Toz-dumandan başı açılmayan Bakı söküntülər şəhərinə çevrilib. Bu dəfə uzun müddətdir başı üzərində qara buludlar dolaşan metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən ticarət mərkəzinin növbəsi çatıb.Metronun "20 Yanvar" stansiyası yaxınlığındakı yarmarkanın köçürülməsi tapşırılıb; vətəndaşlar sevinir
Bu barədə xəbəri azvision.az saytı yayıb.
Məlumatlara görə, sahibkarlara xəbərdarlıq olunub və yaxın vaxtlarda "Velotrek"i boşaldacaqlar. Onlara kompensasiya verilib-verilməyəcəyi isə dəqiqləşməyib. Ola bilsin ki, ticarətçilərə başqa yarmarkada yer verilsin.
Xəbər portalının yaydığı məlumatı aydınlaşdırmaq üçün "Velotrek"də işləyən ticarətçilərlə görüşdük. Onların sözlərinə görə, ticarət mərkəzində çemodan ab-havası olmasa da, söküntü olacağını bilirlər. Bilirlər ki, "Velotrek"in ərazisi də köhnə avtovağzal sahəsinin gözünə qatılacaq.
Ticarətçilər deyirlər ki, xeyli vaxtdır aqibəti qeyri-müəyyən qalan ticarət mərkəzi tıxacların ən böyük baiskarı hesab olunur. Ona görə də qərara alınıb ki, yarmarka köçürülsün, alver yığışdırılsın. Sahibkarlar isə ticarətin ləğvini özləri üçün ən ağır zərbə sayırlar. Obyekt sahiblərini narahat edən dolanışıq yerlərinin əllərindən alınması təhlükəsidir. Ticarətçilər bir yanlışlığı düzəltməyi vacib saydılar. Əslində "Velotrek" yox, oradakı ticarət mərkəzi söküləcək.
Onların dediyinə görə, əksinə ticarət mərkəzini söküb "Velotrek"in ərazisinin genişləndirilməsi işləri gedir. Bu yerin satılması və yaxud sökülməsi gözlənilmir. Çünki Gənclər və İdman Nazirliyi bun imkan verməyib. Ticarət mərkəzində işləyən Vüsal bu haqda məlumatlıdır.
Ticarət mərkəzindəki bir çox obyekt sahibləri başqa yerə köçüblər. Yarmarkada istifadəsiz qalmış mağazalar çoxdur. Ticarət mərkəzinin arxa tərəfində bir hissəni söküb stadion tikirlər. Bu da söküntüyə başlanğıcdır.
Ticarət mərkəzində çalışanları dinlədikdən sonra "Velotrek"in həyətini müşahidə etdik. Meydançada qızğın yenidənqurma işləri gedir, avtovağzala bitişik hissə hasarlanıb, avtovağzalın sahəsi hələlik cərimə meydançası kimi istifadə olunur. Plana görə bu vağzalın ərazisində göydələnlərin inşası nəzərdə tutulub.
Velosiped meydançası isə təmir işlərinə bağlanıb. Yarmarkanın yerlə-yeksan olunması ilə bərabər Sumqayıta işləyən taksilərin də fəaliyyəti nizamlanacaq. Vətəndaşlar "20 Yanvar" metrosunun qarşısındakı eybəcər mənzərədən narazılıq edirlər. Sürücülər gecə-gündüz metronun qabağında müştəri haraylayır. Tıxaclardan isə danışılası deyil. Odur ki, ölkə rəhbərliyi velosiped meydançasının modernləşdirilməsi, bazara oxşayan "20 Yanvar" ərazisinin abadlaşdırılmasını tələb edir.
"Metronun qabağından keçmək olmur. Musiqi səsindən qulaq batır, hər tərəf iy verib iylənir. Yoldan keçənə sataşırlar, hər yeri zibillik ediblər. Sumqayıt avtobusları yığışdırılanda fikirləşdik ki, düzələr" deyə Yasamalın Alatava massivində yaşayan Səkinə Miriyeva gileylənir.
"Nə "20 Yanvar"ın adına hörmət qoyulur, nə bir baxılır. Gəlib baxsınlar, metronun qabağında bazar açılıb, meyvə də satırlar, alt paltarı da. Yaxşı olar ki, yarmarka ilə bir yerdə balaca dükanlar da sökülsün. Peraşki, siqaret, cürbəcür xırdavat satılan köhnə köşkləri söksünlər".
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.










