Cəmiyyət

Konturlar niyə qiymətindən baha satılır?

18 Sentyabr 2014 17:05
0 Şərh     Baxış: 6 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil operatorlar: Müstəqil fəaliyyət göstərən satıcılar qiymət siyasətinə təsir etmək hüququna malik deyilik

Mobil telefon danışıq kartlarının üzərində qiymətləri yazılsa da, bəzi kiçik mağaza və səyyar satışlarda konturlar 10-20 qəpik bahasına satılır. Bu da təbii olaraq, alıcıların narazılığına və çaşqınlığına səbəb olur.

Bakı sakini Günay Mehdiyevanın sözlərinə görə, bir neçə dəfə köşk, kiçik mağazada və ya səyyar satışda "Bakcell" və "Azercell" konturu aldıqda, konturu ona 20 qəpik baha satıblar: "Niyə baha satıldığını soruşanda isə "bizə də baha qiymətə gəlir" deyə cavab verirlər".

"Sahil" metrostansiyasının yaxınlığındakı mağazaların birində satıcı işləyən, özünü təqdim etmək istəməyən şəxsin sözlərinə görə, mobil telefon operatorları danışıq kartlarını onlara baha satır: "Kontur satışlarından gəlir qazana bilmirik. "Bakcell" və "Azercell"in 1 manatlıq konturları bizə 99 qəpiyə satılır. Hər konturu satdıqda kassaya vuranda məbləğdən 4 faiz çıxılır. Nəticədə gəlir əldə etmək əvəzinə konturları 3 qəpik ziyana satırıq. Biz də ziyana işləməmək üçün əsasən, 1-2 manatlıq konturların qiymətinin üstünə 10-20 qəpik qoyub satırıq".

Onun dediyinə görə, mobil operatorlar bir manatlıq konturu 99 qəpik, 2 manatlıq konturu 1 manat 97 qəpiyə, 5 manatlıq konturu 4 manat 90 qəpiyə, 10 manatlıq konturu 9 manat 90 qəpiyə satırlar.

Konturların səyyar satışı ilə məşğul olanlar da konturun onlara 97-99 qəpiyə satıldığını bildirirlər. Deyirlər ki, bu səbəbdən də gəlir götürmək üçün konturları 10-20 qəpik baha satırlar.

Qeyd edək ki, əksər kiçik mağazalar sadələşdirilmiş vergi ödəyiciləridir. Yəni, onlar satdığı malın dəyərinin 4 faizini vergiyə ödəyirlər. Bu səbəbdən də əksər böyük marketlərdə ya heç kontur satmırlar, ya da xüsusi aparat vasitəsilə pulu ödədikdən sonra cihazdan kağız şəklində olan konturu verirlər. Bununla yanaşı, böyük marketlərdə mobil telefonda balansı artırmaq üçün "pie point"lərdən istifadə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlara hər gün konturların qiymətindən baha satılması ilə bağlı zənglər gəlir: "Bu, əlbəttə ki, istehsalçı hüquqlarının pozulmasıdır. Konturları istehsal edən biznes qurumları biznes etikasına əməl etmir, istehsalçı hüquqlarını tapdalayır və baha qiymətə mal təklif edir. Düşünürəm ki, biznes qurumları gərək bununla ciddi mübarizə aparsın. Onlar mübarizə aparmırlar. Səsləri çıxmır. Bu, o deməkdir ki, onlar özləri bu şəraiti yaradırlar. Və yaxud biznes qurumlarının kontur satanlarla müqavilələri elə şərtlərlə bağlanıb ki, onları hər şeydən məhrum ediblər".

Onun dediyinə görə, istehlakçılar konturların baha qiymətə satılması ilə əlaqədar dövlət orqanlarına, ictimai təşkilatlara müraciət edə, hətta məhkəməyə şikayət edə bilərlər.

"Bakcell" şirkətinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə "Bakcell" danışıq kartlarının qiymətində heç bir dəyişiklik etməyib. Şirkət bildirir ki, Azərbaycanda "Bakcell"in ödəmə kartlarını təklif edən 10 000-dən artıq müstəqil satış nöqtəsi mövcuddur. Bu satıcılar danışıq kartlarını "Bakcell"in distribyutor və ya vasitəçilərdən əldə edərək son istifadəçilərə satırlar. Bu cür satıcıların "Bakcell" şirkətinə heç bir aidiyyatı yoxdur. "Bakcell" müstəqil surətdə fəaliyyət göstərən satıcıların qiymət siyasətinə təsir etmək hüququna malik deyil. Qiymətlərin aydın və anlaşıqlı olması üçün "Bakcell" şirkəti hər kartın dəyərini kartın üzərində qeyd edir və abunəçilərə üzərində göstəriləndən fərqli qiymətə kart almamağı tövsiyə edir.

"Azercell"in mətbuat və nəşriyyat üzrə aparıcı mütəxəssisi Günay Məmmədli isə bildirib ki, "Azercell" abunəçiləri ödəmə kartlarını bütün rəsmi diler mağazalarımızdan nominalı üzərində olan qiymətə əldə edə bilər: "Bizim nominalların qiyməti dəyişməz olaraq qalır. Qiymətləri qaldıran əsasən qəzet köşkləri, səyyar kiçik satıcılardır. Səyyar satıcıların "Azercell"lə heç bir rəsmi əlaqəsi yoxdur. Bazar iqtisadiyyatına keçid və bunun əsas şərtlərindən biri də azad sahibkarlıqdır. Hər bir satıcı müstəqil sahibkardır və "Azercell" onların fəaliyyətinə heç bir müdaxilə edə bilməz. Sahibkarlar qiymət siyasətlərini müstəqil həyata keçirirlər.

Məsləhət görə bilərik ki, oxşar problemlərlə qarşılaşmamaq üçün abunəçilərimiz "Azercell"in rəsmi diler və distribyutor dükanlarına müraciət etsinlər".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.