üçün işləyirik, siz də bizim!"  Mərhum sənətkarımız Hacıbaba Bağırovun oynadığı obrazın diliylə dediyi bu sözləri, yəqin ki, çoxlarınız xatırladız, deyilmi?! Bu dəfə teatrdan danışmayacağıq. Amma mütləq bir gün həmin sənət sahiblərinə də qonaq gedəcəyik. Hələliksə xanım metro əməkdaşlarının biri ilə həmsöhbət olmuşuq.

Milli.Az-da "Peşəsinin adamı" layihəsi vasitəsilə fərqli, zəhməti daha çox olan peşə sahibləri ilə ünsiyyətimiz davam edəcək. Axı onlardan kimisi asayişimizin keşiyini çəkir, digəri sağlamlığımızın qeydinə qalır. Başqa biriləri isə həyatımızın xilası naminə özünü təhlükəyə atır... Bəlkə də  sonucu cümlə çoxlarını "qıcıqlandıracaq", dil-dodağını dişləməyə məcbur edəcək. Maaşını alır, işini görür də - deyib başınızı bulayacaqsız. Bizim üçün niyə işləyir ey? - deyib ağız büzəcək, öz-özünüzə "ağıllı" suallar ünvanlayacaqsız. Bir çox fikirlər, tənqidlər, qınaqlar olacaq. Amma hələ tələsməyin ki, təndirə də öz ayağınızla düşməyəsiz.

Sizə birər-birər anladacağıq ki, biz niyə fərqli peşələrdən danışırıq. Sən, mən, biz, Əlisi, Vəlisi, Mustafası - bir sözlə, filankəslər evində mışıl-mışıl yatanda metropoliten əməkdaşları çalışırlar. Növbəli olaraq işləyirlər. Sən işdən evə gəlib serial izləyəndə, futbola baxanda onun işi başlayır. Bəli, bu, kiminsə təzyiqi, məcburiyyətilə deyil, funksional vəzifələrdən irəli gəlir, peşənin tələbidir. Amma sıradan deyil, fərqli peşənin... Zəhmətləri böyükdür, bununçün də onlar üçün vaxt ayırmağa, fikirlərimizi "xərcləməyə", qələm işlətməyə dəyər.

Həmsöhbətimizin təqdimatından öncə metropoliten əməkdaşlarının işlərinə maneçilik törədən sərnişinlərdən, onların yol verdikləri nöqsanlardan danışacağıq.

Heç rəvadırmı ki, "vəzifə borclarıdır" yanlış düşüncəsi ilə əlavə qayğılarla yükləyək? İşidir deyə perronda, vaqonda tum çırtlayıb qabıqlarını ətrafa səpələməliyik, saqqızı çeynəyib dadı qaçanda harasa yapışdırmalıyıq bəyəm?

Bəlli! Bu yazdıqlarımızı siz edirsiz, hörmətli sərnişinlər!
...Hələ bu azmış kimi nəzarətçi xanımları yerli-yersiz narahat etməyiniz bir ayrı rüsvayçılıqdır. Bu da azmış kimi, birilərinə "centlmenlik" edib qapıları tutub saxlayırsız da... Nəticədə arxadan gələn qatarın qrafikinə girib, digər sərnişinlər üçün də təhlükə yaratmış olursuz.

Bəyəm sadaladıqlarımızdan bixəbərsiz?

...Düşünməyin ki, məsələni dərəcəsindən artıq temperaturda "bişirib-düşürürük". Xeyr, bu reallıqdır. Hələ deyilənlər metropoliten əməkdaşlarının işinə yaratdığınız əngəllərdir. Sərnişinlər olaraq bir-birinizlə davranış qaydaları, böyüyə yer vermək, kiçiyi saymaq və s. məsələlərdən danışsaq, xeyli vaxt gedəcək. Həm də çox rəng verib, rəng alacaqsız.

Emosiyalarımıza hakim olub  Bakı Metropoliteninin "Nəriman Nəimanov" stansiyasında keçirdiyimiz bir günü təqdim edək.

- Alo... Almaz xanım, platformadayıq.
- Almaz xanım: Mərkəzə doğru gəlin...

Gözümüz müsahibimizi axtarır. Polisdən soruşuruq:  Almaz Məsimovanı tanımırsız?
Polis: O biri  tərəfə keçin - deyib istiqamətimizi  dəyişdirdi. Bir az da iri addımlarla irəlilədik. - Salam-aleykum, Almaz xanımı tanımırsız?
Dodaqları qaçdı, azacıq gülümsündü: "Mənəm", - dedi.

UUUUUUUUUUUUUU...
Əlindəki alətlə (düşündüyüm ilk sual... bu alətin adı nədir?) qatarı yola saldı.

Sonra növbəti istiqamətə keçib gələn qatarı qarşıladı. Qatarın səsindən eşidə bilmədiyimizə görə, bir-birimizlə salamdan başqa kəlmə kəsmədik.

Yaranan sükutu xəstəxanaya, parka olan çıxışı soruşan adamlar pozurlar. Müsahibimiz də onları cavablandırır... Növbəti qatarı da qəbul edib yola saldı. Daxili telefonla platformaya əvəzlədiyi növbətçini çağırır.

Almaz: Bu gün stansiya növbətçisi olduğum üçün qatarları qəbul edib, yola salan növbətçiyə də fasilə verirəm ki, o da istirahət edə bilsin. Bir neçə saniyədən sonra həmin növbətçi əməkdaş gəldi. Əlindəki aləti ona verdi. 

Almaz: Gəlin, otağa keçək. 
Ensiz... yarı işıqlı, yarı işıqsız səki ...buradan yalnız metropoliten əməkdaşları istifadə edirlər.
Otağa keçdik...  Kompüter arxasında orta yaşlı xanım əyləşib. Almaz xanım bizi ona təqdim edir. Başı ilə salamımızı aldı...

...Hələlik işinizdən...
- 1996-ci il, yanvar ayının 6-dan bu günə kimi Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında çalışıram. Stansiyanın mərkəzləşmə məntəqəsi, Nərimanov-Gənclik, Nərimanov-Ulduz mənzilində qatarların hərəkətlərinin təşkili və nizamlanması, sərnişinlərin qəbul edilib-yola salınması və mənzilbaşına çatmasına cavabdehlik daşıyırıq.

"N.Nərimanov" stansiyası yoldavamiyyətli stansiya olduğu üçün həm mərkəzləşmiş məntəqə, həm də stansiya növbətçisi olur. Mərkəzləşmiş məntəqə növbətçisi yalnız hərəkətlə bağlı işlərə baxır.

...Qatarın tuneldə qalmasının və gecikməsinin, ya da işıqların sönməsinin  şahidi olmusuz. Vay o günə ki, harasa tələsəsiz. Sadaladıqlarımız həmin gün xəbər saytlarının manşeti, sosial şəbəkələrin "qaymaq" mövzusu olur. Həmin anda bir azca səbirli olun. Anındaca metropolitenin xidmət səviyyəsini yuyub-sərməyin. Cənablar, burada da bir az ayaq saxlayın! Sözügedən məsələdə yalnız Bakı Metropoliteni və onun əməkdaşları  günahkar deyillər. Gəlin çöpü elə öz gözümüzdə də axtaraq. Yəqin ki, hansı simə vurduğum anlaşıldı.  

Davam edirik...
Almaz: Mən bu gün (müsahibə verdiyi gün) stansiya növbətçisiyəm. Stansiya növbətçisi stansiyanın "sahibə"sidir. Stansiyada baş verən bütün hadisələrə, tabelikdə olan işçilərə (xadimələr, növbətçilər, elektriklər...) stansiya növbətçisi məsuliyyət daşıyır. Hansısa bir hadisə baş verərsə, mən cavabdehəm. Özüm də stansiya rəisinə tabeyəm. Qatarların qəbul edilib yola salınması, növbətçiyə fasilə vermək, tunelə gedən işçiləri ötürüb qarşılamaq, stansiyanın təmizliyinə, sərnişinlərlə hansısa bir problemi yarananda - stansiyada dayanarkən telefon əlinizdən yerə düşür (gülür) - bunun da həllinə biz, yəni mərkəzləşmiş məntəqə növbətçisi baxırıq.

Bu peşənin səfası olduğu kimi, cəfası da az deyil 
     
- Metropoliten mürəkkəb logistik sistemdir, saat dəqiqliyi ilə işləməlidir. Hər bir metropoliten əməkdaşının vəzifəsi  bu dəqiqliyi öz xidməti vəzifəsi daxilində təmin etməkdir. Çalışdığım Hərəkət xidmətini Bakı Metropoliteninin vizit kartı da saymaq olar. Ona görə ki, sərnişin metroya daxil olanda ilk rastlaşdığı şəxslər xidmətimizin əməkdaşlarıdır və təbii ki, onun ilk təəssüratları da bizim davranışımızdan və ona göstərdiyimiz xidmətin keyfiyyətindən asılıdır. 

 ...Almaz xanım texniki sahədən tamamilə uzaq bir insan olub. Biləndə ki, 10 il  tibb bacısı işləyib, onu daha da diqqətlə dinlədik ki, bu peşəni seçməsi hansı zərurətdən irəli gəlib?

Bilirsiz ki, 90-cı illərdə ölkə iqtisadiyyatında böyük çətinliklər yaşanırdı. Güzəran yaxşı deyildi. Amma Bakı Metropolitenində (maddi nöqteyi-nəzərdən) vəziyyət  sabit idi. Maddi vəziyyətimizi yaxşılaşdırmaq üçün seçmişəm. Yaxın rəfiqəm Bakı Metropolitenində, özü də  elə "N.Nərimanov" stansiyasında işləyirdi, çox savadlı mərkəzləşmiş məntəqə növbətçisi idi. Onun köməyi ilə xidmət rəisi Amil Nəsirovun yanına gəldim. Rəfiqəm xidmət rəisinə təhsilimlə maraqlanacağını və hazırlaşdıracağını söz verdi.

Məndən yaxşı növbətçi olacağını dedi. Birinci, qatarları qəbul edib yola salan növbətçi vəzifəsini icra etdim (yeni gələndə hamı buradan başlayır). İki aydan sonra imtahan verdim. Bizdə hər şey imtahanladır. Öz kitablarımız, təlimatlarımız var. Onların hamısını bir-bir öyrənirsən, imtahan verib, müəyyən bir mərhələdən keçəndən sonra stansiya növbətçisi olursan. İki il stansiya növbətçisi işləmişəm. İki ildən sonra hərəkət xidmətinin nəzdində kursu bitirəndən bu günə kimi, düz 18 ildir ki, mərkəzləşmiş məntəqə növbətçisi vəzifəsində çalışıram.

...Yaşından asılı olmayaraq, bu fərqli peşənin sahibləri təqaüdə çıxana qədər tələbədirlər. Çünki iki ildən bir dövri imtahan verirlər. Testlə verilən bu imtahanların həyəcanı heç də ali məktəbə  hazırlaşan abturiyentlərin həyəcanından az olmur.

Almaz xanım: Eyni zamanda, vaxtaşırı qəza-məşq oyunları, müxtəlif instruktajlar, sual-cavablar da həyata keçirilir. Əslində belə də olmalıdır! Metropolitenin əsas təlimatlarından biri, texniki istismar qaydalarının ilk başlığı, metropoliten işçisinin əsas vəzifəlirinin bir bəndi belədir:

"Metropoliten işçisi qatarların hərəkət təhlükəsizliyini təmin etməklə sərnişinlərə mədəni xidmət göstərməlidir".

Minlərlə sərnişinin təhlükəsizliyini təmin etmək üçün isə sənin kamil texniki biliklərin və nizam-intizamın olmalıdır. Ona görə də bizim təhsilimiz bütün işlədiyimiz müddətdə davam edir.

Müsahibimizdən onu da öyrəndik ki, gün ərzində "N.Nərimanov" stansiyasından 50 min sərnişin keçir. 50 min sərnişinlə təmasda olmaq, hansısa problemlərlə üzləşmək çətin deyil ki?

Almaz xanım: Desəm ki, çətin deyil, yalan olar. Sizə bir misal çəkim. Evə bir nəfər adam gələndə onu qarşılayıb yola salana, yır-yığış edənə kimi nə qədər vaxt keçir, enerji itirilir. İndi təsəvvür edin ki, stansiyamızda gündə 50 mindən çox qonaq olur. Bu qədər insanın təhlükəsizliyinin təmini, qəbul edib yola salmaq, işdən sonra stansiyanın təmizliyinə baxmaq, işçilərin hamısnın öz yerində olmasını təmin etmək var... Uzun prosesdir. Əsas məsələ - sərnişinlərimiz göstərilən xidmətin səviyyəsindən razı qalsınlar.

Almaz xanım: Şükür bu günə, işimdən razıyam. Xalqıma xidmət edirəm və bundan zövqlü bir şey ola bilməz. Yorulanda da ləzzət alıram. Çünki bu yorğunluqda zəhmət, qayğı, bacarıq və istək var. 

Gərək peşənin adamı olasan.

- Hər hansı təhlükəli anların və ya qəza, partlayış təzahürlərinin şahidi olmusuz?

Söhbətimizin mövzusu kimi, Almaz xanımın da  əhvalı  birdən dəyişdi.  Yerində qımıldandı, dərindən nəfəs aldı. Üz cizgilərindən sezilirdi ki, belə hadisələrin şahidi olmayıb və buna görə özünü çox şanslı hesab edir. Əks-təqdiri düşünəndə isə təəssüflənir.

Almaz xanım: Allahıma çox şükür ki, mən bu 20 illik faəliyyətimdə belə hadisəyə rast gəlməmişəm. Amma o insanlarla işləmişəm ki, 1994-cü il "Gənclik" stansiyasında baş verən və 1995-ci il oktyabr hadisəsinin şahidləri olublar. Allah uzaq eləsin, həm metromuzdan, həm də  sərnişinlərimizdən...

Susdu...

- Almaz xanım, nə oldu? Gəlin tək bizi kədərləndirən hadisələrdən  yox, həm də xoş anlardan, olub-keçənlərdən danışaq. 

- Bütün metropoliten əməkdaşları mənimlə razılaşarlar ki, ən yaddaqalan hadisələrdən biri bizim 35 illiyimizin Respublika Sarayında dövlət səviyyəsində qeyd edilməsi və ulu öndər Heydər Əliyevin bu sevincli gündə metropoliten əməkdaşlarının yanında olması idi. Daha sonra, metronun ən unudulmaz tarixi 2008-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyevin 28 oktyabrı Metropoliten işçilərinin peşə bayramı kimi qeyd edilməsi haqqında sərəncamı olub.

Metroda  ASAN ölüm axtarmayın!..

...Sevgilisindən ayrılan, həyat yoldaşından boşanan, qaynanası ilə mübahisə edən və digər ailə-məişət mövzusunda problemləri olanlar tək çıxış yolu kimi intiharı seçirlər. İntiharı isə kütlə qarşısında reallaşdırmaq artıq ənənə halını alıb. Bu mənada, intihar məqsədilə özünü qatarın altına atanlar da az deyil. Dəyərli həmvətənlərim! Bunu da bilin ki, relsdəki gərginlik adamı öldürəcək dərəcədə olmasa da, amma ömürlük şikəstliyinizə rəvac verə bilər.

Almaz xanım: Siz media nüməyəndələrinin vasitəsilə xahiş edirik ki, insanlar özlərini qatarın altına atmasınlar və ümumiyyətlə intihar fikrindən daşınsınlar! Metroda ASAN ÖLÜM axtarmayın! Ya siz oraya düşüb özünüzə zərər verəcəksiz, ya da o qatarı sürən maşinist elə bir şok zərbəsi alacaq ki, bunu sözlə izah etmək mümkün deyil. Axı onlar 12 saat minlərlə adam daşıyırlar... Canınıza qəsd etməyin!

Söhbət zamanı yalnız şərnişinlərimizin yol verdikləri nöqsanlardan danışmadıq. Almaz xanım da bizimlə razılaşdı ki, həmkarları arasında işinə dırnaqarası yanaşanlar da var.

Almaz  xanım: Hər işdə olduğu kimi, metropoliten əməkdaşları arasında da vəzifəsinə bir qədər məsuliyyətsiz yanaşanlara rast gəlmək mümkündür. Lakin bu halda da bir-iki nəfərə görə bütün metro əməkdaşları haqda neqativ fikir yaratmağın düzgün olmadığını nəzərə almaq lazımdır. Bilirsiz ki, metropoliten yarımhərbi bir qurumdur. Vəzifə təlimatında yazılıb ki, metropoliten işçisi sərnişinlərə mədəni xidmət göstərməlidir. Deməli, biz sərnişinlərə hər hansı kobudluq və  ya hörmətsizlik ediriksə, vəzifə borcumuzu pozuruq. Və buna görə də ciddi intizam tənbehi alırıq.

- Niyə Hərəkət Xidmətində əməkdaşlarınızın çoxu xanımlardır?

Almaz xanım: Hərəkət xidməti üzdə olan xidmət olduğuna görə, burada qadınların işləməsi daha tez gözə çarpır. Bir də başqa xidmətlərdə də qadınlarımızın sayı az deyil. Gün və növbə ərzində stansiya rəisini və rəis müavinini çıxmaq şərti ilə hərəkətin təşkili ilə 3-4 xanım  məşğul olur. Amma indi oğlanlara da üstünlük verilir. Meropolitenin inkişafı ilə bağlı cavan kadrlar üçün yaranan yeni perspektivlər onların bu sahəyə marağını artırıb.

Hərəkət xidmətinin əməkdaşları, doğrudan da böyük səbr sahibləridir. Müsahibənin əvvəlində qeyd etdik ki, ən azı 5-6 nəfər getmək istədiyi istiqaməti soruşurdu. Tək bircəsi başının üstündəki məxsusi onlar üçün açılmış elektron məlumat lövhəsinə baxmadı. Hansı ki, bu lövhələrdən eşitmə və danışma problemli insanlar belə, istifadə edirlər.

Maşallah olsun, siz ki fiziki problemli deyilsiz. Çox şükür olsun ki,  nuri-didələriniz də tükü-tükdən seçir.

...Müsahibimiz çox səbirlidir. Bunu sərnişinlərin ona ünvanlanan suallarını cavablandırmasından bilmək mümkündür. Deyir, Hərəkət Xidmətinin əməkdaşları gərək psixoloqluğu da bacarsınlar.

Almaz xanım: Ola bilsin, evindən pis əhvalla çıxıb, ya nəsə problemi var. Bayaq gördüz, neçə nəfər yaxınlaşıb xəstəxanaya hansı çıxışdan çıxmağı soruşur. Başa düşmək lazımdır. Özümüzü onların yerinə qoymağı bacarmalıyıq. Və bir də bizim yanlış rəftarımız metropoliten haqda yanlış, mənfi imic deməkdir.

Paqonlarındakı ulduzlar diqqətimi çəkir. Bir anlıq bir xanımın çiyni ailə, uşaq, həyat yükü daşımaqdan ibarət olmadığının xəylına dalırsan...  Bu "omuzlar" həm də ən şərəfli, ləyaqətli zirvələri fəth etmək iqtidarındadır. Bu ulduzlar uzun bir yolun - 20 illik bir fəaliyyətin mükafatı, sadiq şahidləridir.

Almaz xanım: Hər kəsin əməyinin qarşılığını Allah verir. Bu formanı və paqonları daşımaq sözlə ifadə olunmayacaq dərəcədə ali bir hissdir. 

Bəs ulduzları kimlər daşıya bilər?

Platformada dayanan xanımın ulduzu yoxdursa, deməli, Hərəkət Xidmətində ilk mərhələdən başlayıb - yalnız qatarları qəbul edib yola salan növbətçidir. Sonra gəlir II mərhələ. "N. Nərimanov" stansiyası yoldavamiyyəti stansiya və mərkəzləşmiş məntəqə olduğu üçün buradakı əməkdaş xanımların çiynində iki ulduz olur. Daha sonra üç ulduzlu rəis müavini, 4 ulduz isə artıq rəis deməkdir... Ulduzlar artdıqca vəzifə də artır. 

Fikrini bitirər-bitirməz yoldavamiyyəti stansiyası o deməkdir ki... sualımızı əyani şəkildə cavablandırmağı təklif edir. Yolayrıcı qurğuları göstərmək üçün birbaşa tunelə çıxışı olan  dar, ensiz səkiyə qalxdıq. Əli ilə  ayrılan istiqamətləri göstərir. İzah edir ki, hansı stansiyalarda ki yolayrıcı qurğular  quraşdırılıb və onların köməyi ilə qatarları bir yoldan digərinə keçirmək imkanı var, həmin stansiyalar yoldavamiyyti stansiyalar adlanır.

...Bu an qatar yanınızdan sürətlə keçərək stansiyaya girir. Qatarın isti küləyini, rütubətli havanı ciyərlərimizə çəkməyə qıymayan Almaz  xanım  otağa keçməyimizi təklif edir.

Müsahibə aldığımız otaqda (fotolarda gördüyünüz) xüsusi avadanlıqlar vardı. Gözümün bir ucu ilə bu qurğulara baxdığımı hiss edən arif müsahibim: "Gəlin-gəlin, bir az da bundan danışım", - deyib sözügedən avadanlığın qarşısına keçdi.

- Metropoliten açılanda bax bu pultla işləyiblər!.. Bütün işlər əllə olub. İndi isə hamısı avtomatlaşdırılıb. Nadejda Aleksandrovna (bayaq kompüter arxasında olan xanım) pultun qarşısında əyləşir, hansısa işiqforu açır, hansınısa bağlayır. Maşinistlər siqnalla işləyirlər. Hamısı Nadejda xanımın işarəsini gözləyir.

Yeri gəlmişkən, Nadejda Aleksandrovnaya da təşəkkür edək. Süzdüyü ətirli çayın sayəsində belə  uzun müsahibə edə bildik. Dilimiz-dodağımız quruyanda arada boğazımızı yaşladıq...

Hələ ki davam edirik...

Müsahibəmiz səhər saatlarına təsadüf edirdi. Onlar isə hələ 12 saat işləyəcəklər. Uzun bir iş  günü Almaz xanımı və onu əvəz etdiyi növbətçi xanımı gözləyir.

...Amma beynimdə hansısa sual qalmışdı. Dar, ensiz səki ilə platformaya çıxdıq. Qatarları qəbul edib, yola salan xanımın əlindəki alətə elə   müsahibənin əvvəlində "takılmışdım" axı... Demək ki, bu sualı vermək istəyirmişəm.

...Bir dəfə həmkalarımın birindən soruşdum  ki, bu alətin adı nədir? "Əşi, nə bilim, milçəköldürən, - deyib gülmüşdü. 

Hər nədirsə, vacib alətdir. Moşunun qələmi kimi bu da çoxlarının "çörək ağacı"dır. Nəhayət ki, bunu da öyrəndik. Diqqətimizi cəlb edən alətin adı işarə diskidir. Qatarı stansiyaya qəbul edib yola salmaq, maşinistə təhlükə haqqında məlumat və yaxud da hansısa bir informasiyanı ötürmək bu disk vasitəsilə yerinə yetirlir. Təhlükə olanda  qırmızı, hər şey qaydasındadırsa, ağ üzü göstərilir. Qəzasız-bəlasız iş günü arzulayıb platformadan ayrıldıq. Bizi hələ digər fərqli peşəyə sahiblənən zəhmətkeşlər gözləyir.

...Əl qabarına dəyər, sərnişin mədəniyyətinin yüksəlməsi ümidi ilə.

Gülşanə Mustafayeva
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.