Siyasət

"New York Times"ın "fəal" ifşası və ya yalançılıq da ustalıq istəyir

23 Oktyabr 2014 21:56
Baxış: 2 793

Sərfəli, mənfəətli yalan təbii ki, qəbul olunması çətin həqiqətlə müqayisədə daha rahatdır. Aldanmaq və aldatmaq istəyənlər həqiqəti bircə dəfə görəndə geri çəkilirlər.
 

Azərbaycanda insan haqlarının "pozulması", "siyasi məhbus"ların varlığı kimi mif yaradıcılığının müəllifləri də həqiqəti əks etdirdiklərini deyirlər. Emosional danışırlar, Qərbdən yardım istəyirlər.
 

Onların hər biri öz həqiqətinin olduğunu söyləyir. Lakin bu şəxslər anlamaq istəmirlər ki, gerçəklə bağlı yalanların fərdi həqiqətlər kimi səsləndirilməsi ən sadə, hətta eybəcər yalana çevrilir.
 

Üstəlik, təxəyyüllər və uydurmaların həqiqət olduğu israrla təkrarlanda, siyasi gigiyena qaydaları pozulur.
 

...Azərbaycan vətəndaş cəmiyyətinin iki tanınmış nümayəndəsi" kimi təqdim olunan Günay İsmayılova və Samir Kazımlı ABŞ-ın "New York Times" qəzetində Azərbaycanda siyasi durum, insan haqları və vətəndaş azadlıqları ilə bağlı vəziyyətdən bəhs edən məqalə ilə çıxış ediblər.
 

Yazıda müxalifət düşərgəsinin illərdən bəri dəyişməyə ritorikası stilində "ölkədəki dözülməz vəziyyət"dən bəhs olunur və deyilir: "Siyasi fəallara və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı saxta ittihamlarla cinayət işləri qaldırılmış və onların bəziləri həbs edilmişdir. Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus... həbsxana həyatı yaşamağa məcbur ediliblər"
 

Müəlliflər daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda "insan hüqüqlarının kobudcasına pzulması faktları ilə bağlı" qərarlarının vəziyyətin dəyişməsinə heç bir kömək etməməsindən gileylənirlər.
 

Təbii ki, böyük qəzetdəki kiçik yazı ölkə müxalifəti tərəfindən az qala yeni "Moabit dəftəri" kimi təqdim olunub, müəlliflərin cəsarətlə davrandıqları vurğulanıb və dübarə o da deyilib ki, bəli, vəziyyət pisdir.
 

Hansı vəziyyət?
 

Söhbət müxalifətin vəziyyətindən gedirsə, doğrudur - hakimiyyətə qarşı çıxdıqlarını vurğulayan və bundan zövq almağı siyasi fəaliyyət hesab edənlərin düşdükləri situasiya yalnız ironiyaya səbəb ola bilər.
 

Mitinq və kütləvi yürüşlər keçirəcəklərini söyləyən, amma aksiyalarına vəd etdikləri saydan on dəfələrlə insanı güclə toplayan insanların siyasi perspektivllərinin illər əvvəl tükəndiyi bəlli. Di gəl, bu şəxslər gerçəkliklə barışmır və özləri üçün yaratdıqları xülyalar aləmində vurnuxmağa davam edirlər.
 

İllüziyalarınsa bir pis cəhəti var: onlar inanan insanları aldadır, reallıqla bağlı çox yanlış, fəsadlı təsəvvürlər yaradır və sonda da yalanlar danışan adamın özünü uydurmalarına şəkk etdirmir.
 

"New York Times"dakı yazının az qala Qərbin Azərbaycanla bağlı ittihamı, ultimatumu kimi xüsusi şövqlə müzakirə edilməsi də gerçəkliyin qavranmasındakı çətinliklər, yəni psixoloqlar demişkən, koqnitiv dissonansdan xəbər verir.
 

Leyla Yunus və ya Arif Yunus kimi şəxslərin istintaqa cəlb olunmalarını onların "həbsxana həyatı yaşamağa məcbur edilmələri" kimi vurğulanması da həqiqətdən çox uzaqdır.
 

Bu insanlar yaşam yollarını özü seçiblər və əfsuslar olsun ki, həmin yol ölkə vətəndaşlarının olduğu istiqamətdən kənardadır.
 

Leyla Yunusun, yaxud onun həyat yoldaşı Arif Yunusun "siyasi məhbus" sayılması ən azı insafsızlıqdır: bu şəxslər oniillər boyu "siyasi məhbus" anlamını siyasi biznesə, ictimai dairələrdən tutmuş, hakimiyyətədək ən geniş müstəvidə təzyiq vasitəsinə döndərmiş kəslərdir ki, fəallıqları da heç bir halda ideoloji məqamlarla izah oluna bilməz.
 

Ortada sadə, hətta primitiv maraqlar var. O maraqların arasında hətta maliyyə məsələləri, xaricdəki müxtəlif təşkilatlardan qeyri-hökumət təşkilatları üçün ayrılan qrantlardan pay verilən vəsaitlərdən bəhrələnmə motivlərinin olduğu da deyilir.
 

İddiaların sayı bilinsə də, onların faktoloji əsaslarını indi istintaq yoxlayır və məhkəmə qərarı olmadan kimlərinsə "həbsxana həyatı yaşamağa məcbur edilənlər" kimi qələmə verilməsi elə Leyla və Arif Yunusların lüğətindəki ən sevimli ifadələrdən olan məhkəməyə, ədalətə təzyiq sayılmalıdır.
 

"New York Times" qəzetinin iki vətəndaşımızın yazısını dərc etməsini rəsmi Vaşinqtonun Azərbaycan hakimiyyətinə sərt xəbərdarlığı kimi göstərmək də ən azı siyasi məzhəkədir.
 

Sözügedən qəzetin sırf insan haqları, söz azadlığı, demokratiya, vətəndaş cəmiyyəti və s. təki dəyərlərin bütün dünyada pərvəriş etməsinə çalışaraq fəaliyyətində yalnız və yalnız altruizm motivlərinə əsaslandığını düşünənlərin nəzərinə çatdıraq ki, "New York Times" media-biznes strukturu olmaqla yanaşı, həm də ABŞ-ın və dünyanın ən nüfuzlu qəzetlərindən biridir.
 

Təbii ki, Vaşinqtonda müəyyən dairələrin Azərbaycanla bağlı maraqları, hədəfləri və ya istəkləri, umacaqları olduğu üçün onlar rəsmi Bakının "əsəbləri ilə oynamaq", daha doğrusu, Azərbaycanı sinir sınağına çəkmək üçün belə kiçik yazıları mütəmadi gündəmə gətirirlər.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarınna istinada gəldikdə isə, Birləşmiş Ştatlar üçün insan və onun haqları müxtəlif zamanlarda, fərqli yerlərdə çox dəyişkən məna kəsb edir.
 

Əgər söhbət Ağ Evin hansısa ölkədə maraqlarının təminatı üçün yerli müxalifət qüvvələrinin - hətta onlar maskarad fiqurlarını xatırlatsalar belə - işə salınmasından və səhnəyə çıxarılaraq qəhrəmanlar kimi göstərilməsindən gedirsə, bəli, onda insan haqları ilə bağlı az qala Babilistanda gil kitabələrdə yazılmış sözlər yada salınır.
 

Amma elə həmin maraqlar insanı ən başlıca haqqı olan yaşamaq hüququndan məhrum etməkdən gedirsə, onda ABŞ baş verənləri "demokratiyanın təminatı" kimi mediada təsvir edir.
 

Həmin təsvir Yuqoslaviyanın darmadağın edilməsi, Serbiyanın parçalanması, Efiopiyanın bölünməsi, İraqın qan içində batması, Liviyanın viran qalması, Suriyada vətəndaş müharibəsi qırğırında 100 mindən artıq insanın ölməsi ilə müşayiət olunsa da, fərq etməz - əsas məsələ "Pax Americana", Vaşinqtonun istəklərinin tam yerinə yetirilməsidir.
 

"New York Times"ın da Vaşinqtondakı oyun qaydalarını pozaraq tam müstəqil siyasət yürütdüyünü düşünən sadəlövhlər yəqin Potomak çayının sahillərindəki binaların dəhlizlərində çeşidli ssenarilərin hazırlanmasından, Kapitoli təpəsindəki binada oturanlarınsa özlərini dünyanı birqütblü edəcək adamlar qismində hiss etmələrindən bixəbərdirlər.
 

Ola bilər və belə ehtimal var, çünki "New York Times" Azərbaycanda insan haqlarının "pozulması"ndan, "siyasi məhbus"lardan yazırsa - deməli, yeni sadəlövhlər tapılıb, onlar səhnəyə çıxarılıb.
 

Səhnədən pərdə arxasına uzanan kəndirləri görməmək artıq sadəlövhlük yox, Azərbaycanda yaşayıb bu ölkəyə çox sərt antipatiya bəsləməkdir.
 

Bu hissin isə adı məlumdur.

Toğrul Musayev

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.