Cəmiyyət

Ölkədə "ağ qızıl"ın əvvəlki şöhrətini qaytaracağına ümid artmaqdadır

7 Fevral 2016 23:15
Baxış: 2 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar gəlirli sahə hesab olunan pambıqçılıq üçün yeni era başlana bilər. Artıq dövlət başçısı səviyyəsində bu məsələyə müdaxilə uğurlu gələcəkdən xəbər verir. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, indi bu işlə məşğul olanlarda böyük bir ümid var ki, pambıqçılıq sürətlə inkişaf edərək, əvvəlki şöhrətini qaytaracaq. Bu, həm də əhalinin həyat səviyyəsinin yaxşılaşması və neft asılılığından xilas olmaq yolunda atılan addımların davamıdır.

Azərbaycanda ənənəvi bitkiçilik sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi zəruridir. Bu, dünyada gedən proseslər fonunda Azərbaycanda da qeyri-neft sektorunu inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi fikirlərdə də vurğuladığı kimi, gəlirli sahələrdən hesab edilən pambıçılıqda yeni dövrün başlanması üçün əsas götürülməlidir. Dövlət başçısı bu sahəni inkişaf etdirməklə, həm də tekstildə irəliləyişə nail olmağın mümkünlüyünü vurğuladı. Bunun da ölkəyə külli miqdarda valyuta gətirməsi, həm də əhalinin gəlirlərinin artması baxımından əhəmiyyətli olacağına diqqət çəkilir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir, həmçinin tütünçülük və çayçılıq. Bu sahədə də bizim böyük ənənələrimiz var. Sovet dövründə nə qədər pambıq yığılırdı - 1 milyon ton. Çay, tütün. Biz bu sahələri canlandırmalıyıq".

Bəs görəsən bu məsələ hansı formada öz həllini tapmalıdır? Pambığı əkən, becərən, onu tarlalardan toplayan, bununla yanaşı vəsait sərf edən fermer nə etməlidir ki, həm özü qazana bilsin, həm də neçə-neçə ailənin dolanması üçün şərait yaratsın? Yəni maraqlıdır, görəsən, dövlət başçısının bu çıxışından sonra pambıq qəbulu məntəqələri və ya zavodlar pambığı baha qiymətə almağa can atacaqlarmı? Çünki ötən il Azərbaycanda16 min hektar sahədə pambıq becərilib. Bu göstərici 2014-cü illə müqayisədə 7 min hektar azdır. Buradan belə bir nəticəyə gəlmək olur ki, pambıqçılıq gəlirsiz sahəyə çevrildiyi üçün ildən-ilə onun əkildiyi sahələr də azalıb. Hətta iş o yerə çatdı ki, istehsalçılar pambığı yığmağa belə maraq göstərmədilər. Bu həm də məhsuldalıq üçün ciddi zərbə oldu. Fermerin məhsulu sahədən yığmaması onun bitkinin üzərində qalaraq qurumasına, nəticədə də çəkisini itirməsinə səbəb oldu. Bu amil onsuz da ucuz qiymətə satılan pambığın daha az gəlir gətirməsi ilə nəticələndi. Əgər qurumadan öncə bir traktor qoşqusu həcmində təzə yığılan pambığın çəkisi 3 ton gəlirdisə qurumadan sonra bu, 2 tona qədər aşağı düşdü. Bəzi hallarda isə fermerlər alıcı tapa bilmədi və yaxud da zavodlar pambıq əkənlərlə bağladıqları müqavilələrə əməl etmədilər. Fermerlər zavoda təhvil verilən pambığın bir kiloqramı üçün 41 qəpik almalı olduqları halda zavodlar onlara bu vəsaiti vermək imkanını tapmadı. Pambığın 38 qəpiyə satılması isə fermerlərə sərf etmədi. Çünki bu məhsulun bir kiloqramının becərilməsi üçün 35-40 qəpik vəsait xərclənir. Məhsuldarlıq az olanda isə bu artır. Xatırladaq ki, pambıq əkmək üçün toxumluq çiyidin 1 kq-nın qiyməti - 40 qəpikdir. 1 hektar sahəyə isə 50-60 kq çiyid səpilir. Məsələ yalnız Kənd Təsərrüfatı Nazirliyinin müdaxiləsindən sonra həll olundu. Bütün istehsalçılardan pambığın qəbulu elan edildi və qiymətlər müəyyənləşdirildi. Ötən il pambığın 1 tonunun satışı üçün 1-ci növ pambığa görə 380, 2-ci növ üzrə 360, 3-cü və 4-cü növlərdən ötrü müvafiq olaraq, 350 və 330 manat müəyyən olundu.

Dünya bazarında isə 1 ton mahlıcın qiyməti 1400-1500 dollardır. Yəni 1 kq mahlıc 1 dollar 40 sent və ya 1 dollar 50 sentə satılır. Bu manat ekvivalentində təqribən 1 kq mahlıca görə 2 manat 40 qəpik edir. Belə görünür ki, prezidentin tövsiyyəsinə əməl edib istehsalçıdan alınan pambığın qiymətini qaldırmaq üçün imkan var. Bununla belə pambığın maya dəyərinin aşağı salınması da gündəlikdə duran əsas məsələlərdən biridir. Əkin sahələrinin genişləndirilməsi isə maya dəyərinin aşağı salınmasında mühüm rol oynaya bilər. Pambıq emalı zavodları isə yeni texnologiya tətbiq etdikləri halda pambığın becərilməsi və emalından böyük gəlir Azərbaycanda qalacaq. Nəzərə almaq lazımdır ki, bu sahə əyirici, toxuculuq və tikiş fabriklərini də ucuz məhsulla təmin edərək işini stimullaşdırardı.

Dövlət başçısının məlum çıxışından sonra həm fermerlər, həm də zavodlar bu sahəni inkişaf etdirmək üçün hərəkətə keçiblər. Məhsulun qiyməti artarsa, fermerlərin zəhməti də hədər getməz fikri indi əsas şüara çevrilib. Keçən il 5 hektar sahədə pambıq əkərək 25 ton məhsul əldə edən fermer üçün hər 1050 manata başa gəlibsə bu il vəziyyətin yaxşı olacağı gözləntiləri var. Məhz bundan sonra pambıq əkmək istəyənlərin sayının artacağı da gözlənilir.

Şəmil Əhmədov - fermer: "Ötən il bizdə bir az maliyyə cəhətdən çətinliklər oldu, pambığı gec yığdıq, sahələrdə çox qaldı, fikir verən olmadı. Amma bu il hörmətli prezidentimiz müşavirə danışığından sonra pambıqçılığa meyl artıb, fermerlərə maraqlı gəlib, müqavilə bağlıyırlar. Qiymətdə artım olsa bütün hamı üçün əlverişli olar, hər şeyin qiyməti qalxıb, pambıq da 42 qəpikdir, lazımdır ki, qiymət bir az artırılsın, hamı meyllidir, çox olsun hektarlar artsın".

Zavodlar da artıq bu işdə maraqlıdırlar. Onlar fermerlərlə hələ indidən anlaşmaya getməyə önəm verirlər.

Kamal İsayev - Bərdə Pambıq İstehsalı və Emalı Zavodunun baş aqronomu: "Müraciət edənlərin sayı artıb, ancaq indi biz də müəyyən yerləri seçirik - əkin üçün yararlı, su ilə tam təmin olunmuş yerləri götürürük ki, pambıq üçün bu, çox vacib olan amillərdir".
Amma bütün hallarda əgər həm fermerlər, həm də zavodlar maraqlı olarlarsa, qeyri-neft sektorunun mühüm sahəsi kimi pambıqçılıqda irəliləyişə nail olmaq mümkündür. Nəzərə alsaq ki, bir zamanlar Azərbaycanda 1 milyon ton pambıq istehsal etmək mümkün idi. Əgər cəhd olunarsa, bu göstəriciyə yenə də nail olmaq mümkündür. Vacib olan fermerlərin gəlir götürməsi fonunda hektarları artırmağa maraqla yanaşmalarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.