Cəmiyyət

Bakı metrosu: kondisioner aksiyası başlandı

2 İyul 2015 22:17
3 Şərh     Baxış: 2 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qoy hamı metroya minəndə maşinist rabitəsi ilə bildirsin ki, "xahiş edirəm, havalandırmanı işə salın".

Nəticədən və cavabdan asılı olmayaraq hər dəfə".

Bunu Hüseyn Bey İsmayıl adlı Facebook istifadəçisi "Metro qatarlarında kondisionerlər quraşdırılsın!" adlı yaradılan "event"də yazıb.
Bakının metro qatarlarında isti yayı unutduracaq kondisionerlər olmadığından sərnişinlər virtual aksiyaya başlayıblar.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, Fuad Dargahli adlı istifadəçi yazır ki, Bakı metrosunda istifadə edilən qatarların (son alınan yeni qatarlar istisna olmaqla) heç birində kondisioner quraşdırmaq texniki baxımdan mümkün deyil: "Uzaqbaşı stansiyalarda böyük həcmli kondisioner yerləşdirə bilərlər, nəzəri cəhətdən. Aksiya-maksiya boş şeydir. Bir halda ki, Zaparojes saatda 200-lə gedə bilməz, buna aksiya necə kömək ola bilər?"

"Dostlar, bu, sadəcə, ictimai qınaqdır. Qoy qatarlarımızın hamısında kondisioner sistemi olsun", - deyə Anar Melikov adlı Facebook istifadəçi bildirir.

"Event"i yaradan Kənan Qasımlı yazır ki, metroda istidən bişmədən, başdan-ayağa tər-su olmadan, iydən boğulmadan sağ-salamat gedib lazım olan stansiyaya çatmaq mümkünsüz olub:

"Hər qatara 4 kamera quraşdıra bilirlər, amma kondisioner yox?! Hökumətin aidiyyatı qurumlarından tələb edirik, metro qatarlarında kondisionerlər quraşdırılsın!"

"Tər, iy, basabas"

Gənc fəal Kənan Qasımlı deyir ki, əvvəllər metroda bu qədər isti də olmurdu: "Tələbimin səbəbi metro istifadəçisi olmağımdır.

Demək olar ki, hər gün istifadə edirəm. Və istidən çox pis vəziyyətə düşürəm. Tər, iy, basabas. Metropoliten rəsmiləri deyir, köhnə qatarlarda kondisioner quraşdırmaq mümkün deyil. Amma razı deyiləm. 

Yeni qatarlarda kondisioner var. Yəni, qatara kondisioner quraşdırmaq, ümumiyyətlə, mümkün olan bir şeydir.
Köhnə model maşına da kondisioner quraşdırmaq olur. Lap kondisioner olmur, havalandırma sistemini gücləndirsinlər. Hər nə edirlər etsinlər, amma vətəndaşlar razı qalsın. İşgəncə olub rəsmən metroda gedib-gəlmək. Bəzi yoldaşlar deyir, interval azaldılsın, basabas olmasın, isti də azalsın. Doğrudur. Bu da olmalıdır, amma qatarda basabas olmayanda da insanı tər basır".

"Əgər çöldə hava 35 dərəcədirsə..."

Əgər çöldə havanın temperaturu 35 dərəcədirsə, bu havanı içəri vurmağa ixtiyarımız yoxdur.
Bakı Metropoliteninin sözçüsü Nəsimi Paşayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, yeni alınan və hər biri 5 vaqondan ibarət 3 qatarda iqlim nəzarətçisi var:

"Amma köhnə qatarlarımızda kondisioner sistemi quraşdırmaq mümkün deyil, təbii havalandırmaya hesablanıb. Havalandırma da tunellər vasitəsilə olur. Stansiyalarda havalandırma problemi yoxdur, ancaq əsas çətinliyimiz qatarların sərinlədilməsidir. Belə bir normativimiz var, əgər çöldə havanın temperaturu 35 dərəcədirsə, bu havanı içəri vurmağa ixtiyarımız yoxdur. Bakının da istisini bilirsiz".

O, sərnişinlərin sərin vaqonlardan istifadə tələbini haqlı sayır, amma deyir ki, əvvəlki qatarlara kondisioner qoymaq texniki və təhlükəsizlik baxımdan mümkün deyil:

"Vaqon parkımızda yeni qatarları nəzərə almasaq, 266 vaqonumuz var, onların heç biri istismar müddətini başa vurmayıb. İstismar müddətini başa vurmayan vaqonların xətdən çıxarılması real görünmür. Sadəcə, bundan sonra istismardan çıxarılan qatarlar daha müasir, komfortlu qatarlarla əvəzlənəcək".

Bir qatarın istismar müddəti 25-30 il müddətinə hesablanıb. Nəsimi Paşayev yeni alınan qatarların xətdən çıxarılması ilə bağlı söz-söhbəti də əsassız saydı, dedi ki, həmin qatarlar müxtəlif xətlər üzrə işləyirlər:

"Kimsə yazır ki, 10-15 dəqiqə gözlədim, gəlmədi. Bir qatarın deyək ki, Həzi Aslanovdan çıxıb geri qayıtması bir saat çəkir. İnanmıram, kimsə oturub bir saat gözləsin".

Sosial şəbəkə istifadəçilərini həm də o narahat edir ki, Avtovağzal Kompleksi yaxınlığında tikilən metro stansiyası hələ hazır deyil. Nəsimi Paşayev deyir ki, stansiyanın tikintisində maliyyə məsələləri ucbatından ləngimələr yaranıb və stansiyanın bu ilin sonunda istifadəsi mümkün olmayacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.