Siyasət

Bakıda bu yollar bağlanır - SİYAHI

3 İyun 2016 11:30
1 Şərh     Baxış: 1 887

Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-Pri yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin  İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, paytaxtın mərkəzinə doğru Cənub tərəfdən - Neftçilər prospekti-Azneft meydanı istiqamətində Bayıl qəsəbəsi, 20-ci Sahə, Ələt-Astara-Salyan yolundan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:

"Bu gündən Neftçilər prospekti Azneft dairəsi tərəfdən - Bayraq meydanı istiqamətindən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci Sahə və ona yaxın ərazilərdən, 20-ci Sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşviq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci Sahə qəsəbələri, eləcə də Cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq, Afiyəddin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşviq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər".

Bölmə rəisi diqqətə çatdırıb ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.
 

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.