Cəmiyyət

Bakı küçələrində vəhşilik: onları qanlarına qəltan edirlər - VİDEO - FOTO

4 Mart 2015 17:09
23 Şərh     Baxış: 9 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda küçə itlərinin vəhşicəsinə öldürülməsi yeni məsələ deyil

Milli.Az xəbər verir ki, virtualaz.org saytı da bu haqda bir neçə dəfə məlumat verib.

Sahibsiz küçə itləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamentinin əməkdaşları tərəfindən günün günorta çağı, insanların gözü qarşısında vəhşicəsinə öldürülür. BŞİH əməkdaşları bunu uşaqların, xəstə adamların gözü önündəcə həyata keçirirlər.

Bakı və ətraf qəsəbələrin sakinlərinin sahibsiz küçə itlərindən şikayəti olsa da əksər vaxt təhlükə mənbəyinə (it qapması, quduzluq xəstəliyi və s. baxımından) çevrilən bu heyvanların vəhşicəsinə öldürülməsinə etiraz edən insanlar da az deyil.

Küçə itlərinin onlara zərər verəcəyindən qorxan sakinlər BŞİH-ə müraciət edir. BŞİH-dən də bir neçə dəfə verilən rəsmi açıqlamada da bildirilib ki, bu cür şikayətlərin sayı-hesabı yoxdur. Hətta şikayətlər o qədərdir ki, meriya heç bir monitorinq keçirməyə vaxt tapmır. Onlar elə sakinlərin şikayəti əsasında küçə itlərinin çoxalmasının qarşısını almağa, onları məhv etməyə, ovlamağa çalışırlar. Özü də heç bir monitorinq aparmadan, quduz olub-olmadığını yoxlamadan. Sadəcə güllələməklə...

Sakinlərin sahibsiz itlərdən qorxmasını, quduz itlərdən qorunmaq üçün müvafiq qurumlara müraciət etməsini anlayışla qarşılamaq olar. Belə quduz heyvanlar Avropa ölkələrində də öldürülür. Amma bizdəki kimi vəhşicəsinə yox!

Bəzən Bakı küçələrində özünü ovlaqda hiss edən əlisilahlı şəxslər də görürük. Onlar əllərində tüfəng paytaxt küçələrində necə deyərlər, "qan edir". Küçə itlərini istədikləri şəkildə, istədikləri yerdə öldürürlər. Bəzən isə onlar hədlərini daha da aşaraq bu hərəkətlərinə etiraz edən sakinləri belə silahla hədələyir, onlardan "işlərinə qarışmamağı" tələb edirlər.

Bəs vəhşicəsinə öldürülən itlər sonra hara aparılır? Onlar necə məhv edilir?

Yəqin ki, küçə itlərinin öldürülməsinin şahidi olan hər kəs bu suallara cavab axtarıb.

Bu gün bir qrup heyvansevərin virtualaz.org saytına təqdim etdiyi videogörüntülərdə bu suallara cavab tapa bilmişik. Təqdim edilən videogörüntülərdə vəhşicəsinə öldürülən itlərin daha sonra necə məhv edildiyinin şahidi oluruq. Məlum olur ki, Bakıda öldürülən küçə itləri Balaxanı qəsəbəsində Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamentinə məxsus ərazidə kütləvi şəkildə yandırılır.

Belə görünür ki, bu itlərin yandırıldığı yer BŞİH-in krematoriyasıdır. Çünki bir müddət əvvəl BŞİH-dən verilən açıqlamada bildirilirdi ki, onlar sahibsiz quduz itləri öz krematoriyalarında yandırırlar.

Küçə itləri bura ya öldürülüb gətirilir, ya da gətirilib burada öldürülür. Görüntülərdən də aydın olur ki, küçə itlərinin quduz olub-olmaması əsla yoxlanılmır. Çünki öldürülən və yandırılan itlər arasında küçüklər də var. Onlar sadəcə çoxalmasın deyə məhv edilir.

Bu isə onu göstərir ki, küçə itlərinə qarşı mübarizə düzgün şəkildə aparılmır. Əgər küçə itlərinə qarşı mübarizə doğru şəkildə aparılırsa, necə olur ki, küçə itlərinin sayı ildən-ilə artır?

Bəs heyvanları vəhşicəsinə öldürməməklə onların artmasının qarşısını necə almaq olar?

Ekspertlər deyir ki, küçə itlərinin qarşısını almaq və bu problemin həlli axtalanma üsulunun (kastrasiya) tətbiqi və ya sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsidir. Axtalanma prosesi həyata keçirilərsə, bu problemin həllinə maksimum 15 ilə nail olmaq mümkündür. Çünki itlər 12-15 il yaşayır. Axtalanma üsulu tətbiq olunsa, itlər nəsil vermədən 12-15 il sonra öləcəklər.

Digər humanist üsul da var. Sığınacaqlarda saxlanılan itlər evdə saxlanılması üçün heyvansevərlərə verilə bilər. Avropada belədir.

Problemin bu cür həlli dövlət büdcəsinə də xeyir verərdi, ən azı zərər vurmazdı. Çünki sahibsiz itlərin öldürülməsi üçün hər il vəsait ayırmağa ehtiyac qalmazdı.

Sahibsiz heyvanlarla bəs xarici ölkələrdə necə mübarizə aparılır?

Məsələn, qonşu Türkiyədə küçə itləri ilə mübarizə aparılmır. Buna heç dövlət də icazə vermir. Küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən müayinə edilir, vaksinasiya olunur. Bununla da sahibsiz heyvanlardan zərər gəlməyəcəyinə əmin olurlar. Peyvəndlənən heyvanları digərlərindən ayırmaq üçün qulaqlarına sırğa ("birka") da taxırlar.

Avropa ölkələrində isə heyvanları öldürmək nəinki qadağandır, hətta itini zəncirləyən şəxsləri də cərimələyirlər. Bu cərimə 10-15 min avro civarında olur.

Almaniya konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək belə olmaz. Əgər çəkilişlər onlara əziyyət verərsə, buna icazə yoxdur.

Xatırladaq ki, Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub.

Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb.

Lakin "Canlı Aləmin Mühafizəsi Alyansı" İctimai Birliyinin sədri Mənsurə Rəsulzadənin fikrincə, bütün bunlara baxmayaraq sahibsiz heyvanlara qarşı zorakılıq vaxt keçdikcə artır və bunun qarşısının alınması üçün heç bir iş görülmür.

Birlik rəhbəri virtualaz.org saytına açıqlamasında dedi ki, Azərbaycan bu konvensiyaya qoşulandan sonra bütün işlər Dövlət Baytarlıq Xidmətinə həvalə olunmalı və bu xidmətin fəaliyyəti gücləndirilməli idi: "Amma bu işləri hələ də Bakı Şəhər İcra Hakimiyyətinin strukturu həyata keçirir. Onların isə məsələyə yeganə yanaşması var: heyvanlar quduzlaşıbsa, öldürülməlidir. Amma Avropa Konvensiyasına görə, ayrıca laborator təsdiqləmədən sonra bu işi Baytarlıq Xidməti həyata keçirməlidir".

M.Rəsulzadə küçə itlərinin öldürülməsində maraqlı olan şəxslərin olduğunu və bu yolla dövlət büdcəsindən külli miqdarda vəsaitin silindiyini söylədi: "Heyvanları öldürən qurumların maraqları baxımından desək, öldürülən heyvanların statistikası çox böyükdür. Rəsmi statistikaya görə, 2009-ci ildə Bakıda 56 min, 2010-cu ildə isə 79 min sahibsiz it öldürülüb. Bu statistika təkcə Bakı şəhəri üzrə verilib. Heç Sumqayıt şəhəri də bu statistikaya daxil edilmir. Bu statistika həqiqəti əks etdirmir. Çünki Bakıda bu qədər sahibsiz küçə iti yoxdur. Sadəcə olaraq büdcədən pul silmək məqsədi ilə bu cür şişirdilmiş say göstərilir. Bir itin öldürülməsinə 30 manat pul xərclənilir. Bu məbləğ indi daha çoxdur".

QHT sədri deyir ki, statistika Dövlət Baytarlıq Xidmətinin aldığı vaksinlərin sayına əsasən verilir: "Lakin hesabat verilərkən Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, biz bu qədər quduz heyvan öldürdük".

M.Rəsulzadənin sözlərinə görə, respublikada quduz heyvanların olması ifadəsini işlətmək cinayətdir: "79 min quduz heyvanın öldürlüdüyü bir ölkədə heç bir beynəlxalq tədbirin keçirilməsinə icazə verilməməlidir. Çünki bu, o deməkdir ki, ölkə karantin altındadır, bu da ən böyük epidemiyadır. Beynəlxalq təşkilatlardan Azərbaycana nümayəndələr gələndə bu statistika ilə maraqlandılar. Onlar bildirdilər ki, Azərbaycanda heyvan qırğını ilə məşğul olurlar. Göstərilən statistika ildən-ilə də artırılır. Bu da daha çox vəsaitə nəzarət imkanları deməkdir. Sahibsiz Heyvanlara Qarşı Mübarizə Departamenti ilə danışıqlarımız nəticə vermir".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videoları izləmək üçün şəkillərə klikləyin.

фото

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.