Cəmiyyət

Gənclər Fondu "Ən yaxşı sosial çarx" müsabiqəsini elan edir

16 İyul 2013 14:20
Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial çarxlar aşağıdakı istiqamətləri əhatə etməlidir:

- Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti;
- Vətənpərvərlik;
- Ekologiya və ətraf mühitin qorunması;
- Gənclik və təhsilin təbliği;
- Milli adət və ənənələrimiz;
- Müasir ailə dəyərləri.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları 1 sentyabr 2013-cü il tarixinədək Gənclər Fonduna təqdim etməlidir. Müsabiqəyə təqdim olunan qısametrajlı çarxların nəticələri 10 sentyabr 2013-cü il tarixində keçiriləcək təqdimat mərasimində elan ediləcək. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 7B, Sahil Biznes Mərkəzi, ofis 4.

Bütün yaradıcı gənclər müsabiqədə aktiv iştiraka dəvət olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.