Cəmiyyət

Əbədi olan dəyər

28 İyun 2015 19:02
3 Şərh     Baxış: 3 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı 2015 Avropa Oyunları dünya gündəmindədir. Bu Azərbaycan müstəqilliyi, eləcə də Avropa idman tarixində yaşanan əlamətdar hadisədir. Olimpiya oyunları qədim Yunanıstan, Afinanı xatırladan kimi, bundan sonra da əsrlər keçəcək və Avropa oyunları deyərkən Azərbaycan, Bakı yada düşəcək. Bu oyunun yüksək səviyyədə təşkil edilməsi isə Azərbaycan adını dünya idman tarixinə qızıl hərflərlə yazmış oldu. Elə oyunların açılış mərasimini də özünəməxsus şəkildə qeyd etdi Azərbaycan. İqtisadiyyatını, tarixini və gələcəyini, mədəniyyətini elə mədəniyyətin dili ilə şərh etdi. Mərasimin ilk anlarında səhnədə görünən minədək rəqqasənin ətəkləri isə olduqca diqqətçəkici idi. Çünki, 16 min kvadratmetr parçadan tikilən bu ətəklər Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Növbəti süjetimizin ərsəyə gəlmə səbəbi də həmin ətəklər oldu - həmkarlarımız Azərbaycanda xalçaçılıq sənəti haqda araşdırma aparmaq həvəsinə düşdülər. Beləliklə, ölkəmizdə xalçaçılıq sənətinin dünəni və bu günü "Bu həftə"də əks olunacaq.

Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Tarixi qaynaqlar III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir. Bunlarla bağlı Herodot, Ksenofont kimi qədim dünya tarixçilərinin əsərlərində də müxtəlif məlumatlar var. Kəpəz TV (Region TV) xəbər verir ki, elə bu gün də Azərbaycan xalçaları dünyaca məşhurdur.

Vidadi Muradov, "Azər İlmə" MMC-nin rəhbəri: "Xaricdə - deyək ki, İtaliyada Şirvan qrupunun xalçalarını daha çox sevirlər. Amerikada Qazax, Qarabağ qrupu sevilir".

Bəli, Azərbaycan xalçaları qruplara bölünür. Bu qruplar ölçü, naxış, toxunma texnologiyasına görə fərqlənır. Başqa sözlə, Azərbaycan Təbrizi, Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ xalçalarının özünəməxsus "standart"ları var.

Humay Məmmədova, "Qədim Quba Xalçaçılıq" MMC-nin direktoru: "Əsas toxuduğumuz xalçalar Quba xalçalarıdır ki, bunların da içində daha çox yeri "Çiçi" xalçaları tutur. Onların da çeşidi çoxdur - Alça gül çiçi, Qollu çiçi, Xırdagül çiçi, Pirəbədil daha çox sevilən xalçalardır. Qollu çiçidə insan qoluna bənzətmələr var. Pirəbədildə buynuzlar, dəvə karvanı əks olunub. Quba xalçaları yarandığı yerin işgüzarlığını, təsərrüfatını özündə cəm edir".

Vəsifə Hacıyeva, Naxış Xalçaçılıq Müəssisəsinin rəhbəri: "Məşhur Qazaxın Ulduzları, Dəmirçilər, Qarayazı, Qaraçöp, Çalabert xalçaları var ki, onlar Qazax xalçaları üstündə toxunur. Bunlardan ən məşhuru dünyada, eləcə də ingilislər arasında tanınan "Star Qazax" xalçasıdır. Azərbaycan gerbində təsvir olunan 8 guşəli ulduz həmin xalçada əks olunub. 15 il bundan öncə "Star Qazax" xalçasının bir parçası Almaniyada 300 min dollara satılıb.

Elə Azərbaycanda da qədim xalçalarımıza əntiq əşya kimi böyük dəyər verilir. Qruplardan başqaAzərbaycan xalçaları həm də kilim, verni, cecim, şəddə, sumax, xovlu və xovsuz, yun və ipək kimi növlərə bölünür. Hazırda xalça istehsalı müəssisələri xarici xammaldan istifadə etsələr də daha çox üstünlük yerli xammala verilir.

Vidadi Muradov: "Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Qazax bölgəsində yetişdirilən qoyunların yunları arasında fərqlər var. Biz gücümüz çatan qədər yerli məhsullara üstünlük veririk - əldə əyrilən iplərdən alırıq. Sonra həmin ipləri imkan daxilində yerli boyalarla boyayırıq. Hindistandan gətirilən göy, mavi rəngin alınması üçün istifadə edilən indiqo adlı boyadan başqa, digər boyaları öz meşələrimiz hesabına əldə edirik. Azərbaycanın meşələri boyaq maddələrilə zəngindir".

Vəsifə Hacıyeva: "İpi İçərişəhərdən İranlılardan alırıq. Kiloqramını 15-16 manatdan verirlər. Yaxın zamanlarda qırmızı ipin kiloqramını 20 manata verəcəklərini dedilər. Bilirsiz, təbii boyaqla işləyirik. Bu metod bir az əziyyətlidir".

Xana adlanan xalça dəzgahları taxta və ya dəmirdən hazırlanır. Xalçalar öncədən nəzərdə tutulmuş eskizlər, xalçaçıların dili ilə desək çeşnilər üzrə toxunur. Seçdiyi çeşnidə daha çox rəng çalarlarından istifadə olunması isə toxucunun nə qədər səbrli olmasından asılıdır.

Gülnaz Nurəhmədova, "Şəki-İpək" ASC-nin Xalça sexinin meneceri: "İpək xalça incə, sıxlığı yüksək olur. Bir kvadratmetrdə 490 min ilmə olur. Eyni ölçülü xalçalar var ki, biri 6 aya başa gəlir, digəri 9 aya. Səbəb rənglərin az və ya çox olmasıdır. Yəni 30-40 rənglə toxunan xalça var, 5-6 rənglə toxunanı da var. Rənglər çox olduqda ərsəyə gəlməsi vaxt aparır".

Xalçanı toxumaq onu yaşatmaq üçün görülən işlərin hələ hamısı demək deyil. Xalçanı araşdıraraq toxumaq, bu işin ustadlarını tapmaq, çeşni-çeşni, naxış-naxış öyrənmək vacibdir. Azərbaycan xalçalarının saflığını, gözəlliyini, tarixiliyini, toxunulmazlığını qorumaq, nəsildən nəsilə ötürmək məqsədilə bir çox bölgələrdə fəaliyyət göstərən xalçaçılıq müəssisələrində kurslar təşkil olunub.

Şəfəq Qarayeva, Heydər Əliyev Mərkəzinin Xalçaçlılıq dərnəyinin xalçaçı-müəllimi: "Burada 7 böyük, 10 kiçik dəzgahımız var. Kiçiklərdə tələbələr, böyüklərdə müəllimlər toxuyur. Burada işləyən xanımlar da vaxtilə dərnəyimizin tələbələri olublar. Əsasən universitet, kollec tələbələri dərsdən sonra bu xalq sənətinə yiyələnmək üçün gəlirlər".

Xalçaçılar deyir ki, bu sənətlə qədim adət- ənənələrə dəyər verənlər daha çox maraqlanır. Onlar bu işi musiqi ilə müqayisə edirlər. Yəni bəstəkarın məhsuluna musiqi ifaçısı can verdiyi kimi, rəssamın çəkdiyi əsəri də xalçaçı öz əməyilə canlandırır. Və yaxud insan taleyində buraxılan səhv kimi - xalçada da bir ilmədə səhv olduqda həmin qüsur sonrakı ilmələrdə də özünü büruzə verir.

Kəmalı Cəfərova, toxucu: "Xalçaçılığa marağım kiçik yaşlarımdan olub. Anamın nənəsi xalça toxuyan olub. Marağım ordan yaranıb. Artıq 14 ildir ki, mən də toxuyuram. Cavan qızları da öyrədirik. Çox maraqlıdır, bu xalq sənətidir. İstəyirik xalçaçılıq Şəkidə də inkişaf etsin".

Azərbaycan xalçaçılığı öz klassikliyini həmişə qoruyub. Başqa sözlə müasir xalçaçılıq metodlarından müəyyən qədər istifadə olunsa da, ənənəvi naxışlara, qədim üslublara daha çox üstünlük verilir. Elə buna görə də bazarda Azərbaycan xalçaları bahalı hesab edilir. Baxmayaraq ki, müasir dünya xalçaçılığının ucuz nümunələri bazara asanlıqla daxil ola bilir.

Mobil İmanov, keçmiş Xalça Kombinatının işçisi: "Xaricdən gətirilən xalçaların keyfiyyəti o qədər də yaxşı deyil. Baxırsan ki, eyni tonlardan istifadə edilib. Bilirsiz xalça toxunmasında 5 rəngdən istifadə olunur. Çünki, prizmanın 5 üzü var və hər üz yalnız bir rəng verə bilir. Toxunuşda 11 min 552 sap iştirak edir. Baxan kimi hansı çatışmazlıqların, hansı qüsurların olduğu bilinir. Bəlkə də bunu hər adam bilmir. Biz həmin dəzgahlarla işlədiyimiz üçün bilirik".

Söhbət sənaye üsulu ilə əldə edilən xalçalardan gedir. Bu sahədə də Azərbaycan vaxtilə öz sözünü deyib. 1963-1988- ci illərdə Gəncədə fəaliyyət göstərən Xalça Kombinatında 2000-dən çox fəhlə çalışırdı.

Mobil İmanov: "Layihə gücü ildə 730 min kvadratmetr xalça idi. 1977-ci ildə 2 milyon 100 min kvadratmetr verdik. Ö dövrdə Gəncədə Gil-Torpaq zavodundan sonra ikinci müəssisə idi ki, şəhər gəlirlərinin 30%-ni təşkil edirdi".

Fəaliyyətini dayandırmış bu müəssisə ilə bağlı sual yaranır - Görəsən Xalça Kombinatının yenidən bərpa edilməsi mümkündürmü? Burada olan və vaxtilə 7 saat ərzində 35 kvadratmetrdən çox xalça toxuyan 110 dəzgahın aqibəti necə olacaq?

Mobil İmanov: "Həmin dəzgahların istismar müddəti 50 ilə yaxın idi. Vaxtından 55 il keçib. Onun çox hissəsi latundandır, karroziyaya uğramağa meylli detallardır. Onların yenidən işə salınması çox çətin olar və baha başa gələr. Liflərini tapmaq qeyri- mümkündür. O zaman Hindistandan gətirilirdi həmin liflər.

Odur ki, yüngül sənayenin inkişafı çərçivəsində kombinatın yalnız müasir standartlar əsasında bərpasımümkün ola bilər. Xalçaçılığı yaşadan Azərbaycan çox güman ki, buna da imza atacaq. Çünki, xalçaçılığın sənaye üsulu ilə istehsalı üçün əlverişli şərait, o cümlədən yerli xammal var.... Xalçaçılığı yaşatmaq üçün ölkədə muzeylər açılır, Azərbaycan beynəlxalq miqyaslı müxtəlif sərgilərdə iştirak edir, PR kompaniyaları təşkil edir. Elə Bakı 2015 Avropa Oyunlarının qaliblərinə verilən xatirə hədiyyələri də bizim xalçaçılıq rəmzlərimizin çox uğurlu təbliğidir. Bu düşünülmüş PR kampaniya Azərbaycan xalqının xalq tətbiqi sənətinin qollarından olan xalçaçılığa verdiyi dəyəri əks etdirir... Zaman dəyişir, zamanla birgə insanlar da, zövqlər də. Lakin elə dəyərlər var ki, onlar əbədidir. Bütün zamanlar və məkanlar üçün öz aktuallığını, dəyərini qoruyur. Bizim Xalçaçılıq sənəti kimi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.